Vitse-prezident Toğrul Əsgərovun məğlubiyyətindən danışdı

Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında sərbəst və qadın güləşçilərin mübarizəsi tamamlanıb.


AzNews.az-a daxil olan məlumata görə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev sərbəst və qadın güləşçilərimizin çempionatda çıxışına münasibət bildirərkən qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib:

"Bu gün Avropada güləş yarışlarında rəqabət əsasən Azərbaycan və Rusiya güləşçiləri arasında gedir. Bu rəqabətə qoşulmaq istəyən bir neçə ölkə də var, ancaq onlar hələ nə Azərbaycan üçün, nə də Rusiya üçün ciddi rəqib sayıla bilməz. Avropa çempionatında sərbəst və qadın güləşçilərimizin çıxışı uğurlu oldu. Komandamız ümumilikdə 3 qızıl və 3 gümüş medal qazanıb. Yunan-Roma güləşçilərimizdən də uğurlu çıxış gözləyirik. İnanıram ki, nəticə daha da yaxşı olacaq".

Olimpiya çempionu Toğrul Əsgərovun çempionatda uğursuz çıxışına münasibət bildirən AGF rəsmisi bunun obyektiv və subyektiv səbəblərə bağlı olduğunu deyib:

"Təbii ki, Toğrulun özündə də müəyyən qədər səhlənkarlıq oldu. Ancaq obyektiv və subyektiv səbəblər var. Uzun müddət səhhətində yaranmış problemlə əlaqədar Toğrulun ölkə xaricində müalicəsini həyata keçirdik. Subyektiv səbəb isə, Toğrulu böyüyüb boya-başa çatdıran babasının dünyasını dəyişməsi oldu. Toğrul üçün əziz olan bu insanın həyatını itirməsi ona öz təsirini göstərdi. Bakıya qayıtdıqdan sonra Toğrulla bir daha söhbət edəcəyik. İnanıram ki, sentyabrda keçiriləcək Dünya çempionatında o, yenidən öz sözünü deyəcək. Ona inamımız böyükdür, Dünya çempionatında ondan növbəti uğurunu gözləyirik".

Sərbəst güləş yarışlarında 70 kq çəki dərəcəsində Azərbaycan güləşçisinin finalda Ermənistan təmsilçisi ilə qarşılaşmasına da toxunan Namiq Əliyev erməni güləşçinin Ruslan üçün rəqib olmadığını bildirib:

"Biz Ruslan Dibirhacıyevin çempion olacağını hədəfləmişdik və buna da inanırdıq. Ruslanın yarımqrupu çox ağır idi, orada kifayət qədər güclü idmançılar var idi. Ermənistan güləşçisi isə tam təsadüf nəticəsində finala qədər gəlib çıxmışdı. Erməni güləşçisi Ruslan üçün rəqib deyildi. Final görüşündən öncə də Ruslanla söhbət etdik və o, rəqibi ən azı 10:0 hesabı ilə məğlub edəcəyini bildirdi. Qarşılaşma zamanı görüşün 10:0 hesabı ilə bitməsi də real idi, ancaq hakimlər rəqibə anlaşılmaz 1 xal verdilər. Buna baxmayaraq, güləşçimiz vaxtından əvvəl qələbə qazandı və rəqibindən güclü olduğunu sübut etdi".

AzNews.az