Respublikanın ən böyük Gənclər Mərkəzlərindən biri işıqsız qalıb. Respublikanın ən böyük Gənclər Mərkəzlərindən biri işıqsız qalıb.

3 il əvvəl tikilən Gənclər Mərkəzi bağlandı – Qubada 30 minlik borc qalmaqalı

Respublikanın ən böyük Gənclər Mərkəzlərindən biri işıqsız qalıb.


AzNews.az verir ki, Qubanın Gənclər Mərkəzinə elektrik enerjisinin verilişi artıq bir müddətdir ki, dayandırılıb. Məlumata görə, mərkəzin elektrik enerjisinə görə 30 min manat borcu var. Bu səbəbdən hazırda Gənclər Mərkəzi fəaliyyətini məhdudlaşdırıb.

Onu da bildirək ki, mərkəzdə Quba Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. 2015-ci ildə adı çəkilən Mərkəz Quba Gənclər və İdman İdarəsinə qurumun öz inzibati binası tikilənədək müvəqqəti məskunlaşmaq üçün verilib. Bina işıqsız qaldığından Gənclər və İdman İdarəsi hazırda Heydər Əliyev Mərkəzinin binasında, bir otaqda fəaliyyət göstərir.

Gənclər Mərkəzindən verilən məlumata görə, borca görə Gənclər və İdman Nazirliyinə, eləcə də digər aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, onlara kömək edən olmayıb: "Hərəsi bir bəhanə gətirir. Deyirlər ki, daha o mərkəz kiməsə lazım deyil, qapıları bağlayıb, gedin evdə oturun".

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzNews.az-a açıqlamasında Quba Gənclər Mərkəzinin qurumun balansında olmadığını, binanın yerli icra hakimiyyətinə aid olduğunu bildirdi.

Quba rayon İcra Hakimiyyətinə isə dəfələrlə zəng etsək də qurumdan sualımızı cavablandıran olmadı.

Qeyd edək ki, Quba Gənclər Mərkəzinin rəsmi açılışı 2013-cü il, sentyabrın 18-də olub. Binanın açılışında dövlət başçısı İlham Əliyev iştirak edib. Bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib.



Bahar RÜSTƏMLİ
AzNews.az