Azərbaycan kanoeçisi 4 qat dünya çempionu oldu

Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb.

ANS PRESS Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, 30 yaşlı idmançımız 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə hamıdan güclü olub.

O, final yürüşündə finişə 38,462 saniyəyə çataraq, ən yaxın rəqibi, rusiyalı İvan Ştılı 0,255 saniyə geridə qoyub. Bürünc medala isə 39,060 saniyə nəticə ilə ispaniyalı Alfonso Benavides Lopes de Ayala layiq görülüb.

Qeyd edək ki, Valentin Demyanenko karyerasında 4-cü dəfə dünya çempionu olub. Daha öncə kanoeçimiz 2005, 2009 və 2011-ci illərdə planetin ən güclüsü olmağı bacarıb. Demyanenkonun aktivində 4 Avropa çempionluğu da var. O, 2009 və 2012-ci illərdə 200 metr, 2011-ci ildə isə 200 metr və 500 metr məsafəyə yürüşlərdə qitənin ən güclüsü sayılıb.


AzNews.az