Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Ağır atletika üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Asif Məmmədovun bu vəzifəyə təyin olunması barədə qərar Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyinin və məşqçi heyətinin iclasında qəbul edilib.

Federasiyadan AzNews.az-a bildiriblər ki, iclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçiləri və dekabrın 2-3-də keçirilən Azərbaycan Kuboku yarışında fərqlənən idmançılar iştirak ediblər.

İclasda son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyinatı və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Federasiyanın vitse-prezidenti Tofiq Heydərov şəxsi işləri ilə əlaqədar, eyni zamanda, gənc mütəxəssislərə şans vermək məqsədilə milli komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini, lakin vitse-prezident kimi xidmətini davam etdirəcəyini bildirib.

Tədbirdə AAAF-ın prezidenti Cahangir Əsgərovun sabiq baş məşqçi Tofiq Heydərovun istefa ərizəsini qəbul etdiyi, onun yerinə Asif Məmmədovun təyin olunduğu diqqətə çatdırılıb.

Bu təyinatın özü üçün gözlənilməz olduğunu vurğulayan yeni baş məşqçi Asif Məmmədov deyib: “Bu, sevindirici və qürurverici olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Federasiya rəhbərliyi bu qərarla mənə böyük etimad göstərib. Buna görə dərin minnətdarlığımı bildirirəm. Görəcəyimiz çox iş var və buna hazır olmalıyıq. Bilirsiniz ki, ağır atletikada dopinq problemi var. Bu çətinliyin öhdəsindən gəlmək üçün çox çalışmalı, dayanmadan işləməliyik. Federasiya olaraq dopinqə qarşı ciddi mübarizə aparırıq, biz məşqçilər heyəti bu prosesdə dəstək olacaq, məsələnin birdəfəlik həlli üçün əlimizdən gələni edəcəyik. Elə bu gündən təlim-məşq toplanışına start verərək, hazırlığımızı ən yüksək səviyyəyə çatdırmağa başlayacağıq”.

Mütəxəssis dekabrın 9-29-da “AAAF Park” yaşayış kompleksindəki mərkəzi bazada yığma komandaların növbəti təlim-məşq toplanışının keçiriləcəyini bildirib.