Kənd camaatı polisi ölümcül döydü - Xaçmazda inanılmaz olay (Video + Yenilənib)

Xaçmazın Ağalıq kənd sakinləri ilə həmin ərazidə xidmət aparan polis əməkdaşı Cahangir Əliyev arasında yaşanan insidentin təfərrüatları məlum olub.


AzNews.az-ın əldə etdiyi məlumata görə, polisin döyülməsinə səbəb C.Əliyevin kənd sakinlərindən birinin avtomobilini saxlaması olub. Belə ki, 4 nəfər Ağalıq kənd sakini şəxsi avtomobilləri ilə məclisdən qayıdarkən C.Əliyev onları saxlayıb. Məclisdən qayıdan kənd sakinlərinin içkili olduğunu görə polis əməkdaşı avtomobili cərimə meydançasına aparmaq istəyib. Lakin avtomobildəkilər kəndin içində olduqlarını deyərək, avtomobili vermək istəməyiblər. Onlar polisi kəndə soxulmaqda ittiham ediblər.

Mübahisə aylardır ki, C.Əliyevlə kənd camaatı arasındakı gərginliyin alovlanmasında qığılcım rolu oynayıb və işə digər kənd sakinlərinin qarışması məsələni bir az da şişirdib. Nəticədə bir neçə kənd sakini birləşərək polisi ölümcül şəkildə döyüblər. Kənd ağsaqqallarının müdaxiləsi ilə polisi camaatın əlindən alıb, xəstəxanaya çatdırmaq mümkün olub.

Dünən gecə isə hadisəni törədənləri tapmaq üçün kəndə 100-ə yaxın polis əməkdaşı cəlb olunub. Polisi döyən 5 nəfər hadisənin baş verdiyi günün səhəri özləri polis bölməsinə gedərək təslim olub.



***
10:54


Xaçmazda polis əməkdaşı ilə rayon əhalisi arasında insident yaşanıb.

AzNews.az xəbər verir ki, rayonun Ağalıq kənd sakinləri həmin ərazidə xidmət aparan yol polisi Cahangir Əliyevə hücum çəkərək onu vəhşicəsinə döyüb. Ağır bədən xəsarətləri alan polis əməkdaşı təcili yardım maşını ilə Şabran rayon Mərkəzi Xəstaxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb, polisin kənd sakinlərini tez-tez incitməsi olub. Onların sözlərinə görə, Quba şosesində xidmət aparmalı olan C.Əliyev yolun yalnız sözügedən kənddən keçən hissəsində dayanır, kənd sakinlərini yeri gəldi-gəlmədi saxlayıb, onlardan rüşvət tələb edirmiş. Buna görə də sakinlər yığışıb ondan kəndi tərk etməsini, xidməti şosenin başqa hissəsində aparmasını tələb ediblər. Bununla razılaşmayan polis kənd əhalisinin hücumuna məruz qalıb və xəstəxanalıq olub.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl AzNews.az Cahangir Əliyevin sürücüdən rüşvət almasını əks etdirən videogörüntülər yaymışdı. Həmin görüntüləri yenidən təqdim edirik: