Binəqədidəki intihar cəhdinə görə icra başçısına cəza verilə bilər – Hüquqşünas rəyi

Son vaxtlar Azərbaycanda, xüsusi ilə də Bakıda intihara cəhd hallarının sayı artmaqdadır.


Sakinlər tələb və istəklərini yerinə yetirmək üçün yarımtikili binaların, körpülərin üstünə çıxaraq intihar edəcəklərini bəyan edir. Bəziləri isə onu bu işə təhrik edənlərin adını açıqca elan edərək, həmin şəxsləri hadisə yerinə kimi gətirirlər.

Məsələn, elə bu gün Bakının Binəqədi rayonunda növbəti intihara cəhd hadisəsinin sorağı gəldi. Saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən İlqar Məmmədov həmin binaya çıxaraq özünü atacağını bəyan edib. Sahibkar şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, "Mənim 500 yüz minimi qaytarın" - deyə tələb səsləndirib. Hadisə yerinə gələn sözü gedən rayonun başçısı Xaləddin İsgəndərov yazılı iltizamın verəndən sonra sahibkar intihar edəcəyindən daşınıb.

Hüquq müdafiəçisi Müzəffər Baxış AzNews.az-a açıqlamasında bildirib ki, Binəqədi rayonunda baş verən intihara cəhd hadisəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılmalıdır: "Əgər həmin şəxsə qarşı həqiqətən icra hakimiyyətinin başçısı qanunsuz hərəkətlər edirsə, ona hədə-qorxu gəlirsə, onun qanuni hüquqlarının həyata keçirilməsinə imkan vermirsə, mütəmadi olaraq onun şərəf və ləyaqətini alçaldırsa, onda Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov haqqında cinayət işi açıla bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə onun özü barəsində cinayət işi başlamaq olar. Bu maddəyə görə, onu 3 ildən 7 ilə kimi azadlıqdan məhrumetmə edilə bilər".

M.Baxış qeyd edib ki, İ.Məmmədov konkret olaraq, qanunsuz yollarla kimlərisə şantaj etməklə, binanın üstünə çıxıb özünə qəsd etmək adı ilə qanunsuz tələblərini yerinə yetirmək istəyibsə onda ona qarşı xırda xuliqanlığa görə inzibati xətalar məcəlləsinin 296-cı maddəsinə görə məsuliyyətə cəlb etmək olar: "O, bu məcəlləyə görə, 3 min manata kimi cərimə, iki aya kimi həbs oluna bilər. Amma sübut olunmalıdır ki, o, bu hərəkəti ilə ictimai qaydanı pozur və digər şəxslərdən nəyisə tələb edir".

Bahar RÜSTƏMLİ
AzNews.az