“İqlim dəyişiklikləri biomüxtəlifliyə ciddi təhlükə yaradır” -Sadiq Həsənov

"İqlimdə baş verən dəyişikliklər və antropogen təsirlərin artması təkcə temperatur, yağıntıların miqdarı və quraqlıq kimi iqlim göstəricilərinə deyil, eyni zamanda biomüxtəlifliyə də ciddi təsir göstərir. Məsələn, Azərbaycanda 300-dən çox canlı növü mövcuddur ki, onların bir hissəsinin sayı artıq xeyli azalıb. Bu prosesə meşə sahələrinin azalması, yaşayış mühitlərinin daralması və iqlim dəyişiklikləri səbəb olur. Nəticədə bəzi növlərin miqrasiyası və uyğunlaşması çətinləşir. Xüsusilə yaz aylarında müşahidə edilən intensiv yağıntılar həşəratlar və digər kiçik canlıların kütləvi şəkildə məhv olmasına səbəb olur. Halbuki bu canlılar bitkilərin tozlanmasında mühüm rol oynayır".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, Azərbaycanda son illər müşahidə olunan anomal istilər, quraqlıq, su ehtiyatlarının azalması və fəsillərin dəyişməsi ekoloji tarazlığa ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri artıq təkcə hava şəraiti ilə məhdudlaşmır, biomüxtəliflik üçün də real təhlükəyə çevrilib. Xüsusilə bəzi heyvan və bitki növlərinin yaşayış mühiti daralır, miqrasiya yolları dəyişir, su və qida çatışmazlığı isə onların sayının azalmasına səbəb olur. Azərbaycanın dağlıq əraziləri, meşələri və su hövzələrində yaşayan nadir növlərin gələcəyi ilə bağlı narahatlıqlar artır.

Ekoloq qeyd edib ki, onların sayının azalması bitkilərin çoxalmasına və ümumilikdə ekosistemin tarazlığına mənfi təsir göstərir.

“Hazırda Azərbaycanda bir sıra məməlilər – məsələn, Qafqaz bəbiri, muflon, Qafqaz dağ keçisi, vaşaq və ayı kimi növlər nəsli kəsilmə təhlükəsi ilə üz-üzədir və qoruma altına alınıb. Eyni vəziyyət bir sıra quş növlərinə də aiddir: qutan, dəniz qartalı, turac və qırqovul kimi növlərin sayı da azalmaqdadır və onlar “Qırmızı Kitab”a daxil edilib. Bundan əlavə, nərə balığı və digər bəzi balıq növləri də ciddi azalma ilə üzləşib. Azərbaycanda həmçinin relikt və nadir ağac növləri – dəmir ağacı, şabalıdyarpaq palıd, eldar şamı və digər uzunömürlü ağaclar qorunan növlər sırasındadır. Onların bəzisinin yaşı min illərlə ölçülür və əsasən müəyyən təbii areallarda, o cümlədən Hirkan meşələrində rast gəlinir. Bu məqsədlə ölkədə bir sıra dövlət təbiət qoruqları və milli parklar yaradılıb. Hirkan, Göygöl, İşıqlısu və Qızılağac kimi qoruqlar, eləcə də Şirvan, Abşeron və Zəngəzur milli parkları həmin növlərin qorunması və bərpası üçün mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, iqlim dəyişiklikləri yalnız hava şəraitinə deyil, həm də ekosistemlərə, flora və faunaya ciddi təsir göstərərək biomüxtəlifliyin azalmasına səbəb olur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az