“Bunu mən deyə bilmərəm”- MÜSAHİBƏ

“Simurq”un kapitanı Rasim Ramaldanovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Kapitan komandanın hazırlığına necə qiymət verərdi?

- Şükür Allaha, hazırlığımız yaxşı gedir. Artıq 2 həftədir təlim-məşq toplanışdayıq. Hazırlığın ilk mərhələsini – fiziki məşqləri başa vurduq. İndi toplu çalışmalara üstünlük veririk. Çempionata yaxşı hazır olmaq üçün əlimizdən gələni edirik. Çalışacağıq ki, liderlər qrupunda yerimizi saxlayaq.

- Mövsümün qalan hissəsi daha çətin olacaq. Çünki qarşıda həm "altılıq"da, həm də kubokda çətin oyunlarınız gəlir. Bu 2 cəhbədə vuruşmağa gücünüz çatacaq?

- Bəli. Məncə, "Simurq" bu rəqabətə tab gətirəcək. Məşqlərdə də görürəm ki, həm gənclər, həm də təcrübəli futbolçular bütün güclərini meydançada qoyurlar. İnşallah, hər şey yaxşı olacaq.

- Ayağınız düşərli oldu. O mənada ki, siz millidə debüt edəndən dərhal sonra "Simurq"un daha bir futbolçusu çağırıldı. Sizin kimi müdafiəçi olan İlkin Qırtımovun millimizin Dubay təlim-məşq toplanışına çağırılmağı sizin üçün gözlənilməz olmadı ki?


- Yox. Mən bu dəvəti çox yaxşı qarşıladım. İlkin mənə çox yaxın insandır. Ona da arzu edirəm ki, işləri lap yaxşı olsun. Allahın köməyi ilə digər futbolçularımızın də yavaş-yavaş milliyə çağırılmalarını istəyirəm.

- Onun rəsmi oyunlara çağırılmaq şansı nə dərəcədir?

- Bunu mən deyə bilmərəm. Mənim də istəyim odur ki, daim çağılsın. Ancaq bu, artıq baş məşqçini işidir. Düzdür, İlkinin mövqeyində rəqabət böyükdür. Ancaq mən ona inanıram. İnşallah, güclü rəqabətə tab gətirər.

- Sizin də olacağınız Dubay toplanışından nə gözləyirsiniz?

- Yenə də sevinirəm ki, məni milliyə dəvət ediblər. Bu, artıq 2-ci dəfədir. Mən də sübüt edəcəyəm ki, milliyə layiqəm və dəvət axırıncı dəfə olmasın. Həmişə yığmaya çağırılmağıma çalışacağam. İstəyirəm ki, daim milli komandanın bir üzvü olum.

- Millimizin almaniyalı baş məşqçisi Berti Foqts bu təlim-məşq toplanışında bir sıra təcrübəli futbolçuları çağırmayıb. Bu mənada əsas heyətdə meydana çıxacağınız və özü də sizin üçün doğma olan mərkəz müdafiəçisi mövqeyində oynayacağınız gözlənilir...

- Hər bir futbolçunun istəyi əsas heyətdə meydana çıxmaqdır. Mən də ilk dəqiqələrdən oynasam, sevinərəm. Baş məşqçinin etimadını qazanmaq üçün nəyim varsa, meydanda qoyaram.

- Rəqibləri, qələbə şanslarını necə dəyərləndirərdiniz?
-
Bildiyiniz kimi, orada 2 rəqibimiz olacaq. Fevralın 1-də Özbəkistan, 6-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcəyik. Özbəkistan futbolu yaxşı səviyyədədir. Onun yığması güclü rəqibdir. Deməzdim ki, Lixtenşteyn millisi zəifdir. İstəyərdim ki, maksimum nəticə əldə edək və bunun üçün bütün gücümüzlə hazırlaşıb, ciddi oyuna çıxacağıq. Qələbə hər bir oyunda vacibdir. Fərqi yoxdur, bu, yoxlama, yoxsa rəsmi oyundur. Qələbə həmişə lazımdır ki, bu reytinq baxımından da önəmlidir.

- Bundan sonra rəsmi oyunlar gəlir və baş məşqçi martda Lixtenşteynlə Portuqaliya yığmaları ilə rəsmi oyunlara heyəti müəyyələşdirəcək...
- Biz əlimizdən gələni edəcəyik. Baş məşqçi da öz seçimini edərək, komandanı hazır vəziyyətə qoyacaq.

AzNews.az