Millimiz Şimali İrlandiyaya qalib gəldi: 2:0

Bu gün Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

AzNews.az-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri öz meydanında Şimali İrlandiyanı qəbul edib.

Seçmə mərhələdə 9-cu oyununa çıxan millimiz ilk qələbəsini qazanıb. Rüfət Dadaşov və Mahir Şükürovun qolları ilə doğma azarkeşlərini sevindirən yığmamız 4-cü ev oyununu 3 xalla başa vurub.

Bu qələbə sayəsində komandamız Azərbaycan futbolu tarixində görünməmiş nailiyyət əldə edib. Belə ki, seçmə mərhələdə 8 xal toplamağı bacaran komandamız bu səviyyəli yarışlarda çıxışının 19 illik tarixində ən yüksək nəticə göstərib. Foqtsun yetirmələri Avro-2012-nin seçmə mərhələsində toplanan 7 xallıq rekordu da arxada qoyub.

Qələbənin gətirdiyi bir rekord yığmamızı digər nailiyyətə də yaxınlaşdırıb. 4-cü pilləyə yüksələn komandamız bu mövqeyi qorumağı bacararsa, daha bir rekorda imza atacaq.

F qrupu

Azərbaycan – Şimali İrlandiya 2:0

Rüfət Dadaşov, 58; Mahir Şükürov, 90+3

AzNews.az