Berti Foqts təəccübləndi

Rusiyanın tanınmış məşqçilərindən olan Aleksandr Tarxanov Azərbaycan millisini çalışdıran həmkarı Berti Foqtsu yada salıb.

Apasport.az saytının məlumatına görə, Moskva "Spartak"ın və MOİK-nin sabiq baş məşqçisi hələ futbol oynadıqları vaxtda Foqtsun formasını geydiyi Mönhenqladbax "Borussiya"sı ilə görüşü zamanı yaşanan epizodu xatırlayıb.

Tarxanovun sözlərinə görə, həmin hadisə Foqtsu çox təəccübləndirib: "Hazırda "Lokomotiv"də işləyən məşhur həkim Saveli Mışalov əvvəllər Valeri Lobanovskinin yanında çalışırdı. O danışırdı ki, 1976-cı ildə Foqtsun heyətində olduğu Mönhenqladbax "Borussiya"sı ilə oynayırdılar. Matçdan sonra restorana gediblər. Almanların hamısının qarşısında pivə, bizimkilərdə isə mineral su, kola olub. Foqts bizim həkimə yaxınlaşaraq soruşub: "De, görüm, oyundan sonra pivə, yoxsa kola içmək yaxşıdır? Əlbəttə, pivə. Elə isə sizinkilər niyə içmir?". Foqtsa necə izah edəsən ki, bizimkilərdə pivədən sonra davamı gələ bilər".

AzNews.az