Bakıda hakim küçədə sürücünü döydü

Bir neçə gün əvvəl Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə "Azpetrol" Şirəktlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşları gəlib, sürücü həbs edilib.

Hüquq mühafizə orqanlarındakı etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə, hadisəyə səbəb R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olub: "Qaydanı pozmasına baxmayaraq hakim avtomobildən düşürək sürücünü söyməyə başlayıb və sonra onu vurub. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək İdarəyə gətiriblər. Burada onu barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb. Sürücünün günahı təsdiqlənərsə onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir".

Mənbə bildirib ki, baş verən olay yaxınlıqdakı nəzarət kamerası tərəfindən qeydə alınıb. Qeydlərə baxış keçirilərkən davaya hakim Rauf Əliyevin təşəbbüs etdiyi əksini tapıb. Qaynaq daha sonra bildirib ki, hazırda iş Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanov tərəfindən araşdırılır. "Müstəntiq işə qərəzlə yanaşır, yuxarıda bəhs olunan videogörüntüləri gizlədir, sürücü İlqar Paşayevin əlində heç bir əşya olmadığı halda CM-ninin 221.3-cü maddəsi ilə cinayət işinə başlayıb. Rauf Əliyev öz hakim səlahiyyətindən istifadə etməklə sürücünü tutdurmaq istəyir. Müstəntiq Elşən Zamanov da işi bu istiqamətdə aparır"deyə mənbə vurğulayıb.

AzNews.az