Xocalı faciəsinə həsr olunan avtoyürüş keçirildi

Almaniyada Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, alman xalqının diqqətini ermənilərin 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə Almaniyanın Maqdeburq şəhərində avtomobil yürüşü təşkil olunub.

Maqdeburqda fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də "Ermənilər Qarabağdan çıxmalıdır!" "Xocalıya ədalət!" və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək yerli sakinlərin marağına səbəb olub.

Aksiya müddətində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qəddarlıqlar, haqsızlıq və vəhşiliklər haqqında yerli sakinlərə məlumat verib və onların suallarını cavablandırıb.

Qeyd edək ki, Almaniyanın Berlin, Drezden, Bielfeld və digər şəhərlərində də Xocalı faciəsinə həsr olunmuş avtomobil yürüşü, mitinq və anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

AzNews.az