Yunan-Roma güləşi üzrə yarışların qalibləri məlum oldu

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı dekabrın 16-da da davam edib.

AzNews.az xəbər verir ki, yarışların əvvəlki günlərində 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramadək çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıblar. Ümumilikdə 177 yunan-Roma güləşçisinin mübarizə apardığı çempionat gərgin və maraqlı görüşlərlə yadda qalıb.

Ziya Zeynalov (55 kq), Sakit Quliyev (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Türmən Eyyubov (97 kq) və Cavid Feyziyev (130 kq) fəxri kürsünün ən yüksək pillələrində qərarlaşıblar.

Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılıb. Turnirin qalibləri yığma komandanın heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda millinin heyətində mübarizə aparacaqlar.