Medianın inkişafı həm dövlətimizin, həm jurnalistlərin, həm də Mətbuat Şurasının diqqətindədir. Medianın inkişafı həm dövlətimizin, həm jurnalistlərin, həm də Mətbuat Şurasının diqqətindədir.

Özünü təsdiq edən media qurumları yardım ala biləcək - Yadigar Məmmədli

Medianın inkişafı həm dövlətimizin, həm jurnalistlərin, həm də Mətbuat Şurasının diqqətindədir.

Son illər Azərbaycanda “reket” jurnalistika ilə məşğul olanların sayı durmadan artır. Bu da ölkədə medianın azad olmasından sui-istifadə edən dələduzların fəaliyyətinin genişlənməsinə səbəb olur. Belə fəaliyyətin qarşısının alınması üçün Mətbuat Şurası (MŞ) və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Artıq bir neçə belə mətbuat orqanının fəaliyyəti yasaqlanıb və onların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunub. Bəzi müxalif dairələr isə Azərbaycanda “reket” jurnalistika ilə mübarizəni azad medianın sıxışdırılması kimi qiymətləndirir və MŞ-nı tənqid edirlər.

Mövzunu Demokratik Jurnalistlər Liqasının sədri, jurnalist Yadigar Məmmədli ilə davam etdirdik.

AzNews.az jurnalistdən alınan müsahibəni sizə təqdim edir:

- Yadigar bəy, son vaxtlar Mətbuat Şurasının əleyhinə ittihamlar səsləndiyinin şahidi oluruq. Bununla bağlı nə deyə bilərsiniz?

- Əslində Mətbuat Şurasının əleyhinə səsləndirilən çox ittiham var. Reket jurnalistlərlə bağlı səsləndirilən ittihamlar da bunlardan biridir. Əgər ittiham varsa, orda bir iş var. Demək Mətbuat Şurasının hər hansı fəaliyyəti, işi olub ki, onu ittiham edirlər. Mətbuat Şurası xeyli müddətdir ki, fəaliyyətilə jurnalistikaya, 2003-cü ildə qəbul edilən qaydanın prinsiplərinə əməl etməyən jurnalistlərə, KİV qurumlarına qarşı müəyyən tövsiyə xarakterli qərarlar verir. Bilirsiniz ki, MŞ administrativ qurum deyil. Bizim qəbul etdiyimiz qərarlar yalnız tövsiyə xarakterli olub ictimai qınağa yönəlir. Bu baxımdan da bu sahədə tənqid etdiyimiz subyektlər həmin qərarları xoş məramla qarşılamırlar, bizi həmişə tənqid edirlər. Ancaq özlərinə, öz fəaliyyətlərinə baxsalar, yanlışlıqları aradan qaldırsalar, daha yaxşı olardı. Bilirsiniz necədir? Çox təəssüf ki, Azərbaycanda elə vəziyyət yaranıb ki, jurnalistika ilə əlaqəsi olmayan, onun qanunlarını, prinsiplərini bilməyən çox sayda insan var ki, məhz bu peşə ilə məşğul olurlar. Bu, yol verilməzdir. Necə ki, həkim olmayan həkim işləyə bilmir, bu kimi insanlar da prinsiplərini bilməyə-bilməyə jurnalist işləyə bilməz. Buna görə də MŞ bununla bağlı amansız mövqedə olub. Biz bununla barışa bilmirik, bilmərik də. Təbii ki, bütün bunlardan sonra həmin adamların bizi sevməməyi normaldır.

- Sizcə, KİVDF Azərbaycan mətbuatının inkişafında hansı rolu oynayır?

- KİVDF Azərbaycan Respublikası Prezidenti yanında yaranan qurumdur. Bu qurumun yaranması Mətbuat Şurasının təklifi ilə baş tutub. Yəni burda KİVDF tək formada götürülməməlidir. Bu, bir strategiya, konsepsiya idi. Hələ təxminən 10 il bundan qabaq MŞ belə bir konsepsiyanı ortaya atdı. Bu fikir öz təsdiqini tapdı. Cənab prezident bununla bağlı fərman verdi. Azərbaycan büdcəsindən, neft gəlirlərindən əldə etdiyimiz pulların mediaya da yönəldilməsi çox yaxşıdır. O ki qaldı, bunu başqa formaya yozanlar. Bilmirəm, hansı prizmadan baxırlar. Amma hər halda mən KİVDF-nin bu illər ərzində konkret prinsiplər əsasında fəaliyyət göstərdiyi fikrini dəstəkləyirəm. Məqsəd KİV-in inkişafına dövlət dəstəyi idi. Fəaliyyət göstərən KİV-lərin daha da inkişaf etməsi üçün onlara ayrılan maliyyə yardımlarından söhbət gedir. Bu maliyyə yardımları da şəffaf formada, layihələr əsasında həyata keçirilir. Layihələr elan olunur və həmin layihələrlə bağlı KİV-lər iştirak edir və onları əldə edirlər. Hər halda bunun KİV-lərə, qəzetlərə çox böyük yardımı olduğu da aydındır. Son 10 il və ondan qabaqkı illər ərzində qəzetlərin tirajının azalması fonunda ölkəmizdə bu qəzetlərin qalması çox önəmli idi. Qəzetlərin bizim dövrümüzün salnaməsi olduğu, tarixlərin yazıldığı fikri ilə razılaşıram. Necə ki, biz bundan əvvəlki illəri araşdırdıqda ən ciddi dəlil həmin dövrün yazılı mətbuatıdır, buna görə də bu günki dövrün də ən ciddi etibarlı mənbələrindən biri məhz bu qəzetlər və ordakı materiallardır. Buna görə də KİVDF-nin bu xidməti çox təqdirəlayiqdir. Bu gün də bunu düzgün qiymətləndirməsək də, zaman keçdikcə nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxacaq.

- Onlayn mediaya da pul ayrılması barədə ara-sıra fikirlər səslənir.

- Onlayn media yeni media dövrümüzün reallığıdır. Ənənəvi media öz yerini nisbətən daha yeni mediaya verir. Bu model olaraq hər zaman olub. Düşünürəm ki, bu, son deyil. Bundan sonra elə format yaranacaq ki, yeni bildiyimiz medianın da dairəsini müəyyən qədər sıxışdıracaq. Amma əsas dəyişməyən jurnalistikanın özü, onun prinsipləridir. Format dəyişsə də, prinsiplər dəyişmir. Əsas odur ki, jurnalistika öz prinsiplərinə sadiq qalsın. Bu baxımdan onlayn media təşəkkül tapmaqdadır. Yeni media özünü media bazarında təsdiq etməkdədir. Bununla bağlı millət vəkilimiz, MŞ-in sədri Əflatun Amaşov da Milli Məclisdə bununla bağlı fikir səsləndirib ki, yeni yaranan media qurumlarına da dövlətin maliyyəsi ilə məbləğ ayrılsın. Bu fikir bu günə qədər təsdiqini tapmasa da, ümid edirəm ki, yaxın zamanlarda öz yerini alacaq. Düşünürəm ki, formatından aslı olmayaraq medianın inkişafı həm dövlətimizin, həm jurnalistlərin, həm də Mətbuat Şurasının diqqətindədir. Bu gün olmasa da bu, bir gün reallığa çevriləcək. Özünü təsdiq edən media qurumları dövlətin maliyyəsindən yardım ala biləcəklər.

- Bəs sizcə, Azərbaycana aid informasiyaların beynəlxalq auditoriyaya təqdim olunması üçün daha hansı işlər görmək olar?

- Bunun üçün yeni bir model tapmağa ehtiyac yoxdur. İnternet hər kəsin əlinin çatdığı bir məkandır. Biz həmin məkanda güclü, professional olmalıyıq. Bizim onlayn mediamız inkişaf edir. Amma elə olmalıdır ki, bizim məlumatlara, xəbərlərə istinad olunsun. Bu da peşəkarlıq tələb edir. Peşəkarlıqdan başqa Azərbaycanın bu həqiqətlərini, ümumiyyətlə, informasiyanı düzgün bilib elə çatdırmaq lazımdır ki, dünya bizim barədə həqiqətlərdən xəbərdar ola bilsin. Mənə elə gəlir ki, bizim bu missiyanı həyata keçirmək üçün qarşıda görməli olduğumuz işlər var. Mediamız dünya mediasında Azərbaycanla bağlı xəbərlərdə mənbə kimi istifadə olunmur. Təəssüflər olsun ki, dünya çapında iri media qurumları daha çox Rusiya, Türkiyə mediası üzərindən bizdəki xəbərləri ötürürlər. Bu da mənə elə gəlir, düzgün deyil. Biz bununla barışmalı deyilik. O səviyyəyə çatmalıyıq ki, bizim özümüzə istinad olunsun.

- Rəhbərlik etdiyiniz Demokratik Jurnalistlər Liqasında işləriniz necədir, hansı layihələr həyata keçirirsiniz?

- Təəssüf edirəm ki, son zamanlar jurnalist təşkilatlarının media cəmiyyətində təsiri azalıb. Bunun bir sıra səbəbləri var. Amma ən ciddi amil odur ki, əvvəllər xarici donor təşkilatları var idi. Bunların içində müəyyən missionerlik fəaliyyəti ilə məşğul olanlar da olub. Elələri var idi ki, medianın azad, müstəqil olması ilə bağlı layihələr həyata keçirirdi. İndi bu təşkilatlar olmadığı üçün bizim də fəaliyyətimiz aşağı düşüb. Mən istərdim ki, Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması, jurnalistikada ixtisaslaşmanın dərinləşməsi, medianın təsirinin artması istiqamətində daha çox layihələr həyata keçirilsin. Donor təşkilatların olması medianın inkişafına təkan verər.

- Son olaraq gənc jurnalistlərin fəaliyyəti ilə bağlı fikirləriniz necədir?

- Azərbaycanda jurnalistika fakültələri var. Yalnız orda oxumaqla bu peşəyə yiyələnmək doğru deyil. Dünyanın bir çox yerlərində bu fakültələrdən kənarda ciddi qurumların kursları fəaliyyət göstərir. Jurnalistika yenilikləri ilk qəbul və tətbiq edən peşə olduğuna görə yeni texnoloji bilikləri əldə etmək üçün kurslarda iştirak etmək lazımdır. Azərbaycanda çatışmayan cəhət isə bu kursların olmamasıdır. Mən istərdim ki, böyük media qurumlarında bu cür kurslar təşkil olunsun. Necə ki, müəllim, həkim və digər sənət sahiblərinin bacarıqlarını artırmaq üçün bu cür kurslar var. Gənc ya da gənc olmayan bütün jurnalistlər üçün də belə kursların təşkil olunmasını vacib bilirəm.

Pərvanə Ağazadə

AzNews.az