Yola saldığımız il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb. Yola saldığımız il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb.

Azərbaycan Gimnastika Federasiyası 2017-ci ilə yekun vurub

Yola saldığımız il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb.

AzNews.az AGF-in saytına istinadla xəbər verir ki, cari ildə ilk dəfə Bakı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə qitələrarası, sonra FIG-nin bədii gimnastika və kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına ev sahibliyi edib. Bu və digər beynəlxalq hakimlik kurslarında Azərbaycan təmsilçiləri də uğurla iştirak edərək, müxtəlif hakimlik kateqoriyalarına yiyələniblər.

Hazırda ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq dərəcəli hakimləri var. Onlardan Rza Əliyev Azərbaycan gimnastika tarixində ən yüksək - birinci dərəcəli beynəlxalq kateqoriyaya sahib ilk hakimdir. Digər hakimimiz Kamil Quliyev isə bu il batut gimnastikası üzrə dünya çempionatında ilk azərbaycanlı hakim kimi çıxışların qiymətləndirilməsində iştirak edib.

Ötən il olduğu kimi, AGF 2017-ci ildə də gimnastikanın üç növü üzrə dünya kuboku mərhələlərini uğurla təşkil edib. Bu il Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk dünya kuboku, ardınca isə növbəti beynəlxalq turnir - kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku mərhələsi uğurla keçirilib. Bakı, həmçinin bədii gimnastika üzrə dünya kuboku mərhələsinə ev sahibliyi edib.

Bundan başqa, Bakıda FIG Şurasının iclası keçirilib. İclas çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı misilsiz xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif edilib.

Bakıda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının proqramına ilk dəfə daxil edilmiş gimnastika yarışlarında bədii gimnastika üzrə təmsilçilərimiz, ümumilikdə, dörd qızıl, iki gümüş və iki bürünc, idman gimnastlarımız isə beş qızıl, beş gümüş və iki bürünc medal qazanıblar.

Bu il gimnastika növləri üzrə yığma komandalarımızın beynəlxalq turnirlərdə qazandıqları 96 medaldan (34 qızıl, 32 gümüş və 30 bürünc) ən mühümləri gimnastika tariximizdə ilk dəfə olaraq batut gimnastikası və tamblinq üzrə 25-ci dünya yaş qrupu yarışlarında tamblinqçimiz Mixail Malkinin qızıl medalı və akrobatika gimnastikasında qarışıq cütlüklərimizin (Ağasif Rəhimov - Nurcan Cabbarlı, Abdulla Əl Məşayxi - Ruhidil Qurbanlı) Avropa çempionatında əldə etdikləri üç bürünc medal olub.

İlin önəmli hadisələrindən biri də AGF-in üçüncü dəfə FIG tərəfindən fərqlənən federasiyaların reytinq siyahısına daxil olması olub. Bununla da milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi AGF-in beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiq edib.

2017-ci ilin ən mühüm hadisələrindən biri də məhz dekabra təsadüf edib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci Konqresi çərçivəsində keçirilən prezident seçkilərində AGF-in baş katibi Fərid Qayıbov UEG-in prezidenti seçilib. Bu münasibətlə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıblar.

F.Qayıbov yeni vəzifəsi ilə əlaqədar AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq, AGF-in baş katibi vəzifəsindən istefa verib. Bu vəzifəyə federasiyanın baş katibinin müavini vəzifəsində çalışan Nurlana Məmmədzadə seçilib.

Hər il olduğu kimi bu dəfə də federasiya Yeni il ərəfəsində bütün gimnastika sevərləri yenidən bir araya toplayıb. Gimnast və məşqçilərin iştirakı ilə keçirilən “Evdə tək” adlı möhtəşəm bayram şousu bütün tamaşaçılara unudulmaz anlar yaşadıb.

Dekabrın son həftəsində isə federasiyanın 15 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq təşkil edilib. Yığıncaqda gimnastika sahəsində nailiyyətlərinə və xidmətlərinə görə fərqlənən bir sıra şəxslərə xatirə medalları təqdim olunub.

Beləliklə, AGF 2017-ci ilə uğurla yekun vurub.