Bolnisidə daha iki azərbaycanlının evinə silahlı basqın

Gürcüstanın Bolnisi rayonunda iki azərbaycanlının evinə silahlı hücum olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisələr ötən gecə Bolnisi rayonunun Bala Muğanlı və Molla Əhmədli kəndlərində qeydə alınıb. Bu, Bolnisi rayonunda yaxın günlərdə baş verən 4-cü hadisədir.

Hadisə barədə APA-ya məlumat verən yerli sakinlər hücum edənlərin Bala Muğanlı kəndində yaşayan Rza Abbasovun ailəsinə işgəncə verdiklərini, ailə üzvlərini döydüklərini deyiblər. R. Abbasova bıçaqla xəsarət yetirilib, həyat yoldaşının saçları kəsilib. Basqın edənlər onların əl-ayaqlarını, ağızlarını bağladıqdan sonra pul və qızıl tələb ediblər. Nəticədə ev sahibi quldurlara 1.300 lari və Rusiyada yaşayan qudasının 15 min dollar dəyərində olan əmanətini verməli olub.

Hücuma məruz qalan Molla Əhmədli kənd sakini Mətləb Bayramovun evinə isə 5 nəfər maskalı basqın edərək onun həyat yoldaşını döyüblər. Maddi vəziyyəti pis olan ailənin basqınçılara verməyə pulları olmayıb. Bunu görən silahlılar evdə qonaq olan qadının -M.Əhmədlinin bibisinin üzüyünü və sırğalarını zorla əlindən alıblar.

Hər iki faktla bağlı Bolnisi rayon Polis İdarəsində cinayət işi qaldırılıb. Polis İdarəsinin adını açıqlamaq istəməyən əməkdaşının APA-nın müxbirinə verdiyi məlumata görə, polislər hadisə yerində olub və əl izlərini götürüblər: "Biz hazırda açıqlama verə bilmərik, çünki bu, cinayətin açılmasına mane olar".

AzNews.az