Astarada qohumlar bir-birinin qanını tökdü

Astarada yaxın qohumlar arasında mübahisə qanlı sonluqla bitib.

AzNews.az xəbər verir ki, Astarada baş verən bıçaqlanma hadisəsinə yaxın qohumlar arasında illərdir davam edən münaqişənin səbəb olduğu deyilir.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə bu gün Astara şəhərindəki maşın təmiri sexlərindən birində baş verib. Yaxınlarının bildirdiyinə görə, Kələdəhnə kənd sakini, 24 yaşlı Əli Nuriyev işdə olduğu zaman 4 qohumunun hucumuna məruz qalıb.

Təqsirləndirilən şəxsin atası Məstəli Nuriyev deyir ki, 3 qardaş, bir də onun bacanağı, gəliblər uşağın iş yerində başlayıblar onu döyməyə. "Torba ilə, dubinka ilə. Uşaq da orda maşın remont edir, əlində "otverka", bıçaq olub. Nə olubsa vurub".

Əli Nuriyevin bıçaqla xəarət yetirdiyi 33 yaşlı Səbuhi Quliyev və 52 yaşlı Fikrət Salmanov dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və hər ikisi üzərində cərrahi əməliyyat aparılıb. Ürək nahiyyəsindən əməliyyat edilən Astara rayon pedaqoji texnikumunun müəllimi Səbuhi Quliyevin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Həkim cərrah Rasif Axundov bildirir ki, hal-hazırda xəstənin vəziyyəti çox ağır olaraq reanimasiya şöbəsində yerləşdirilib.
"İkinci xəstə Salmanov Fikrətdir, o da döş qəfəsinin sağ yarısından kəsilib, deşilmiş yara sağ ağ ciyəri kəsərək ordan da diafraqma ilə qara ciyəri kəsib, ordan da daxili qanaxma yaradıb. Cərrahi əməliyyatla qanaxma dayandırılıb. Hal-hazırda xəstə ağır vəziyyətdə palatadadır".

Artıq hadisəni törətməkdə təqsirli bilinən Əli Nuriyev rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Astara rayon prokurorluğunun müstəntiqi Zaur Qasımov hadisənin ailə məişət zəminində baş verdiyini təstiqləsə də təfərrüatların istintaq prosesində aydınlaşacağını dedi.

Fakta bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az