Tanınmışlardan kimlər açılış mərasiminə qatılacaq? – SORĞU

Nəhayət, nəinki Azərbaycanın, bütövlükdə bütün Avropanın gözlədiyi məqam gəlib çatdı.


Bu gün saat 20:15-də Bakı Olimpiya Stadionunda Birinci Avropa Oyunlarının açılış mərasiminə start veriləcək. Artıq Oyunlar çərçivəsində sinxron üzgüçülük və su polosu yarışları da başlayıb. Təbii ki, açılış mərasimini yaxından izləmək hər bir azərbaycanlının arzusudur. Ölkənin tanınmış şəxslərindən bu mötəbər tədbirdə kimlər iştirak edəcək?

AzNews.az-ın bununla bağlı keçirdiyi sorğunu təqdim edirik:

Milli Məclisin üzvü Siyavuş Novruzov: "Bu gün Birinci Avropa Oyunlarının açılışında iştirak edəcəyəm. Sevinirəm ki, Azərbaycan belə bir böyük idman yarışına ev sahibliyi edir".

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli: "Mən axşam Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəm. Dostlarla bir yerdə bu mötəbər yarışın açılış bayramını seyr edəcəyik. Çox xoşbəxtəm. Hamımız bayram əhval-ruhiyyəsindəyik, sanki cavanlaşmışıq. Bir aydır ki, bu oyunlarla bağlı tədbirdə məşəl tutmaq üçün qaçıram. Məşəllə bir yerdə 150 metr qaçdım. Bu tədbir Azərbaycanın adınadır. Bütün Avropa Azərbaycana gəlir. Uşaqdan-böyüyə həmin tədbirin iştirakçısı olmalıyıq. Xaricilərin Azərbaycana gəlişi çox vacibdir. Çünki bizim haqqımızda Avropaya çox şaiyələr gedib".

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimli: "Mən bu gün Bakı Olimpiya Stadionunda olacam və açılış mərasimini canlı olaraq izləyəcəm. Sabahdan isə oyunlara tamaşa edəcəyik".

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev: "Bəli, mən də axşam bu mötəbər tədbirin açılış mərasiminin canlı iştirakçısı olacam".

Tanınmış diktor, xalq artisti Rafiq Hüseynov: "Çox təəssüf edirəm ki, mən belə bir tədbirin açılış mərasimində iştirak edə bilmirəm. Səhhətim ona imkan vermir. Amma bütün yarışları efirdən izləyəcəm".

Xalq artisti Fuad Poladov: "Bu gün mənim teatrda tamaşam olduğundan Avropa Oyunlarının açılış mərasimində iştirak edə bilməyəcəm. Əgər tamaşam olmasaydı, mütləq mərasimə qatılacaqdım. Amma növbəti yarışların hər birisində iştirak etmək fikrim var".

Tanınmış şair Ramiz Rövşən: "Mənim bu axsam mühüm tədbirim var. Bu üzdən Avropa Oyunlarının açılış mərasimində iştirak edə bilməyəcəm. Amma tədbirin bundan sonrakı bütün yarışlarını izləyəcəm".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Açılış mərasimində iştirak etməyəcəm".

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: "Avropa Oyunlarının açılış mərasiminə qatılıb-qatılmayacağımı hələ dəqiqləşdirməmişəm. Amma oyunların növbəti yarışlarını izləmək istərdim".

Xalq artisti Zaur Rzayev: "Çox istərdim ki, bir ildən yuxarıdır ki, hazırlıqları gedən Avropa Oyunlarının açılış mərasimində olam. Amma səhhətimlə əlaqədar Naftalandayam. Bu üzdən açılış mərasimini buradan izləyəcəm. Amma oyunların növbəti yarışlarının yarısını canlı olaraq izləyəcəm. Bu, tarixi bir hadisədir. Bir daha təsdiq edir ki, Azərbaycan böyük bir dövlətdir. Az müddətdə belə bir tədbirin öhdəsindən gəlmək yalnız və yalnız bunu təşkil edənlərə alqış düşür. Sevinc, qürur hissi keçirirəm".

Bahar RÜSTƏMLİ
AzNews.az