Baş məşqçi qovuldu

İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi Roberto Di Matteo istefaya göndərilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uğursuz nəticələrlə əlaqədar belə bir qərarın qəbulu zəruri sayılıb. İtaliyalı mütəxəssisi kimin əvəzləyəcəyi göstərilməsə də, bu məsələnin ən yaxın müddətdə həllini tapacağı vurğulanıb.

Mümkün namizədlər qismində Avram Qrant və Rafael Benitesin adları çəkilir. Di Matteonun istefaya göndərilməsi barədə qərarı "Çelsi"nin sahibi Roman Abramoviç klubun direktorlar şurası ilə birgə qəbul edib. Rəsmi açıqlamada bildirilir ki, komandanın qarşısında bütün cəbhələrdə - Çempionlar Liqası, İngiltərə Premyer Liqası, ölkə kuboku və Liqa Kubokunda çətin vəzifələr durur.

Qeyd edək ki, Roberto Di Matteo Çempionlar Liqasının V turunda "Çelsi"nin İtaliyada "Yuventus"a 0:3 hesablı məğlubiyyətindən sonra qovulub. Hazırda 7 xala malik "zadəganlar" qrupda 3-cü pillədədir. Son turda "Yuventus" Ukrayna "Şaxtyor"undan ən azı 1 xal ala bilsə, turnirin son qalibi mərhələ adlaya bilməyəcək. Premyer Liqada isə "Çelsi" 12 turdan sonra 3-cü pillədə qərarlaşıb. Di Matteonun rəhbərliyi altında bu komanda ötən mövsüm Çempionlar Liqası və İngiltərə Kubokunu qazanıb.

AzNews.az