"Bəsit mühakimələr bizim ümumi dostluğumuza, münasibətlərimizə xeyir gətirmir" "Bəsit mühakimələr bizim ümumi dostluğumuza, münasibətlərimizə xeyir gətirmir"

Keşikçidağla bağlı qarşılıqlı ittihamlar xoşagələn hal deyil - Mahir Dərziyevlə MÜSAHİBƏ

"Bəsit mühakimələr bizim ümumi dostluğumuza, münasibətlərimizə xeyir gətirmir"

Artıq bir neçə vaxtdır ki, Keşikçidağ (David Qareci) ətrafında baş verən söz-söhbətlər hər iki ölkə mediasının gündəmindədir. Bu gün isə Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirib. Yayılan məlumata görə, fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini əhatəyə alıblar. Onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj vermək olub.

Gürcüstanın siyasi elitası da Keşikçidağ barədə xoşagəlməz fikirlər səsləndirməyə başlayıb.

Məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyevlə həmsöhbət olduq. O, bir sıra maraqlı mətləblərdən danışdı:

- Mahir müəllim, Gürcüstan və Azərbaycan arasında bütün bunlar niyə baş verir?

- Orada bir neçə gəncin aksiya keçirməsini, ümumilikdə Gürcüstan hakimiyyətinin mövqeyi kimi qiymətləndirməyək. Problemin kökü əslində sərhədlərin delimitasiya və demarkasiya olunmamış hissəsinin qalmasıdır. Bilirsiniz ki, Gürcüstan və Azərbaycan müstəqilliklərini bərpa etdikdən sonra hər iki dövlət qonşuları ilə sərhədlərin delimitasiya və demarkasiya prosesini başlatdı. Bu, beynəlxaq səviyyədə qəbul olunmuş bir praktikadır. Lakin Gürcüstanın Ermənistan və Azərbaycanla sərhədlərinin bir hissəsində bu proses tamamlanmayıb. Haradasa, 20 ildən artıqdır ki, bu istiqamətdə hökumətlərarası birgə komissiya işləyir. Sözügedən Keşikçidağ da delimitasiya və demarkasiya olunmamış hissədə yerləşir.

Təbii ki, Azərbaycan və Gürcüstan dost, qardaş və strateji tərəfdaş olan ölkələrdir. Bu əməkdaşlıq bütün sahələrdə günü-gündən inkişaf edir.

- Bəs, niyə zaman-zaman Gürcüstan və Azərbaycan arasında bu kimi xoşagəlməz hallar yaşanır?

- Bəli, bir məqamı xüsusi vurğulamalıyıq ki, bu iki ölkənin dostluğunu, tərəfdaşlığını istəməyən qüvvələr var. Onlar zaman-zaman müxtəlif təxribatlar törətməyə, mövcud əlaqələrə xələl gətirmək üçün əllərindən gələni etməyə çalışıblar. Amma Allaha şükür ki, həm dövlət başçılarımızın müdrik siyasəti, həm dostluq, tərəfdaşlıq üçün xalqların sifarişi bu təxibatların qarşısını alıb.

- Bunlar aydındır, amma sözügedən məsələ prezident səviyyəsində də qaldırılıb. Bilirsiniz, Salome Zurabişvilinin Keşikçidağla bağlı absurd fikirləri var.

- Mən indi o barədə də danışacam. Bəli, dövlət adına Salome Zurabişvilinin bəzi bəyanatlarını misal çəkə bilərsiniz. Amma nə Gürcüstanın baş naziri, nə də xarici işlər naziri belə radikal yöndə, yaxud qarşı tərəfin maraqlarına toxunacaq hər hansı bir bəyanat verib. Bunu tam əminliklə deyirəm. Onu da bilirsiniz ki, Gürcüstan parlament respublikasıdır. Orada prezidentin çox məhdud, təmsilçilik statuslu, simvolik səlahiyyətləri var. Bütün icra hakimiyyəti Baş nazirin əlində cəmləşib. Ona görə də nə Baş nazir, nə də parlament səviyyəsində bu məsələ ilə bağlı belə açıqlamalar olub. Salome Zurabişvilinin Keşikçidağla bağlı müəyyən bəyanatları olsa da, o, Bakıya səfəri zamanı sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsini və tezliklə başa çatmasını arzuladı. Məncə, bu, həm də Azərbaycan tərəfinin mövqeyidir. Təəssüf ki, Zurabişvili prezident seçilən ərəfədə Azərbaycan mətbuatında onun ermənipərəst olması ilə bağlı çox yazılar dərc edildi. Amma o, ilk səfərini Yerevana deyil, məhz Bakıya etdi. Ondan sonra Yerevana gedəndə isə orada açıq şəkildə bəyanat səsləndirdi ki, Qarabağ Azərbaycan torpağıdır və işğal edilib. Bu gün də Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır. Beynəlxalq aləmdə hər zaman Azəbaycanı müdafiə edir.

- Keşikçidağ (David Qareci) məsələsi bundan əvvəl də bir neçə dəfə gündəmə gətirilib. Səbəbi barədə nə deyə bilərsiniz?

- Bəli, hər iki dövlət müstəqilliklərini bərpa etdikdən sonra bu məsələ bir neçə dəfə kəskin formada gündəmə gətirilib. Bu, adətən xristian bayramları ərəfəsində baş verir. Bu dəfə də xristianların Pasxa bayramı günlərinə təsadüf elədi. Xristian bayramları olan dövrdə bu əraziyə ziyarətçi axını dəfələrlə, hətta yüz qat, min qat artır. Bu sıxlıq da orada müəyyən problemlər yaradır. Bildiyim qədər, Gürcüstan tərəfdən gələn hər bir ziyarətçi kompleksin Azərbaycan tərəfində olan müqəddəs yerlərini - Monastr kompleksini, kilsəni də ziyarət edə bilir. Yəni Azərbacan tərəfindən bu məsələyə heç bir maneçilik yoxdur. Çünki bu, bizim dövlətlərarası maraqların ruhuna uyğun olan bir məsələdir. Amma bayram günlərində zəvvarların sayının artması sərhədçilərin işini də müəyyən qədər çətinləşdirir. Ümumilikdə, gediş-gəliş üçün heç bir maneə yaradılmır.

- Mahir müəllim, məsələ ilə bağlı sosial şəbəkələdə hər iki tərəfdən qarşılıqlı ittihamlar, böhtanlar yazırlar...

- Bunlar xoşagələn hal deyil. Həm Azərbaycan, həm də Gürcüstan tərəfdən hamımız çox həssas olmalıyıq. Yəni bu dostluğun, qardaşlığın, əməkdaşlığın qorunub-saxlanması hamımızın vəzifəsidir. Birmənalı olaraq, deyirəm ki, Azərbaycan-Gürcüstan dostluğunun alternativi yoxdur. Qoy, bunu hamı bilsin. Bəzən çox bayağı, bəsit fikirlər irəli sürülür; ay Azərbaycan Gürcüstanın qazını kəssə, belə olar, elə olar… Heç nə də olmaz. Təbii ki, bu gün Gürdcüstanın qaza olan tələbatının əsas hissəsini Azərbaycan təmin edir. Amma bilirsiniz ki, Rusiya Gürcüstan bazarına girmək üçün gecə-gündüz fürsət axtarır. Yəni Azərbaycan qazı olmasa, Gürcüstan qazsızmı qalacaq? Və ya Azərbaycan Gürcüstana investisiya qoymasa, bu, birtərəfli olaraq Gürcüstanamı təsir edəcək? Xeyr, çünki Azərbaycanın özünün də iqtisadi maraqları var. Bunları deməkdə məqsədim odur ki, belə bəsit mühakimələr bizim ümumi dostluğumuza, münasibətlərimizə xeyir gətirmir.

Elgün Mənsimov
AzNews.az