- Köhnə - Hadisə
- 20 Oktyabr 2012 05:20
- 8 223
Funikulyor yenə bağlandı

Saytın əməkdaşı tam yenilənmiş şəkildə istifadəyə verilən Bakı Funikulyorunun hansı səbəbədən dayandığını öyrənmək üçün həmin ünvanda olub. Funikulyorun Bəhram Gurun heykəlinin yaxınlığında olan girişindəki qapının üzərindəki ağ lövhədə "texniki baxış" sözləri yazılıb. Mühafizə xidmətinin əməkdaşlarından öyrəndik ki, nəqliyyat vasitəsi bir neçə gündür texniki problemlər səbəbindən bağlanıb.
Bakı Funikulyorunun gözətçisi deyib ki, qurğu müəyyən texniki problemələr olduğundan istifadəsi bir müddətdir dayandırılıb. Onun sözlərinə görə, son təmirində istifadə olunan bütün detallar xarici ölkələrdən gətirilib. Ona görə də problemin aradan qaldırılması üçün xaricdən mütəxəssisin gəlməsini gözləyirlər. Onun sözlərinə görə, problem yaxın müddət ərzində aradan qaldırılacaq.
Xatırladaq ki, Bakı Funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. 2 stansiyası var - Bəhram Gur heykəli və Şəhidlər Xiyabanı. Stansiyalar arası məsafə 455 metrdir. Bir stansiyadan digərinə 4 dəqiqəyə çatmaq olur. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpikdir.
Qeyd edək ki, köhnə görünüşündən əsər-əlamət qalmayan Bakı Funikulyorunu İsveçrənin "Qaravelta" şirkəti təmir edib.
AzNews.az