- Köhnə - İdman
- 11 Fevral 2018 16:20
- 6 781
PXENÇXAN-2018 "Olimpiya kəndi"ndə görüş
Pxençxan-2018 Olimpiadasının həyəcanı davam etməkdədir. Bu Olimpiadada iştirak edən 92 ölkənin bayrağı sırasında Azərbaycanın da dövlət bayrağı dalğalanır. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunur.
AzNews.az xəbər verir ki, fevralın 10-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-n baş katibinin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov "Olimpiya kəndi"nə gələrək, idmançılar üçün yaradılmış şəraitlə tanış olublar, burada məskunlaşan idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Azərbaycan nümayəndə heyətinin məskunlaşdığı mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı barədə və Azərbaycan nümayəndə heyətinə yaradılan şəraitlə bağlı məlumat verib.
Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev olkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də bu inkişafın sıralarına tezliklə qoşulacağına inandığını bildirib. O, Tokio-2020 Olimpiadasında atletlərimizin, eyni zamanda ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Görüşdə qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.