“Ermənistanda seçkilər region üçün taleyüklü mərhələdir” – Şəhla Cəlilzadə

"Ermənistanda bu ilin iyun ayında baş tutacaq seçkilər sadəcə ölkənin daxili siyasəti üçün deyil, regional geosiyasi konfiqurasiya baxımından da taleyüklü hesab olunur. Bu seçkilər Ermənistanda Paşinyan hakimiyyətinin son illərdə formalaşdırdığı siyasi xəttin davam edib-etməyəcəyini müəyyən edən mühüm siyasi mərhələ kimi qiymətləndirilir. Həm yerli, həm də xarici ekspertlər Paşinyanın seçkilərdə qalib gələcəyi ehtimalını yüksək dəyərləndirirlər. Belə ki, hazırkı vəziyyətdə Ermənistan üçün ən optimal, regiona sülh, ölkəyə rifah vəd edən siyasətin məhz Paşinyan tərəfindən həyata keçirildiyi vurğulanır. Onun rəqibləri isə Ermənistanı onilliklər boyu davam edən siyasi-iqtisadi böhrana sürükləmiş, ölkəni dalana salmış şəxslər kimi təqdim olunur. Bu şəxslər arasında keçmiş siyasi “elita”nın nümayəndələri olan eks-prezidentlər Koçaryan və Sarkisyan, həmçinin Samvel Karapetyan kimi yeni siyasi fiqurlar yer alır. Adı çəkilən şəxslərin Rusiyaya bağlı olduqları və revanşist–daşnak düşüncələrinin daşıyıcıları olduqları iddia edilir. Xocalı qatili kimi tanınan Koçaryan 2021-ci ilin növbədənkənar seçkiləri dövründə Paşinyana qarşı daxili qüvvələri konsolidasiya etmək, əhalini üsyana qaldırmaq məqsədilə aktiv fəaliyyət göstərmişdi. Koçaryan elə həmin ildə Rusiyadan bağlılığını qoparmaq görüntüsü yaratmağa çalışaraq Rusiyanın “Sistema” şirkətindəki payını (aktivlərini) təhvil vermişdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanda yaxınlaşan parlament seçkiləri ölkənin daxili siyasi gündəmini yenidən hərəkətə gətirib. Seçki ərəfəsində müxtəlif siyasi qüvvələr və ekspertlər prosesə xarici təsirin mümkünlüyü barədə fərziyyələr irəli sürür, xüsusilə Rusiyanın roluna dair müzakirələr geniş yayılıb. Bəzi erməni politoloqlar hesab edirlər ki, Moskva nəticələrə təsir göstərmək üçün Rusiyada yaşayan erməni icmasının imkanlarından yararlana bilər. Eyni zamanda, bu iddialar Ermənistanın daxili siyasi mübarizəsinin bir elementinə çevrilib. Müxtəlif qruplar xarici faktorları gündəmə gətirərək həm rəqiblərinə təzyiq göstərməyə, həm də ictimai rəyi öz xeyirlərinə yönləndirməyə çalışırlar. Belə şəraitdə ölkədə seçkilər öncəsi siyasi gərginliyin artması ehtimalı da diqqət mərkəzindədir.

Siyasi şərhçi qeyd edib ki, bu teatral gedişlər, o cümlədən kilsə nümayəndələrinin şou xarakterli çıxışları və inqilab çağırışlı liturgiyalar Ermənistan cəmiyyətini inandırmaq və siyasi reorientasiyanı həyata keçirmək üçün yetərli olmayıb.

"Onların cinayət əməllərinin isə bir-bir ifşa olunduğu vurğulanır. Başqa sözlə, Paşinyanın da seçkilərə hazırlıqlı getdiyi, cinayətkar və xarici qüvvələrə bağlı rəqiblərinin – istər biznesmen, istər eks-prezident, istərsə də din xadimləri olsun – iç üzünü ifşa etdiyi qeyd olunur. Hazırda iddia olunur ki, Rusiyada yaşayan ermənilərə iyun seçkilərinə müdaxilə etmələri üçün təzyiq göstərilir və onların seçki ərəfəsində Ermənistana kütləvi şəkildə daşınması üçün avtobus reysləri hazırlanır. Lakin Paşinyan Rusiya ermənilərinin də onu dəstəkləyəcəyinə əmin olduğunu bəyan edib. Həmçinin Rusiya ilə münasibətlərdə incə balansı qorumağa çalışan Paşinyan Qərblə əməkdaşlığın dərinləşdirilməsi fonunda Rusiya ilə də müəyyən sahələrdə strateji əməkdaşlığın davam etdiriləcəyini bildirir. Bu isə onun seçkilərdə qalib gəlməsini təmin edə biləcək ən strateji addımlardan biri kimi qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az