Yunis Hüseynov istefa verməyib, qovulub - QALMAQAL

"Xəzər Lənkəran" klubunun düşərgəsindən xəbərlər sızmaqda davam edir. AzNews.az-a daxil olan məlumata görə, baş məşqçi Yunis Hüseynov, "ağ-yaşıllar"la heç də mətbuatda deyildiyi kimi qarşılıqlı razılaşma ilə deyil, narazılıqla ayrılıb. Srağagün komandanın iç toplantısında son vəziyyət müzakirə olunub.

Əsas tənqid hədəfi kollektivin 1-ci çalışdırıcı olub. "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov onun işindən çox narazı olduğunu deyib.

Bildirib ki, "Sumqayıt" kimi zəif komanda ilə heç-heçə oynamaq klub üçün acınacaqlıdır. Əldə etdiyimiz bilgiyə görə, Yunis Hüseynov da susmayıb. Mütəxəssis, rəhbərliyin ona lazımi şərait yaratmamaqda günahlanlırıb.

İnsafən, "Xəzər Lənkəran" yay transfer pəncərəsində heyəti gücləndirmək istiqamətində addım atmadı. Heç məşqçilər korpusunda da ciddi dəyişilik olmadı. Yunis bəy sələfi Mirça Rednikdən qalan heyətlə -futbolçularla və məşqçilərlə - işlədi.

Xülasə, gərgin toplantıdan sonra Mais Mənsimov sözü gedən baş məşqçini işindən azad edib. Tapşırıq verilib ki, mətbuata Yunis Hüseynovun qarşılıqlı razılaşma əsasında ayrıldığı xəbəri yayılsın.

Kamran Hacı
AzNews.az