“Bizim cəmiyyətdə ov mədəniyyəti tam formalaşmayıb” “Bizim cəmiyyətdə ov mədəniyyəti tam formalaşmayıb”

Heyvanların şəklini çəkən fotoqraf: “Çöl donuzu üstümə cumdu...” – Müsahibə

“Bizim cəmiyyətdə ov mədəniyyəti tam formalaşmayıb”

Elşad İbrahimov mühasibdir. Özəl şirkətlərin birincə çalışır. Onu fərqli edən isə mühasib peşəsi yox, tamam başqa sahəyə olan marağıdır. Elşad vəhşi təbiət fotoqrafçılığı ilə məşğul olur. Vəhşi heyvanların fotolarını çəkməyi sevir. Bunun üçün əlinə fürsət düşən kimi fotokamerasını da götürüb, yollanır təbiət qoynuna; soyuğa, qara, yağışa, istiyə, küləyə fikir vermir, qarşılaşacağı təhlükələrdən çəkinmir...

Bizimlə də bu sevgisini bölüşmək qərarına gəlib...

AzNews.az vəhşi təbiət fotoqrafı Elşad İbrahimovla müsahibəni təqdim edir.

- Nə vaxtdan fotoqrafiya ilə məşğulsunuz?

- Elə də çox təcrübəm yoxdur. İki ilə yaxındır, məşğul oluram.

- Toy fotoqrafçılığı kimi, daha gəlirli və şöhrətli iş varkən, vəhşi təbiət fotoqrafçılığını seçmisiniz. Niyə?

- Bilirsiniz, fotoqrafiya elə bir sənətdir ki, insan təzə başlayanda heç özü də bilmir, nə çəksin. Ona görə hər şey çəkməlidir. Mən də elə edirdim. Qabağıma nə çıxırdı, çəkirdim. Artıq bir müddət sonra insan özünü tapır. Və özündə yəqin edir ki, nə çəkməlidir, nə çəksə, özünü daha xoşbəxt hiss edər. Və yaxud ilk gündən bu yana bütün çəkdiklərinə baxsan, hansı sahənin səni daha çox cəlb etdiyini görərsən. Mən uzun müddət hər şeyi çəkdim, sonra baxdım ki, quşları və heyvanları çəkməyi daha çox sevirəm. Çəkdikcə onların adlarını, xüsusiyyətlərini öyrənməkdən daha çox həzz alıram. Bu sevgim də qağayılardan başladı.

Fotoqrafiyanın gəlir gətirməsinə qaldıqda isə mənim başqa qazanc yerim olduğu üçün burda tam könüllü çalışıram. Toy-nişan, lovstori çəkmək mənə cəlbedici gəlmir. Bir dostumun sözü yadıma düşür: “Camaat çəkir ki, pul qazansın, sən pul qazanırsan ki, çəkəsən”.

Yəni mənim sahəm xərc tələb edən sahədir. Bu işə sevgi olmasa, çox çətindi.

- Hansısa layihələrdə də iştirak etmirsiniz?

- Heç bir layihə çərçivəsində çəkiliş etmirəm. Əslində layihə axtarışına da çıxmamışam. Mən özüm üçün çəkirəm və səhifəmdə də paylaşıram ki, insanlar izləsin. Yeganə qazancım insanların səhifəmi izləməsidir.

- Səhifənizə diqqət çoxdur?

- Bəli. Sosial mediyadakı səhifələrimə kifayət qədər maraq var. Müxtəlif sferaların nümayəndələri üzv olur. Onlar üçün hər bir fərqli quş və heyvan növü maraqlı gəlir. Bu növlərin Azərbaycanda da olması onları sevindirir.

- Gəlin, bir az da bu sahənin incəliklərindən danışaq. Bir həftəsonu kameranızı götürüb və...

- Həftənin əvvəlindən artıq həftəsonu hara gedəcəyim barədə düşünürəm. Yerlər axtarıram. Qət etdikdən sonra həmin yeri araşdırmağa başlayıram. O yerin coğrafiyasını, təhlükəli tərəflərini öyrənirəm. Çünkü orda uzun yürüş edəcəm. Hər şeylə qarşılaşa bilərəm, zəhərli sürünənlərdən tutmuş, yırtıcı məməlilərə kimi (gülür). Birinci növbədə təhlükəsizlik önəmlidir. Düzdü, bunu tam da bacarmıram (gülür). Çünkü bəzən marağım qorxuma güc gəlir. Və həftəsonu yaxınlaşır, mən günəş çıxmamışdan hər şeyimi götürüb yola düşürəm. Uzun yollar qət edirəm, bəzən 400-500 kilometr gedirəm. Bu işin bir pis tərəfi də var ki, maraqlı kadr əldə edəcəyinə zəmanət verilmir. Yəni əliboş da qayıda bilərsən, bu qədər hazırlığın, xərcin hədər gedə bilər. Məndə dəfələlərlə olub. Sevgin o qədər çox olmalıdır ki, belə şeylər həvəsini öldürə bilməsin. Çox şükür ki, mən öhdəsindən gəlirəm, ruhdan düşmürəm.

- Heyvanları fotosunu çəkmək də ovçuluq kimidir? Gizlənmək və pusmaq lazımdır?

- Mən deyərdim ki, ovçuluqdan da çətindir. Ovçu neyləyir: pusur, səbrlə gözləyir və canlını gördüyü anda atəş açır. Ovçu üçün quşun və ya başqa heyvanın duruşu önəmli deyil, əsas odur, güllə dəysin. Bizdə isə heyvanın duruşu çox önəmlidir. Bəzən nadir bir növlə rastlaşırsan, amma istədiyin kimi dayanmır ki, kadra ala biləsən. Ya arxası sənə tərəf olur, günəşin tərs işığında olur. Bilirsiniz, fotonun canı işıq və kölgədir. Təbiətdə çəkilişlər zamanı günəşin istiqaməti vacibdir. İlk ağlına gələn səsi çıxarırsan ki, quş sənə baxsın, onda da gözdən itir. Bacardığın qədər yaxınlaşmağa çalışırsan ki, kadr əla çıxsın, fotonun keyfiyyəti yüksək olsun. Düzdür, çox vaxt bu cəhd uğursuz olur.

- Hansı qoruqlarda və milli parklarda çəkilişlər edirsiniz?

- Qoruqlarda çəkiliş etmək və yaxud da qoruq ərazisinə daxil olmaq bizdə qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xüsusi icazə almaq lazımdır. Buna da girişmirəm, çünki mənə icazə verməzlər (gülür). Əsasən Abşeron, Hirkan, Şirvan Milli Parklarında, yaxud Beşbarmaq, İmişlidə Sarısu, Yevlaxda Kürkeçməz kimi yerlərdə çəkiliş edirəm.

- Çəkiliş zamanı hansı manelərlə qarşılaşırsınız?

- Məsələn, qamışlıq ərazidəsən, əlində kamera çəkiliş edirsən. Bir də görürsən, polis və yaxud həmin ərazinin mühafizəçiləri yaxınlaşırlar ki, burda çəkiliş etmək olmaz. Soruşursan, niyə? Deyirlər burda dövlət əhəmiyyətli strateji obyekt - dəmir yolu, körpü və s. var. Mən belələrinə izah edə bilmirəm ki, 7-8 sm böyüklükdəki quşu çəkdiyim kadra dediyin şeylər düşə bilməz (gülür). Bunun kimi xeyli problemlər olur. Hər görən yaxınlaşıb bir şey deyir, hamısına bir-bir izah etmək məcburiyyətində qalırsan. Bu da adamı yorur.

- Elə quş növləri var ki, onlar yalnız ilin müəyyən vaxtları Azərbaycana gəlir və ya burdan tranzit kimi istifadə edirlər?

- Əlbəttə, elə növlər çoxdur. İstər ölkəmizə qışlamağa gələn növlər olsun, istərsə də qışda ölkəmizdən köç edib yazda gələn növlər olsun. Çox sadalamaq olar. Məsələn, indi Şirvan Milli Parkına getsəniz, yeni gəlmiş qızılqazlar, qutanlar və bir çox növ görərsiniz. Dünyada çox az sayda nöqtələr var ki, ordan köçəri quşlar dəhliz kimi istifadə edirlər. Bu nöqtələrdən biri də bizdə Beşbarmaqdı. Hazırda ora yol çəkilişi ilə bağlı təhlükə altındadır. Bu məsələyə görə çox narahatıq. Müraciət hazırlanır, ümid edirəm, bununla bağlı bir tədbir görülər.

- Ov da edirsiniz?

- Qətiyyən. Mən ova qarşıyam. Hətta bir dəfə bu haqda status yazmışdım, ovçu dostlarımdan böyük təzyiq gördüm (gülür). Bütün dünyada razılaşdırılmış, çərçivə daxilində müəyyən heyvanları ovlamağa icazə verilir, bizdə də həmçinin. Ancaq bəzən çox xoşa gəlməz hallar da görürük. Bizim cəmiyyətdə ov mədəniyyəti tam formalaşmayıb. Bəzən ehtiyacdan artıq ovlayırlar, heç yemirlər də, tullayıb gedirlər. Soruşanda da deyirlər, biz öldürməkdən zövq alırıq, yeməkdən yox. Bu, düzgün deyil, “Qırmızı kitab”a daxil edilmiş nadir növlərin nəslinin kəsilməsinə gətirib çıxarır. Ovçuluğa çox ciddi nəzarət olunmalıdır.

- Hansı heyvaların şəklini çəkmək təhlükəlidir?

- Söhbət Azərbaycandan gedirsə, bizdə də çoxlu yırtıcı heyvanlar var: ayı, canavar, çöl donuzu, bəbir və s. Düzdü, mən hələ onlarla rastlaşmamışam. Ümid edirəm, bir gün təhlükəsiz şəkildə bu heyvanların fotosunu çəkə biləcəm (gülür).

- Bu heyvanlarla heç qarşılaşmamısınız?

- Bu yaxınlarda ağquyruq dəniz qartalını çəkməyə Abşeron Milli Parkına getmişdim. Kolluqların arasında gəzinib qartal axtarışında idim. Bu an qarşıma çöl donuzu çıxdı. İlk dəfə idi görürdüm bu heyvanı: 150 kq ağırlığında, 1.5 m uzunluğunda, 70-80 sm hündürlüyündə. Qarşımda görüncə həyəcanlanmadım desəm, yalan olar. Aparatı gözümə yaxınlaşdırıb heç bir hərəkət etmədən onu çəkməyə başladım. Bu an gördüm cumdu üstümə. Yaxşı ki, maşından çox uzaqlaşmamışdım. Qaça-qaça özümü maşına yetirdim. Qayıtdıqdan sonra mütəxəsislərdən çöl donuzlarının çox təhlükəli olduqlarını öyrəndim. Öldürücü zərbələri olur.

- Ən çox hansı heyvanların şəklini çəkməyi xoşlayırsınız?

- Konkret olaraq, şəklini çəkməyi sevdiyim bir növ yoxdur. Çıxıram təbiətə, hansı növlərlə qarşılaşıramsa çəkirəm, yeni gördüyüm növ olanda bu, məni daha çox xoşbəxt edir. Təbii ki, əgər çəkə biləcəmsə...

- Hansı ərazilərə, qoruqlara getmək və hansı heyvanları çəkmək istərdiniz?

- Mənim hazırda ən böyük arzum Hirkan Milli Parkında bəbir çəkməkdi. Düzdü, bunu canlı çəkə bilmək qeyri-real görünür. Çünkü təhlükə böyükdür. Onun yaşadığı nöqtələrə də hər hansı maşınla falan getmək olmaz. Kiçik arzularıma gəldikdə isə son həftələr çöl pişiyi axtarışındayam. Son iki həftədir, Beşbarmaq tərəfə onu çəkməyə gedirəm, amma təəssüf ki, uğursuz alınır. Bir də canavar çəkməyi çox istərdim.

- Ceyranların rəsmini çəkmisiz. Çətin deyildi, ceyranlar ürkək olurlar?

- Doğru buyurursunuz, ceyranlar çox ürkək olurlar, cəld və sürətlidirlər. Onlara yaxınlaşmaq qeyri-mümkündür. Hər dəfə daha çox təcrübə toplayır və daha yaxınlarına yanaşa bilirəm.

- Azərbaycanda hansı heyvan növləri üçün təhlükə var və siz onların şəklini çəkməklə həyəcan təbili çalmağa çalışırsınız?

- Adətən hər nadir növü çəkib şəklini paylaşdıqda yazıram ki, nadir növdür, nəsli kəsilməkdədir, “Qırmızı kitab”a düşüb. Ümid edirəm, bu bizim kor-koranə ov edən ovçularımız üçün də mesaj olar, daha diqqətli davranarlar.Ümumiyyətlə “Qırmızı kitab”a düşmüş bütün növlər təhlükədədir.

- Bildiyimiz qədəri ilə ailəlisiniz. Buna görə ailədə narazılıq olmur? Gəlirinizin bir qismini, həftəsonlarınızı bura xərcləyirsiniz. Üstəlik özünüzü təhlükəyə atırsınız.

- Əlbəttə olur. Ona görə söhbətimizin əvvəlində qeyd elədim ki, bu peşə bir az çətindi. Təsəvvür edin, iş-güc adamısan, bir həftəsonun olur, sən də həftə ərzində yığılan məişət problemlərini həll etmək əvəzinə həftəsonu şəkil çəkməyə qaçırsan. Hələ üstəlik, hər gedəndə kifayət qədər pul xərcləyirsən... Bunlar hamısı bir statistik azərbaycanlı ailəsi üçün ciddi problenmlər yaradacaq səbəblərdi (gülür).

- O zaman bu problemlərlə nə edirsiniz? Deyəsən fotoqrafçılıq sevginiz güc gəlir.

- Əslində bir şey etmirəm, adətən problem problem olaraq qalır. Bəzən də gedib gəldikdən sonra həll edirəm. Belə deyək, təbiət sevgisi üstün gəlir, vaz keçmirəm, əvəzində daha çox yoruluram.

- Vəhşi təbiət fotoqrafçılığı sizə nə öyrətdi?

- Vəhşi təbiət fotoqrafçılığı ümumiyyətlə təbiətə, onun fauna və florasına qarşı daha diqqətli olmağı öyrətdi. Təbiəti var, olduğu kimi sevməyi öyrətdi. Biz onu dəyişməyə çalışırıq, diqqətsiz davranırıq, bu davranışımızla da onu qəzəbləndiririk. Ancaq dərk etmirik ki, təbiət bizi bağışlamayacaq, qisası çox pis olacaq. Ona görə də, mənim məqsədim bunları çəkməklə insanlara təbiətimizin biomüxtəlifliyinin necə gözəl olduğunu çatdırmaq və onları qorumağın nə qədər önəmli olmasını anlatmaqdır.

- Sərgi keçirməyi planlaşdırırsınızmı?

- Hələlik bu barədə düşünmürəm, gələcək göstərər. Açığını desəm, özümü belə bir sərgiyə, təqdimata layiq də bilmirəm. Çünki nə təcrübəm, nə də peşakarlığım kifayət qədər deyil. Ona görə də gələcək barədə danışmaq hələ tezdir. Adətən şəkil çəkərkən, ərazidə olarkən düşündüyüm yeganə bir şey var, evə tez gedim, fotonu paylaşım (gülür).

Mirmehdi,

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description