Bakı-Sumqayıt yolunda dəhşətli qəza - 3 ölü, 10 yaralı (Yenilənib 3 + Videolar)

Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Ford" markalı mikroavtobus qəzaya düşüb.

Mikroavtobusda olan bütün sərnişinlər xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Bakıya aparılır. Ölənlərin olub-olmadığı isə hələ bilinmir.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları gəlməkdə davam edir.
Baş verən qəzaya görə Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.

***
10:36

Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) Ford" markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan iki nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, qəza zamanı yaralananlardan Elza Hüseynovanın vəziyyəti ağırdır və hazırda əməliyyat olunur. Məumata görə, xəstəxanaya gətirilən digər yaralı da xanımdır, lakin onun vəziyyəti yaxşı olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib, on nəfərin vəziyyəti isə ağırdır.

***
10:44

Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) Ford" markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində ölən iki nəfərdən birinin kimliyi müəyyənləşib.
Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, o, 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Stansiyadan verilən digər məlumata görə, xəstəxanaya daha 10 nəfər yaralı gətirilib: "Onlardan 5-inin vəziyyəti ağırdır, 3-ü əməliyyat olunub, hazırda reanimasiyadadır. 3-ü travmatologiya şöbəsindədir. Yaralılar arasında ayaqlarını belə itirənlər var. Yaralılar arasında uşaq yoxdur".

Sevinc YASİNQIZI
AzNews.az


***
11:23

Bakı-Sumqayıt yolunda ("Saray postu"na çatmamış) ağır yol-nəqliyyat hadisəsində həlak olanlar Sumqayıt "morq"una aparılıb, 3 nəfərin vəziyyəti lap ağırdır

Sumqayıt şəhər Təcili Yardım Stansiyası Bakı-Sumqayıt yolunda 2 nəfərin ölümünə səbəb olan ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb. Stansiyadan Lent.az-a verilən məlumata görə, yaralılar aşağıdakılardır:

1. Əhmədov Rəşad
2. Cavadov Rövşən
3. Allahverdiyev İbadət
4. Ağakişiyev Baloğlan
5. Paşabəyov Asif
6. Məmmədova Əsmər
2 qadın və 2 kişinin adları isə naməlumdur.


Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Daha bir nəfər ağır yaralı-qadın xəstəxanada dünyasını dəyişib.









AzNews.az