Döyülən icra başçısı ilə bağlı eksklüziv açıqlama - VİDEO

Gəncədə Gülüstan və Avtozavod qəsəbələri ərazisində qanunsuz tikililərin söküntüsü işləri həyata keçirilərkən Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev və müavininə, eləcə də Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşına xəsarət yetirilib.

ANS TV-nin məlumatına görə, həmin qəsəbələrdə əsasən kəlbəcərdən olan məcburi köçkünlər yaşayır. Söküntü işlərinə etiraz edən köçkünlər Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Bunun qarşısını almaq istədikdə isə polis əməkdaşlarına və orada olan Nizami rayon icra hakimiyyəti başçısına, onun müavininə xəsarət yetiriblər. Habelə şəhər baş polis idarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Gəncə büromuzdan əldə etdiyimiz məlumata görə, hazırda hücuma məruz qalan icra başçısı Nizami Hacıyevin səhhəti ortadır. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən ANS-ə eksklüziv olaraq açıqlama veriblər.

İH başçısının müavini Naqif Həmzəyev dedi ki, hadisədən bir gün öncə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qəsəbədə vətəndaşlarların iştirakı ilə xüsusi görüş keçirib: "Burda bütün vətəndaşlara izah olundu ki, bu qəsəbədə yeni infrasturuktur layihələr həyata keçiriləcək. Ancaq növbəti gün Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev və digər dövlət nümayəndələri tərəfindən burada lazımı işlər həyata keçirilərkən bir qrup dəllalar çox təssüf olsun ki, dövlət qulluqçularına qarşı cinayət törədiblər".