Ramin Musayev: “Onda çempionatdan bütün komandalar çıxmalıdır”

"Rəvan" rəhbərliyindən növbəti mövsüm Premyer Liqada oynamamaqla bağlı bizə müraciət olmayıb. Yəqin, heç olmayacaq da. Çünki bu komandaya AFFA və ya PFL səviyyəsində hansısa hörmətsizlik olmayıb". Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

"Rəvan" Topaz Premyer Liqasının hesabat turunda "Qarabağ"a öz meydanında uduzduğu (2:3) oyundan sonra çempionatda çıxışını dayandırmaq fikrinə düşüb. Belə ki, komandanın vitse-prezidenti Bəhruz Şirəliyev saytımıza açıqlamasında bildirib ki, onlara qarşı hakim haqsızlıqları çoxaldığı üçün çempionatdan çıxmaq istəyirlər.

Amma PFL rəhbəri hakim səhvinə görə çempionatdan çıxmağı düzgün saymır: "Onda çempionatdan bütün komandalar çıxmalıdır. Elə bir komanda yoxdur ki, ona qarşı hakim səhvi olmasın".

Musayev bildirib ki, "Rəvan" rəhbərliyinin belə fikrə düşməsinin səbəbini əla başa düşür: "Çünki futbola yeni gəlmiş insanlardır. Əsəbiləşirlər, bəlkə də başqa şeylər fikirləşirlər. Ancaq bu, heç də belə deyil. Bizim üçün bütün komandalar eynidir. İnanmıram ki, deyilənlər öz əksini tapsın. Çünki "Rəvan" futbola tam başqa məqsədlə gəlib. Onlar Azərbaycanda futbola dəstək verirlər".

AzNews.az