“Beşiktaş” azarkeşləri həbs edildi

Ötən bazar günü futbol üzrə Türkiyə Super Liqası çərçivəsində oynanan "Beşiktaş" – "Qalatasaray" matçının son dəqiqələrində tərəfdarların kütləvi şəkildə meydana girməsi ilə bağlı təhqiqat aparan İstanbul polisi bu gün səhər hərəkətə keçib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis "Beşiktaş"ın "Çarşı" adlanan fanat qrupunun üzvləri başda olmaqla, bir çox futbol fanatını həbs edib.

İstanbulun Beşiktaş, Kadıköy və Üsküdar rayonlarında keçirilən geniş miqyaslı əməliyyat zamanı 100-ə yaxın insanın həbs edildiyi bildirilir. Onların arasında "Çarşı"nın liderlərindən olan Alen Markaryan da var. Saxlanılan şəxslərin konkret hansı əməllərdə ittiham edildiyi hələlik bəlli deyil.

Qeyd edək ki, "Çarşı" Gəzinti Parkının sökülməsinə qarşı keçirilən etiraz aksiyalarında fəal iştirak etmişdi. Türkiyə müxalifəti hökumətin "Çarşı"nı neytrallaşdırmaq istədiyini bildirir.


AzNews.az