Dini mərasimlərlə bağlı daha bir dəyişiklik

Mübariz Qurbanlı: "Bu özünü yalandan həkim, polis elan etmək kimi bir şeydir və qanunsuzdur”



"Azərbaycan dünyada İslam dünyasının bir hissəsi, İslam dininin yayıldığı ölkə kimi tanınıb və qəbul edilib. Neçə əsrdir, İslam bizim dinimizdir, ona görə də kimsə bura gəlib missionerlik edə bilməz. Azərbaycan missionerlik üçün yer deyil".

APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakının Yasamal rayonunda dindarlarla keçirdiyi görüşdə deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, kim dini təbliğatla məşğul olmaq istəyirsə, bunu dünyəvi dinlərə malik olmayan xalqlar, tayfalar içərində aparsın. O, İslam dini arasında bölücülük yaratmaq istəyənlərin isə faktiki olaraq İslama zərbə vurmaqla məşğul olduqlarını bildirib.

Komitə sədri dini mərasimlərin keçirilməsinə də toxunub. M. Qurbanlı deyib ki, ölkədə dini mərasimləri qanunvericilikdə də nəzərdə tutulduğu kimi ancaq din xadimləri icra edə bilərlər: "Bu dünyanın hər yerində belədir. "Dini etiqad azadlığı haqqında" qanunda aydın göstərilib ki, dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər. Kimsə özünü din xadimi adlandırıb bu işi görürsə, özünü hansısa dini mərasimin başçısı elan edirsə bu, artıq qanun pozuntusudur. Bu özünü yalandan həkim, polis elan etmək kimi bir şeydir və qanunsuzdur. Ona görə də dini ayinləri, dini mərasimləri yalnız qeydiyyatı olan din xadimləri keçirə bilər və keçirməlidirlər".


AzNews.az