Böyük şəhərlərdə CHP qazansa da... - Cahandar Bayoğlu ilə MÜSAHİBƏ

"Seçkilərin bu şəkildə nəticələnməsi Türkiyə xalqının və dövlətinin qələbəsidir".

AzNews.az dünən Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı BAY Düşüncə Mərkəzinin rəhbəri Cahandar Bayoğlu ilə müsahibəni təqdim edir:

- Cahandar müəllim, Türkiyədə baş tutan bələdiyyə seçkilərini necə dəyərləndirərdiniz?

- Seçkilərin ümumi nəticəsi ilə bağlı onu demək olar ki, Türkiyə seçiciləri dövlətin müstəqilliyinə, möhkəmlənməsinə səs verdi. AKP ilə MHP-nin birliyindən yaranan "Cumhur ittifaqı" 52 faizə yaxın səs yığmaqla özünün prezident seçkilərində olan səsini qoruya bildi. Bununla da gələcəkdə hər hansı bir təkrar seçkinin və Türkiyənin prezident seçkiləri sisteminin mövzusu olan söz-söhbəti aradan qaldırmış oldu. Eyni zamanda, təbii ki, ən bölücü partiya olan HDP Türkiyənin cənub-qərbindən böyük zərbə aldı. Onun siyasi sahədə qalıb-qalmayacağı məsələsi gündəmə gəldi. Bu partiya Şırnak kimi böyük rayonlarda seçkini itirdi. Təbii ki, bunda Türkiyənin qərbində, böyük şəhərlərdə Cümhuriyyət Xalq Partiyasının da səs qazanmasının böyük rolu oldu.

Nəticə etibarilə, bu seçkilər Türkiyədə demokratiyaya, bütöv və müstəqil dövlətə ümumxalq səsverməsi oldu.

- Bəzi mahallarda ixtişaşlar yaşandı, hətta ölüm hadisəsi qeydə alındı. Bunları nə ilə əlaqələndirərdiniz?

- Bu hadisə sadəcə Malatyada bir kənddə muxtar seçkilərində qeydə alınıb. Seçkilər zamanı qohum və qonşuların münaqişəsi nəticəsində ölüm hadisəsi olub. Bunu ümumi Türkiyə daxilindəki seçki prosesinə xələl gətirən amil kimi təqdim etmək doğru deyil.

- Necə yəni, deyirsiniz ki, hadisə seçki prosesindən kənarda baş verib?

- Hadisə kimə səs verib-verməmək məsələsində qonşuların mübahisəsindən meydana gəlib. Bilirsiniz, Türkiyənin bəzi kəndlərində hətta toylarda belə atışmalar olur, adamlar ölür. Ona görə bu məsələni də “Türkiyənin seçki prosesində insanlar bir-birini qırır” kimi dəyərləndirməyə heç bir lüzum yoxdur.

- Dünən həm də Ukraynada prezident seçkiləri keçirilirdi. Amma Türkiyədəki bələdiyyə seçkiləri sanki Ukraynadakı prezident seçkilərini görünməz etdi…

- Bugünkü Türkiyə bələdiyyələri hətta Amerika Birləşmiş Ştatları bələdiyyələrinin hüquqlarından az olmayan səlahiyyətlərə malikdirlər. Ona görə də Türkiyənin bələdiyyə seçkilərinin dünya ictimaiyyəti tərəfindən belə diqqətlə izlənilməsi tək bələdiyyə seçkiləri kimi dəyərləndirilməməlidir, həm də Türkiyənin bölgədə supergüc olmaq istiqamətində atdığı addımlara xalqın dəstəyi kimi dəyərləndirilməlidir.

- Cahandar müəllim, seçki prosesində əsas müzakirələr böyük şəhərlərdə CHP-nin qalibiyyəti ətrafında aparılır. Xüsusən də İstanbulda Binəli Yıldırımın gözlənilməz məğlubiyyəti ictimaiyyətdə ciddi maraq doğurur. Bu barədə siz nə düşünürsünüz?

- Seçkilər başlamazdan əvvəl HDP böyük şəhərlərdə, o cümlədən Qərbdə seçkilərə namizəd çıxarmadı. Başqa namizəd olmayan yerlər də CHP-nin namizədlərini dəstəklədi. Ona görə də Ankarada, İstanbulda, Antalyada, Mersində, Adanada 100-də 10-a yaxın səsə malik olan HDP-nin səsləri CHP-nin qazanmasına səbəb oldu. Eyni zamanda, bilirsiniz ki, İyi pariya böyük şəhərlərdə CHP-ni dəstəkləyirdi və onlar "Millət ittifaqı"nda birləşmişdilər. Bu iki partiyanın rəsmi və ya qeyri-rəsmi ittifaq qurması seçkiləri bu nəticəyə gətirib çıxardı. Amma bu gün İstanbul böyük şəhər bələdiyəsini qazanan CHP İstanbulun 39 ilçəsindən 14-də qalib gəlib. Qalan 25 ilçədə çoğunluk AKP olan Cumhur ittifaqının qələbəsindədir. Eləcə də Ankara, Antalya, Adana, Mersin kimi illərin Böyük Şəhər Bələdiyyələrinin başqanı CHP-li olsa da, bu şəhərlərin hər birində Böyük Şəhər Bələdiyyə Məclisi üzvlərinin böyük çoxluğu Cumhur İttifaqınındadır. Təbii ki, bu, Türk siyasətinin gözəlliyini və özəlliyini göstərir.Bunlar isə o deməkdir ki, CHP bu şəhərlərdə Böyük Şəhər Bələdiyyəsini qazansa belə bələdiyyə başçıları sərbəst qərarlar vermək və onu icra etməkdə tam səlahiyyətli deyil. O, istənilən bir qərarı məclisdən keçirə bilməsə, istədiyini də həyata keçirə bilməyəcək.

Ümumilikdə isə hesab edirəm ki, seçkilərin bu şəkildə nəticələnməsi Türkiyə xalqının və dövlətinin qələbəsi kimi dəyərləndirilə bilər.

Elgün MƏNSİMOV
AzNews.az