“ABŞ İran məsələsində mürəkkəb vəziyyətə düşüb” - Azad Məsiyev

"ABŞ prezidenti Donald Trampın İran siyasəti uzun müddətdir beynəlxalq siyasi dairələrdə müzakirə olunur. Bir sıra iddialara görə, Vaşinqtonun Tehranla bağlı sərgilədiyi sərt mövqedə İsrail faktorunun ciddi təsiri var. Hələ münaqişənin ilkin mərhələsində bəzi amerikalı siyasi çevrələrdə ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat gündəminin formalaşmasında İsrailin rol oynadığı barədə fikirlər səsləndirilirdi. Hazırda da bu yanaşmanın müəyyən formada davam etdiyi iddia olunur. İrana qarşı aparılan siyasətin ABŞ administrasiyasını mürəkkəb vəziyyətə saldığı bildirilir. Vaşinqton bir tərəfdən Tehran üzərində təzyiqləri davam etdirməyə çalışır, digər tərəfdən isə regionda genişmiqyaslı qarşıdurmanın yarada biləcəyi riskləri nəzərə alaraq ehtiyatlı davranmağa məcbur qalır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında atəşkəs şərtləri razılaşdırılmadığı halda ABŞ-nin İrana qarşı daha güclü və genişmiqyaslı hərbi addımlar ata biləcəyini bildirib.

Siyasi şərhçi bildirib ki, bu səbəbdən Tramp administrasiyasının zaman-zaman İranla mümkün razılaşma ilə bağlı mesajlar verməsi diqqətdən yayınmır.

"Belə bir anlaşmanın ABŞ ictimaiyyətinə siyasi uğur kimi təqdim edilməsinin hədəfləndiyi vurğulanır. Eyni zamanda İran məsələsinin NATO daxilində də fikir ayrılıqları yaratdığı qeyd olunur. Avropa ölkələrinin bir hissəsi Yaxın Şərqdə yeni müharibə riskinin artmasından narahatdır. ABŞ daxilində də Trampın İran siyasətinə qarşı tənqidlərin artdığı bildirilir. Hətta Respublikaçılar Partiyasından olan bəzi konqresmenlərin də bu siyasətə münasibətdə ehtiyatlı mövqe sərgilədiyi qeyd olunur. Digər tərəfdən, İsrail rəhbərliyinin Vaşinqona təzyiqlərini davam etdirdiyi iddia edilir. İranın nüvə proqramı və regiondakı təsiri ilə bağlı təhlükəsizlik arqumentlərinin ABŞ administrasiyasına təqdim olunduğu bildirilir. Bu fonda Trampın həm İsrailin gözləntiləri, həm də ABŞ daxilindəki siyasi balans arasında manevr etməyə çalışdığı qeyd olunur. Bəzi siyasi dairələrdə ABŞ-də yəhudi lobisinin seçki proseslərinə təsir imkanlarının yüksək olduğu barədə fikirlər də səsləndirilir. Trampın seçki kampaniyası dövründə müəyyən siyasi və maliyyə dəstəyi aldığı iddiaları bu müzakirələri daha da gücləndirir. Bu baxımdan Trampın İsrailə xüsusi həssas yanaşmasının siyasi motivlərlə əlaqələndirildiyi bildirilir. İran ətrafında yaranan gərginliyin enerji bazarlarına təsiri də diqqət mərkəzindədir. Xüsusilə Hörmüz boğazında mümkün risklərin dünya enerji bazarında qiymət artımına səbəb ola biləcəyi vurğulanır. Bu isə ABŞ daxilində sosial-iqtisadi narazılıqları artıran amillərdən biri kimi qiymətləndirilir. ABŞ-nin İran siyasətində əsas məqsədlərdən birinin Tehranın regional təsir imkanlarını zəiflətmək olduğu bildirilir. Lakin İranın Rusiya və Çin kimi ölkələrdən siyasi dəstək alması Vaşinqton üçün əlavə çətinliklər yaradır. Xüsusilə Pekinin Hörmüz boğazında Çin gəmilərinin təhlükəsizliyi ilə bağlı sərt açıqlamaları bölgədə yeni geosiyasi risklərin formalaşdığını göstərir. Bununla yanaşı, İranda mümkün hakimiyyət dəyişikliyinin yalnız hava əməliyyatları ilə mümkün olmayacağı qeyd olunur. Belə bir ssenari üçün genişmiqyaslı quru əməliyyatının vacibliyi vurğulansa da, hazırkı şəraitdə ABŞ-nin buna təkbaşına getməsinin real görünmədiyi bildirilir. İsrailin də İranda mümkün quru əməliyyatında iştirak etmək istəmədiyi ilə bağlı açıqlamalar bu ehtimalları daha da zəiflədir. Ümumilikdə, Vaşinqtonun İran siyasətində həm beynəlxalq təzyiqlər, həm regional risklər, həm də daxili siyasi amillər arasında balans yaratmağa çalışdığı qeyd olunur. Bu səbəbdən ABŞ administrasiyasının bəyanatlarında sərt ritorika ilə diplomatik mesajların paralel şəkildə səsləndiyi müşahidə edilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az