Dövlət Universitetinin rektoru işdən çıxarıldı - Özəl

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən çıxarılıb.

AzNews.az-ın məlumatına görə, Nadir Qəhrəmanova Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri bu gün təqdim edilib.

Xatırladaq ki, Hesablama Palatası və Təhsil Nazirliyinin maliyyə idarəsi ilə birgə ölkənin bir sıra dövlət ali məktəblərində yoxlamalar aparır. SDU-nun rektorunun çıxarılmasının da bununla bağlı olduğu deyilir.

Nadir Qəhrəmanov AzNews.az-a xəbəri təsdiqləyib.

O, qeyd edib ki, vəzifəsindən çıxmasıyla bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət edib: "İşdən çıxmaq istəməm səhhətimdə olan problemlə bağlıdır.

Ərizə ilə müraciət etmişəm. Məndə olan məlumata görə, işdən çıxarılmağım hələ təsdiqlənməyib. Ürəyimdə isə ciddi narahatlıq var. Bir müddət əvvəl ürəyimdən cərrahi əməliyyat olunmuşam, iki "stend" qoyulub. Yaxın günlərdə bu "stend"ləri dəyişdirmək üçün Almaniyaya gedəcəyəm".

N. Qəhrəmanov universitetdə aparılan yoxlamalara da münasibət bildirib: "Mənim işdən çıxmağımda yoxlamalarla bir bağlılıq yoxdur. Yoxlama bitib, monitorinq də aparılıb. Xırda pozuntular da var ki, bunlar o qədər də ciddi məsələ deyil. Bunlar işdən azad olunmağım üçün əsas ola bilməz. Sadəcə iş ağır olduğu üçün dözməkdə çətinlik yaranır".


Ruhiyyə
AzNews.az