Cüdoçularımız Dünya Çempionatında 2 medal qazandı

İki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb


Avqustun 8-dən 11-dək Mayamidə keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar. Anspress Cüdo Federasiyasına istinadən xəbər verir ki, Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparır. 50 kq çəki dərəcəsində Natiq Qurbanlı bütün rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı qazandırıb. Qızlar arasında isə 40 kq Leyla Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olub.

Qeyd edək ki, Dünya Çempionatını izləməyə Azərbaycan Cüdo Federasiyasının Vitse-prezidenti Elnur Kələntərov və Baş Katibi Elnur Camalxanov da qatılıb. 50 kq çəkidə qalib gəlmiş Natiq Qurbanlıya qızıl medalı Elnur Kələntərov təqdim edib.

İlk dəfə 2009, daha sonra 2011-ci ildən keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatı artıq 3-cü dəfədir ki baş tutur. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu Çempionatda medal qazanır. Beləliklə, cari ilin nəticələrinə görə Dünya Çempionatı ölkəmiz üçün tarixi qələbələrlə yadda qalır.

Digər bir sevindirici xəbər isə artıq iki cüdoçumuzun 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanmasıdır.

AzNews.az