“Neftçi” dünya reytinqində 46 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

AzNews.az-ın məlumatına görə, siyahıda ölkəmizi yenə "Neftçi" klubu təmsil edir. Ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi" yeni dünya reytinqində irəliləyib. Son Azərbaycan çempionu ötən ayla müqayisədə 46 pillə irəliləyərək, 78 xalla 259-cu yerdə qərarlaşıb.

Kamerunun "Kotonsport", Perunun "Universidad", Fransanın "Tuluza", İngiltərənin "Vest Bromviç", Avstraliyanın "Qosfrod", İspaniyanın "Osasuna" və İtaliyanın "Kataniya" klubları da "Neftçi" ilə 259-cu pilləni bölüşdürürlər.
"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "İnter" (İtaliya) 28-ci, "Rubin" (Rusiya) 95-ci, "Partizan" (Serbiya) isə 105-ci olub. Ümumilikdə 400 komandanın yer aldığı siyahıya yenə İspaniyanın "Barselona" klubu başçılıq edir.

Kataloniya təmsilçisi 343 xalla 1-ci, Çilinin "Universidad" klubu 300 xalla 2-ci pillədə qalıb. Argentinanın "Boka Xunyors" klubu isə 286 xalla Madrid "Real"ını 4-cü pilləyə endirib.

Ədil
AzNews.az