“Azərbaycan Ermənistanın təhlükəsizlik təminatlarına inanmır” - Nazim Cəfərsoy

“Doğrusu, mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına şübhə ilə yanaşıram. Çünki hələ də həllini gözləyən ciddi problemlər qalır. Azərbaycanın irəli sürdüyü və konsensus tələb edən məsələlər var. Bu istiqamətdə xüsusilə diqqətçəkən məqamlar mövcuddur. Ermənistan daxilindəki seçki prosesi, siyasi sabitlik və bu prosesin davamlılığı ilə bağlı problemlər var. Hər iki tərəf müəyyən addımlar atsa da, bu problemlərin asanlıqla və davamlı şəkildə həll olunacağına inanmıram. Konsensus tələb edən məsələlər arasında Zəngəzur dəhlizi ilə bağlı məsələ də var. Ermənistan daxilindəki siyasi qeyri-sabitlik bu prosesi daha da çətinləşdirir. Yaxın dövrdə bu məsələlər üzrə sürətli irəliləyiş gözləmirəm. Təbii ki, bu kontekstdə digər regional güclərin – xüsusilə Rusiya, İran, ABŞ, Türkiyə, Çin və Avropa İttifaqının da maraqları rol oynayır. Bölgədə geosiyasi mübarizə hələ bitməyib və yumşalma mərhələsinə də keçilməyib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy deyib.

Qeyd edək ki, son günlər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağı və kommunikasiyaların tezliklə açılacağı ilə bağlı pozitiv şərhlər və proqnozlar səsləndirilir. Artıq bunun yaxın zamanda reallaşacağına demək olar ki, heç kim şübhə etmir.

Siyasi şərhçi bildirib ki, irəli sürülən bəzi təkliflər texniki baxımdan prosesi irəlilətməyi hədəfləsə də, Ermənistan tərəfi hələlik bu istiqamətdə real addımlar atmır.

“Azərbaycan isə bu prosesi uzun illərdir gündəmdə saxlayır. Xatırladaq ki, 2025-ci ildən etibarən prezidentin də bu prosesin 2026-cı ilin yazına qədər yekunlaşa biləcəyini deməsi bu niyyəti əks etdirirdi. Ümumilikdə real, sürətli və müsbət nəticəyə yönələn prosesin qısa müddətdə baş tutacağına inanmıram. Bundan başqa, Ermənistan tərəfindən deportasiya edilmiş azərbaycanlıların geri dönüş prosesi də bu normallaşma paketinin bir hissəsi olaraq gündəmdə qalır. Kommunikasiyaların açılması və digər texniki məsələlər, məncə, nə texniki, nə siyasi, nə də geosiyasi baxımdan tez baş tutacaq proseslər deyil. Hələ də bu məsələyə ehtiyatla yanaşıram. Lakin mümkündür ki, tərəflər sülh sazişinin bəzi razılaşdırılmış hissələri üzrə paraflama mərhələsinə keçsinlər. Bu, test məqsədli və ilkin texniki sənədlərlə müşayiət edilə bilər. Ümumiyyətlə, normallaşma proseslərində əvvəlcə diplomatik məsələlər həll olunur. Tərəflər qarşılıqlı olaraq bir-birlərini rəsmi şəkildə tanıdıqlarını bəyan edir, bunu ya nota şəklində, ya da siyasi bəyanatlarla həyata keçirirlər. Bu mərhələdən sonra səfirliklərin açılması, səfirlərin təyinatı kimi məsələlər gündəmə gəlir. Amma düşünürəm ki, Ermənistan cəmiyyətinin mühüm bir hissəsi hələ də bu normallaşmaya hazır deyil. Məsələn, Ermənistan ərazisində Azərbaycan səfirliyinin açılması halında radikal qrupların və separatçıların hücum ehtimalı kifayət qədər realdır. Ermənistan polisi isə bu kimi hallarda yetərli təcrübəyə malik deyil. Təhlükəsizlik məsələləri də ciddi müzakirə mövzusudur. Azərbaycan tərəfi Ermənistanın təhlükəsizlik təminatlarına etibar etmir. Bu səbəbdən səfirliklərin açılması prosesi ləngiyə bilər”.

Siyasi şərhçi əlavə edib ki, alternativ olaraq Ermənistan Azərbaycanla diplomatik əlaqələri üçüncü bir ölkə – məsələn, Fransa və ya İsveçrə vasitəsilə qura bilər:

“Bu, beynəlxalq praktikada qəbul olunmuş üsuldur. Azərbaycan da bu üsuldan istifadə edə bilər. Tam formatda normallaşma baş verməzdən əvvəl bu tip modellər mümkündür. Bu, yeganə yol deyil, amma real ssenarilərdən biridir. Qarşılıqlı səfərlərə gəldikdə isə, düşünürəm ki, birbaşa lider səfərləri yaxın müddət ərzində baş tutmayacaq. Lakin tərəflər bir-birlərinin beynəlxalq tədbirlərində müəyyən səviyyələrdə – nazir müavinləri, sahə üzrə nazirlər – iştirak edə bilərlər. Məsələn, Azərbaycanın bəzi rəsmi şəxsləri – xarici işlər naziri, energetika naziri və digərləri Ermənistanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak edə, eyni zamanda Ermənistan nümayəndələri də Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərə qatıla bilər. Bununla belə, yaxın zamanlarda Ermənistan baş nazirinin Azərbaycana, yaxud Azərbaycan prezidentinin Ermənistana səfərini real saymıram. Çünki bu səfərlər yüksək təhlükəsizlik riskləri daşıyır və hazırkı mərhələdə belə risklərə getmək məqsədəuyğun deyil. Qənaətimə görə, normallaşma prosesi mərhələli şəkildə, yavaş-yavaş müxtəlif texniki və diplomatik razılaşmalar əsasında həyata keçiriləcək. Sürətli irəliləyiş ehtimalı zəifdir. Məsələn, yolların açılması ilə bağlı müəyyən razılaşmalar ola bilər. Hətta çərçivə sazişi imzalansa belə, bu sənədə əlavə texniki və hüquqi alt razılaşmalar hazırlanmalıdır. Zəngəzur dəhlizi məsələsində də bu yanaşma keçərlidir”.

Siyasi şərhçi əlavə edib ki, bu istiqamətdə çərçivə sənədi imzalansa belə, diplomatik münasibətlərin qurulması, gömrük və nəqliyyat rejimi, sərhəd-keçid prosedurları ilə bağlı ayrıca sənədlərin hazırlanması zəruri olacaq:

“Bundan başqa, ticarət razılaşmaları, sərmayə təşəbbüsləri, ortaq layihələr və qarşılıqlı iqtisadi əməkdaşlıqlar kimi məsələlər də gündəmə gələ bilər. Bu da göstərir ki, qarşıda çoxşaxəli və uzunmüddətli bir proses dayanır. Nümunə olaraq Türkiyə ilə Yunanıstan arasındakı münasibətləri göstərmək olar. 1923-cü ildən 1930-cu ilə qədər iki ölkə arasında münasibətlərin yumşaldılması mərhələləri həyata keçirilmişdi. 1930–1938-ci illərdə isə bu iki ölkə müxtəlif beynəlxalq platformalarda və ortaq layihələrdə birgə iştirak edirdilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az