Bakıda partlayış baş verdi – 1 ölü, 2 yaralı

Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Dünən saat 14:28-də 7 mikrorayonda kanalizasiya lyukunda baş verən partlayışda 3 nəfər ağır xəsarət alıb. Onlar 1989-cu il təvəllüdlü Atayev Namiq Məhəmməd oğlu,1956-cı il təvəllüdlü Qasımov Fazil Maşallah oğlu və Novruzov Coşqun Nadir oğludur. Binəqədi Rayon Polis İdarəsindən AzNews.az-a daxil olan məlumata görə, kanalizasiya xəttində yaranan problemlə əlaqədar Rayon Su-Kanal İdarələrinin üç nəfər əməkdaşı hadisə yerinə təhkim olunub. Hər üç şəxs lyuka daxil olaraq qəzanı aradan qaldırmağa çalışıblar, bu vaxt lyukda partlayış baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək hər üç şəxsi kanalizasiya lyukundan çıxardıblar. Elə həmin vaxt Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Hər üç şəxs ağır vəziyyətdə Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

Mərkəzdən AzNews.az-a verilən məlumata görə, yaralılardan 2-si müalicə olunduqdan sonra evə buraxılıb, bir nəfər-Atayev Namiq Məhəmməd oğlu isə dünyasını dəyişib.

Məlumata görə partlayışa səbəb lyukda yığılan qaz olub.

Amid
AzNews.az