“ Gələcəkdə yarışın Azərbaycanda da keçirilməsi mümkündür” “ Gələcəkdə yarışın Azərbaycanda da keçirilməsi mümkündür”

Dünya çempionatı Bakıda olacaq?

“ Gələcəkdə yarışın Azərbaycanda da keçirilməsi mümkündür”



Beynəlxalq Voleybol Federasiyasının (FİVB) vitse-prezidenti Aleksandr Borişiç "Rabitə"nin klublararası dünya çempionatında çıxışına münasibət bildirib. O, apasport.az saytına açıqlamasında Bakı təmsilçisinin Qətərdəki mundialda gümüş medal qazanmasını yaxşı nəticə sayıb.

Eyni zamanda, Serbiya Voleybol Federasiyasının prezidenti olan Borişiçin sözlərinə görə, dünya çempionatında 2 dəfə finala çıxmaqla adından söz etdirən "Rabitə" yeni heyəti ilə tezliklə uğurları sıralayacaq: "Dünya çempionatı mövsümün əvvəlində keçirilir. Bu, bir çox komanda üçün problem ola bilər. Çünki klublar mübarizəyə yeni oyunçularla başlayır.

"Rabitə"nin olduqca güclü və səviyyəli voleybolçuları var. Amma hazırda onların daha çox vaxta ehtiyacları var ki, komanda şəklində oynaya bilsinlər. Növbəti uğurların qazanılması üçün bir az gözləməyin lazım olduğunu düşünürəm. Bundan sonra onlar mütləq gözəl nəticə göstərəcəklər".

Son illər dünya çempionatında ev sahibliyi edən Dohanın kişilərdən fərqli, qadınlar arasında baş tutan mundialdan imtina etməsi gündəmə gəlib. Bununla bağlı fikrini açıqlayan FİVB rəsmisi bunun hələ dəqiq olmadığını deyib: "Bu, dolğun məlumat deyil. Çünki onların daha 4 il yarışı Qətərdə keçirmək istəyi var. FİVB-lə əməkdaşlıq etmək istəyirlər. Amma hər şey hələ həllini tapmayıb və gələcəkdə hər şey, yarışın Azərbaycanda da keçirilməsi mümkündür".

Qeyd edək ki, "Rabitə" dünya çempionatında gümüş medal qazansa da, 2 dəfə finala çıxan ilk klub kimi mundial tarixinə düşüb.


AzNews.az