Sanki atamızın köməkliyi ilə biz bu yerlərdəyik Sanki atamızın köməkliyi ilə biz bu yerlərdəyik

"Hələ də elə bilirəm atam nə vaxtsa qayıdacaq"- Həqiqət Şükürova

Sanki atamızın köməkliyi ilə biz bu yerlərdəyik

Bəzən məşhur atalar özlərindən sonra fərsiz övlad miras qoyurlar. Lakin Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmış Əvəz Şükürovun qızı Həqiqət xanım belələrindən olmadı. Belə ki, atasını gənc yaşlarında itirən Həqiqət xanım zəhmət dolu yollarla irəliləyərək məqsədinə nail olub.

AzNews.az Bakının Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova ilə müsahibəni təqdim edir:

- Həqiqət xanım, biraz böyüdüyünüz ailəniz haqda danışmağınızı istərdik...

- Heç kəs dünyaya dəvətnamə ilə gəlmir, öz doğulacağı ailəni seçmir. Yəni, bu sənin istəyindən asılı olmayan bir şeydir. Sən bu ailədə göz açırsan, əvvəlcə valideynlərinə isinişirsən, onların gözü qarşısında böyüyürsən və get-gedə yaşın artdıqca özlüyündə fikirlər yürütməyə başlayırsan. Mən necə bir ailənin övladıyam, necə ailədə böyüyürəm. Ta ki, məktəb yaşına çatırsan. Məktəbə gedəndə hər kəs öz ailəsində aldığı tərbiyəni göstərir. Elə bizim müəllimlər də belə deyirdi ki, hamı öz ailəsinin tərbiyəsini nümayiş etdirir, hər kəs öz ailəsinin güzgüsüdür.

Biz əkiz bacı olmuşuq, valideynlərimizin biraz yaşlı dövründə dünyaya gəlmişik. Anamız uzun müddət vəzifələrdə çalışıb (Hardasa anamızın 40-41 yaşında dünyaya gəlmişik). Vəzifədə işləyən qadın üçün övlad dünyaya gətirmək, onları tərbiyələndirmək çox çətin bir məsələ idi.

Bizim ilk müəllimimiz anamız olub, əlimizdən tutub yazmağı da o öyrədib. Artıq məktəbə gedəndə bacım da, mən də yaza bilirdik. Hətta məktəbdə ilk siniflərdə oxuyandan nağıllar yazırdıq. Biz tamamilə fərqli bir düşüncəyə sahib uşaqlar olmuşuq. Hekayə, kitab yazmağa marağımız var idi. Hər axşam yatanda bizə nağıl oxunmasa yatmırdıq.

- Özünüzü başqa ailənin övladları ilə necə müqayisə edə bilərsiniz?

-Mən hərdən öz uşaqlarıma baxanda görürəm ki, onlar bizim kimi deyillər. Bilmirəm o nədən asılı idi. Bəlkə də əkiz olmağımızdan irəli gəlirdi, bəlkə də valideynlərimizin yaşının çox olmasından... Onlar bizi çox əzizləyirdilər, incitmirdilər. Atamın mənə əsəbiləşdiyini gördüyüm yadıma gəlmir. Anam biziə deyirdi ki, siz elə davranın atanız sizin bu hərəkətinizdən narazı olmasın. Yaxud bilərsə... Mən o “bilərsə” sözünü artıq düşünmürdüm. Hansısa bir səhvi eləsəm və atam bilsə nə baş verər? Düşünürdüm ki, bizi öldürər. Atam çox hökmlü, zəhmli insan olub. O, evə gələndə biz ortalığa çıxmırdıq, qorxumuzdan səsimizi çıxarmırdıq. Mənim yadıma gəlmir ki, uşaq vaxtı atamla üz-üzə oturub bir stəkan su içim. Amma biz böyüyəndə, artıq on-on birinci sinifdə oxuyanda o, bizimlə dost kimi dərtləşirdi. Biz atamızı o zəhminin, hökmünün qarşısında o qədər çox istəyirdik ki... Mən atamı anamdan çox istəmişəm. Ümumiyyətlə,qız övladları atalarını daha çox istəyir.

- Mühafizəkar bir ailənin övladı olmusunuz?

- Atamız heç vaxt bizə sərhədlər qoymayıb. Nə geyimimizə, nə də başqa bir şeyə. Bircə saçımızın uzun olmasını, heç vaxt kəsməməyimizi istəyirdi. Deyirdi qadında ən çox xoşuma gələn saçdır, uzun saç qadının namusudur. Nə bilim, mənim atam elə qiymətləndirirdi.

- Əvəz Şükürovun obrazını necə canlandıra bilərsiz?

- Valideyn olaraq mən həmişə onlarla fəxr etmişəm. Həmişə fikirləşmişəm ki, bəlkə də onların yaşlarının çox olmasına görə bizi böyütməyə zamanları çatmadı. Uşaq vaxtı mənim Allahdan tək istəyim bizim ömrümüzdən kəsib valideynlərimizə verməsi olub.

Atam bir çox vəzifələrdə olub. Əslən Kəlbəcərdən olsa da, ölkənin 90 faizi atamı tanıyıb. Mənim atam millət vəkili olub, icra başçısı vəzifəsində işləyib. O, çox qeyri-adi bir insan idi. Mən bəzən onun hələ də yaşadığını düşünürəm. Elə bilirəm ki, o harasa uzağa gedib. O, uzağa gedib və nə vaxtsa bir də geri qayıdacaq. Atam artıq on üç ildir yoxdur və bu on üç ildə mən hər an onun varlığını hiss etmişəm, getdiyimiz hər yerdə onun adı fəxrlə çəkilib. Onun adının çəkildiyi hər yerdə bizə isti münasibət olub. Yəni, bizim atamız sözünü deyən kişilərdən olub. Mən fəxr edirəm ki, onun qanı mənim damarlarımda axır. Mən bir qadın olaraq Əvəz Şükürov kimi bir kişini ,əlbəttə, sevərdim. O, çox qürürlü, mətin, ailəsinə sahib çıxan, övladlarının hər əziyyətini çəkən, onları heç nəyə ehtiyacı olmadan böyüdən bir ata obrazıdır. O, hər zaman aslanın erkəyi dişisi olmaz deyirdi. Həmişə bizi vicdanlı biri olmağa səsləyirdi, vəzifədə olsaq belə işimizi namusla, vicdanla yerinə yetirməli olduğumuzu deyirdi. Deyirdi ki, ayağınıza dəyən daşlara fikir verməyin. Əgər fikir versəniz, o işin arxasınca gedə bilməzsiniz.

-Həqiqət xanım, hazırda direktorsunuz. Siz necə oldu vəzifə sahibi olmağı düşündünüz?

-Uşaq vaxtından mən vəzifədə olmağı düşünmüşəm. Düzdü, balaca vaxtı oynayanda oyuncaqlarımı düzüb onlara dərs keçirdim, müəllimlik edirdim. Öz arzuma da çatdım, müəllim oldum. Universiteti bitirib evə gələndə atam dedi ki, ay Həqiqət, artıq diplomu da almısan. Nə etməyi düşünürsən? Mən dedim ki, bir arzum var, müəllim olmaq istəyirəm. Həmin vaxt imtahanla işə götürmə yox idi. Atam o vaxt Kənd Təsərrüfatı Nazirliyində ekspertizanın müdiri işləyirdi. Dedim ki, Kəlbəcər məktəbləri olsa daha yaxşı olar. Mən təzə universiteti bitirmişəm, hələ şəhər məktəblərində dərs deməyi düşünmürəm. Atamın bir zəngi ilə məni məktəbə müəllim göndərdilər. Mən ilk dəfə 2005-ci ildən müəllimlik etməyə başladım. O dövrdən bir məqsədim var idi, direktor olmaq. O qədər həvəsim var idi ki, rəhbər vəzifələrdə işləməyə, o qədər marağım var idi ki...

Artıq 2016-cı ildən direktorluğa imtahanla qəbul olmaq olurdu. Həmin il Xəzər Universitetində kurslar var idi. Biz bacımla ora kursa yazıldıq, 3 ay orada oxuduq. Yüksək bal toplamağımıza rəğmən müsahibədə kəsildik. Ondan sonra mənim hazırda işlədiyim məktəbdə direktorun yaşı çox olduğu üçün həmin şəxsi çıxardılar. Artıq 71 yaşı var idi. Həvalə ilə məni ora direktor təyin etdilər. Bu il də yüksək bal topladım, nazirimiz özü şəxsən məni direktor təyin etdi. İndi sözümü onu gətirirəm ki, atam deyirdi ki, diplom varsa, savad varsa, öz bəhrəsini verir və sən öz məqsədinə çatırsan. Bu gün mənim və bacımın irəliləməyimizdə atamızın adı bizə stimul verir. Sanki atamızın köməkliyi ilə biz bu yerlərdəyik. Çünki biz onun varlığını daim hiss edirik.

-İndiki məmur övladları ilə əvvəlki dövrün məmur övladlarını necə müqayisə edə bilərsiniz?

-O dövr üçün millət vəkili olmaq böyük bir vəzifə idi. Biz düşünürdük ki, məmur övladıyıqsa, mütləq hər kəsə nümunəvi olmalıyıq. Hansısa bir səhvin gözəçarpan olmamalı idi. Həm sadə olmalı idin, həm də digərlərindən seçilməli idin. Elə universitet illərində də heç kimdən fərqlənməmişik. Atam özü bizi maşınla aparıb, gətirirdi. Yəni, biz o dərəcədə açıq-saçıq həyat yaşamamışıq. Amma indi də nümunə gətiriləsi məmur övladları çoxdur. Məncə bu tərbiyə evdən gəlməlidir.

-Bir İcra başçısı kimi atanızın gördüyü işlər haqda nə danışa bilərsiniz?

-Kəlbəcər-Laçın yolunu mənim atam açdırıb. Sonra Kəlbəcərdə xəstəxana tikdirib, öz kəndlərində məktəb açdırıb. Atam öz xalqını, millətini sevən bir adam olub. Onun Milli Məclisdəki çıxışına baxanda, mən indi də fəxr hissi keçirirəm. Heydər Əliyev kimi dahi siyasətçinin qarşısında atam o cür çıxış edib. Kəlbəcərin itirilmiş torpaqlarını, əhalisinin nələri qoyub gəldiyini mənim atam sayına kimi bilirdi.

-Bacınızla əkiz olduğunuzu dediniz. Onun haqda da danışmağınızı istərdik...

-Əkiz olmaq çox qəribə bir hisdir. Mən həmişə ona öz güzgüm kimi baxmışam. Çox qəribə bir xasiyyətimiz var idi ki, hər şeyimiz eyni olmalı idi. Telefonumuz da, paltarlarımız da hər zaman eyni olurdu. Mən hətta bir müddət həvalə ilə direktor işləyirdim, Sədaqət onda direktor deyildi. Həmin müddət mən özümü direktor kimi hiss eləmirdim. Elə bilirdim Sədaqət direktor deyilsə, mən də direktor olmuş sayılmıram. Artıq o da direktor kimi fəaliyyət göstərir. Heç vaxt bir-birimizdən fərqlənməmişik. Məktəbdə də, universitetdə də biz bir yerdə olmuşuq. Hazırda fərqli fakültələr olsa da, hər ikimiz Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında oxuyuruq. Yəni, bizim taleyimiz birdi.

-Atanız sizin aranızda fərq qoyubmu, belə bir şey hiss etmisiniz?

-Xeyr, qətiyyən. Hər ikimizi eyni dərəcədə. Anam fərq qoyurdu və bunu hiss etdirirdi. Bacım dəcəl idi, mən çoxbilmiş. Mən öz istədiyimi çox sakit şəkildə edirdim.

-Valideynlərinizdə gördüyünüz tərbiyə ailənizdə, uşaqlarınıza necə təsir göstərib?

-Mən hər zaman atam kimi insan olmağa çalışmışam. Hər zaman atamın xarakterini, rəftarını öz uşaqlarıma yansıdmağa çalışıram. Uşaq bəzən məndən çəkinməlidir, hörmət etməlidir. Atam kimi həmişə övladlarımı dinləyirəm, onları səhvləri ilə qəbul edirəm və bu səhlərinin düzəlməsində onlarla bərabər çalışıram.

Səidə Vahid

AzNews.az