Şagirdlərimə qarşı özümdə həm ciddi, həm tələbkar, həm mülayim müəllim obrazı yaratmışam Şagirdlərimə qarşı özümdə həm ciddi, həm tələbkar, həm mülayim müəllim obrazı yaratmışam

İkinci, üçüncü olmaqdansa, birinciliyi seçdim - Şahmat müəllimi

Şagirdlərimə qarşı özümdə həm ciddi, həm tələbkar, həm mülayim müəllim obrazı yaratmışam

AzNews.az-ın "30 altı" layihəsinin bu həftəki müsahibi öz hobbisini işə çevirən, şəxsi şahmat mərkəzini açan Fidan Talıbovadır.

Talıbova Fidan Rac qızı 1992-ci ildə Ucar rayonunda anadan olub. 6 yaşından şahmat oynamağa başlayıb. Hazırda arzularından ən birincisi olan şahmat mərkəzini açıb.

- Şahmata həvəsiniz necə yarandı ? Kiminsə təkidi ilə getmisiniz, yoxsa öz arzunuz olub?

- Şahmata öz həvəsim olduğu üçün getmişəm. Uşaq vaxtımdan evdə “şahmat istəyirəm”, “şahmata getmək istəyirəm” demişəm. Ondan sonra atam məni şahmat məktəbinə qoyub. İlk müəlliməm Vüsalə xanım olub. Demək olar ki, şahmatda ilk addımları mənə o öyrədib. Onun sayəsində məndə həvəs daha da artıb və hazırda peşəkar şəkildə bu işlə məşğulam.

- Bu sahədə hansı nailiyyətləriniz olub?

- Demək olar ki, uşaq vaxtından bütün zona yarışlarında, bütün olimpiadalarda, beynəlxalq şahmat yarışlarında iştirak etmişəm. Ucar komandasında qızlar arasında birinci olmuşam. 12 yaşlı qızlar arasında olimpiya çempionu olmuşam. Azərbaycan üzrə zona yarışlarında da birinciliyim olub. 10-cu sinifə kimi bütün Azərbaycan yarışlarında iştirak edib, 90 faizində mükafatlandırılmışam.

- Bu illər ərzində heç şahmata ara verdiyiniz, bezdiyiniz vaxtlar olub?

- Demək olar ki, yox. 10-11-ci siniflərdə ali təhsil üçün şahmata bir az fasilə verməli oldum. Qəbul olandan sonra da universitetin nəzdində fəaliyyət göstərən şahmat qrupuna qoşuldum, şahmat yarışlarında yer aldım. Orda da nailiyyətlərim az olmayıb.

Sonradan magistratura illərində də İqtisad Universitetinin şahmat komandasının adından yarışlarda iştirak etmişəm.

- Peşəkar fəaliyyətiniz nə vaxtdan başlayıb?

- Demək olar ki, universiteti bitirəndən. Dörd ildir ki, məşqçi kimi fəaliyyət göstərirəm. Bir çox mərkəzlərdə bu işlə məşğul olmuşam, onlarla tələbəm var.

- Şagirdlərinizə xüsusi öyrətmə metodunuz var, ya sadəcə bütün müəllimlər kimi davranırsınız?

- Şahmatı peşəkar şəkildə öyrənməkdə mənim ideal müəllimim Nəsir müəllim olub. Bu gün bu səviyyədə olmağımda birbaşa onun rolu var. Hər zaman keçdiyim dərs prinsiplərində elə məhz onun üsulu ilə gedirəm. Şagirdlərimə qarşı həm ciddi, həm tələbkar, həm də mülayim müəllim obrazı yaratmışam.

- Bildiyimizə görə özünüzün şəxsi şahmat məktəbiniz var. Bir az bu haqda danışmağınızı istərdik...

- Həmişə arzum olub ki, öz şahmat klubum olsun. İndi kiçik də olsa öz arzumu reallaşdırmışam. Bu klubu Hövsanda açmağı düşündüm. Bakının mərkəz hissələrində şahmat məktəbləri çoxdur. İkinci, üçüncü olmaqdansa, birinciliyi seçdim. Bu ərazidə olmayan bir şeyi reallaşdırdım. “İdea şahmat klubu” artıq fəaliyyət göstərir.

- Bu işdə dəstəkçiniz varmı, yoxsa hər şey sizin tərəfdən maliyyələşir?

- Bütün yarışlar birbaşa özümün dəstəyi ilə həyata keçirilir. Öz nəzarətim altında uşaqlar yarışlarda iştirak edir. Çox peşəkar şəkildə oynayan uşaqlarım var və bu məni olduqca sevindirir. 10-a yaxın birinci dərəcəli şahmatçılarım var. Çox sayda müxtəlif dərəcəli şahmatçılar yetişdirmişəm. Onların uğurları mənim uğurlarımdı.

- Əsas prinsipiniz nədir, ölkə şahmatı üçün nələr etməyi düşünürsünüz?

- Əsas prinsipim şagirdlərimin Azərbaycandan başqa, digər ölkələrdə də birincilik qazanmasıdır. Təbii ki, bunun üçün zaman və təcrübəyə ehtiyac var. Çalışacağıq ki, Azərbaycan şahmatına töhfəmiz olsun, adımız tanınsın.

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description