Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur

Evlilik verilişində tanış olan cütlük: Yazırlar ki, qız çirkindir, oğlan yaraşıqlı - MÜSAHİBƏ

Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur

"Bir kişidə baxış və gülüşə önəm verirəm. Fəridin də çox şirin gülüşü var”. "Oturuşunu, duruşunu bilən, gözəl bir qızdır. Bəyəndim, yəni”.

Bu fikirləri haqqında söz açacağımız cütlük vaxtilə qatıldıqları evlilik proqramında bir-birləri haqqında səsləndiriblər.

"Ailə” rubrikamızın budəfəki qonaqları tanışlıqları "Zuhal Topalla izdivac” proqramından başlayan Fərid Abdullayev və Nagehan Abdullayeva cütlüyüdür.

Tanışlıqları evlilik proqramı vasitəsilə olsa da, hər ikisi proqrama qatılanda, qətiyyən evlənmək fikrində olmadıqlarını deyirlər. Nagehan butik açmaq istəyirmiş, buna görə də? məşhur olmaq fikri ilə proqramda iştirak edirmiş: "Butik açmaq istəyirdim, düşündüm ki, bir az tanınsam, butik işlədə bilərəm. Çünki bu işdə tanınmaq, reklam önəmlidir. Ona görə? verilişə çıxırdım. Mən proqrama qatılandan hardasa 8 ay sonra Fərid gəldi. İlk dəfə gördüyümdə? baxışlarımız toqquşdu, diqqətimi çəkdi, yanımda verilişdə işləyən Əli adlı dostumuz var idi, ondan Fərid haqqında soruşdum. Dedi ki, azərbaycanlı dostumdur. Söhbəti uzatmadım. 2 gün keçdi, Əli mənə zəng edib dedi ki, Fərid Azərbaycana dönür, amma səninlə görüşmək istəyir. Dedim ki, niyə dönür, getməsin (gülür) Dedi ki, qayıdacaq. Beləcə, görüşdük və sevgili olduq. Qarşılaşdığımızdan 3 gün sonra sevgili olduq. Münasibətimizi proqram çərçivəsində etmək fikrində deyildik, amma sonra proqramı hazırlayanlar bunu eşidib məsələni gündəmə gətirdilər. Bizi bir növ ekran qarşısında da sevgili olmağa məcbur etdilər. Ona görə, münasibətimizin əvvəli bir az yalanla başladı. Elə oldu ki, sevgili olmağımız verilişə yaxşı reytinq gətirdi. Buna görə, proqramı hazırlayanlar bizdən pul qarşılığında nişan istədilər. İki həftə sonra nişan etdik və nişanlı rolunu oynamağa başladıq. Nişanlı rolu oynadığımız müddətdə isə bir-birimizə daha çox aşiq olduq. Proqram bitdi, amma biz davam etdik və 6 ay sonra evləndik”.

Fəridin də evlilik proqramına qatılarkən məqsədi məşhurlaşmaq olub: "Uşaqlıqdan məşhurluq arzum var idi və onu reallaşdırmaq istəyirdim. Həmin vaxt Türkiyədə işləyirdim. Bekarçılıq idi, dedim nə edim ki, məşhurlaşım? Beləcə verilişə qatıldım. Qətiyyən evlənmək fikrim yox idi, ancaq elə gedəndən 2 gün sonra Nagehanla tanış olduq. İki gündə məni necə tovladısa, axırda evləndim. Evlilik verilişlərində dedikləri kimi, bir-birimizdən elektrik aldıq (gülür)”.

Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur

Evləniblər, amma toy etməyiblər. Nagehan deyir ki, bunun səbəbi isə hər iki tərəfin valideynlərinin toy ərəfəsində ölkə xaricində yaşaması və ortaq bir vaxt təyin edə bilməmələri olub: "Mənim valideynlərim icazə ala biləndə, onunkularda alınmadı, onlarda alınanda da bizimkilərdə. Türkiyədə isə nikah tarixinin bir vaxtı var, istədiyin vaxt gedib evlənə bilmirsən. Ona görə, gözləyə bilmədik. Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur”.

Bir çox qızlar ağ gəlinlik geyinmək kimi xəyal qurur. Nagehanın bununla bağlı da fikirlərini öyrəndik: "Çəkilişlərlə bağlı o qədər gəlinlik geyinmişəm ki, gəlinlik də bir az mənim üçün adiləşmişdi. Toyda daha çox maraqlı gələn "Love story”dir ki, Fəridlə bunu da çox etmişik. Evlilik proqramında nişan, xına mərasimimiz olmuşdu. Nikahımızda isə bütün dostlarımız yanımızda idi. Ailələrimiz yanımızda olmadığı üçün toy etmədik, pul xərcləmədik, borca girmədik”.

Ailəm əvvəl bu evliliyə razı deyildi

Valideynlərin bu izdivaca razılıq verməsinə gəlincə, Fəridin elə bir problemi olmayıb: "Anam həmişə deyib ki, təki sən xoşbəxt ol. Evləndiyin xanımla sən yaşayacaqsan. Deyir ki, evinə gələndə mənə hörmət qoysun, bəsimdir. Ona görə, narazılıq etmədi”.

Nagehanın valideynləri isə Fəridi yaxından tanıyana qədər bu nikahla bağlı tərəddüdlü olurlar: "Mən Sevda ana ilə (Fəridin anası) nikahımdan iki həftə əvvəl realda tanış oldum. O vaxta qədər isə telefonda görüntülü danışırdıq. O, məni realda görmədən belə, gəlini kimi qəbul etmişdi. Ancaq mənim ailəm əvvəl bu evliliyə razı deyildi. Düşünürdülər ki, Fərid Türkiyə vətəndaşlığı almaq üçün mənimlə evlənmək istəyir. Fəridi tanıdıqdan sonra o fikir aradan qalxdı”.

Azərbaycan gəlini

Nagehan "Instagram” profilində "Azərbaycan gəlini” yazması ilə bağlı da fikirlərini bölüşdü: "Bir azərbaycanlı gəlini olmaq gözəl duyğudur. Elə olmasaydı, onu profilimdə yazmazdım. Çünki o qeydi yazdığımdan yoldaşımın xəbəri yox idi”.

Nagehan ev işlərində Fəriddən çox dəstək gördüyünü də dilə gətirdi: "Mən yemək bişirirəmsə, o süfrəni hazırlayır. Bunu problem etmir. Uşaq dünyaya gələndən sonra isə daha çox kömək etməyə başladı. Bəzən o qədər yorğun olurdum ki, gecə uşaq ağlayanda, səsinə oyanmırdım, Fərid məni oyadırdı, süd verirdim. Hazır yeməklərə keçədən sonra isə növbələşmişdik, iki gün gecə Fərid oyanıb yemək verirdi, iki gün mən”.

Fərid "ev işlərini qadın görməlidir” kimi bir yanaşmaya sahib olmadığını bildirdi: "Evdə hər işi xanım görməlidir” deyə bir şey yoxdur. Vaxtım varsa, niyə də kömək etməyim? Kimsə xanımına kömək etmirsə, mən onlarla bağlı nə isə bir pis fikir də demirəm, hər kəsin öz düşüncəsi, öz yanaşması var. Amma mən kömək edirəm”.

Fərid Nagehanın yeməklərinin dadlı olduğunu desə də, anası ilə xanımın yeməklərini müqayisə etməməyi üstün tutdu: "Düzdür, çox vaxt türk mətbəxindən yeməklər hazırlayır. Amma bizim mətbəxlə bağlı yeməkləri də yavaş-yavaş öyrənir, bişirir. O sualı verməyin ki, anan yaxşı bişirir, yoxsa Nagehan? Çünki o suala cavab versəm, ikisindən biri inciyəcək (gülür)”.

Nagehan isə Fəridin bişirdiyi kartof qızartmasını daha çox sevir: "Mənim vaxtım, həvəsim olmursa, yaxud xəstələnirəmsə, onda Fərid yemək bişirməkdən çəkinmir. Özü də bişirdikləri dadlı alınır. Xüsusilə, kartof qızartması onda bir başqa olur. Hətta kotlet bişirəndə, yanında kartof qızartmaq lazım gələndə, deyirəm ki, kartofu sən bişir”.

Qısqananda, cinlənirəm

Nagehan qısqanc olduğunu etiraf edir: "Keçən dəfə yolda bir hadisə yanaşdı. Fərid öndə gedirdi, mən arxada uşaq və dayə ilə. Hiss etdim ki, qarşıdan gələn qız Fəridi tanıdı. Bizim evli olduğumuzu da çox adam bilir. Çünki proqramdan dolayı Bakıda bizi tanımayan az adam olar. Arxadan gəlirəm, gördüm ki, qız Fəridin gözlərinin içinə baxaraq güldü. Normalda kimsə baxanda reaksiya vermirəm, amma dedim ki, ərimin ağzına girsəydin. Ümumiyyətlə, dünyada belədir ki, barmağında üzük olan kişilər daha tez diqqət çəkir. Fəridin niyə bu qədər diqqət çəkdiyini də deyim. Biz üzdəyik, onun ailəyə, mənə diqqəti, köməyi də çox adamlara tanışdır, ona görə, digər xanımların diqqətini çəkir. Bütün dünyada belədir ki, ailəcanlı kişilər daha tez digər xanımların diqqətini çəkir. Ona görə, qısqanclıqlarım da olur (gülür).

Onu deyim ki, bəlkə də Fərid məndən başqası ilə evlənsəydi, bu cür olmayacaqdı. Fərid mənimlə boşanıb başqası ilə evlənsə, mənimlə olduğu kimi olmayacaq. Çünki bu, mənim əməyimdir. Fəridin məndə, mənim də onda əməyim var. Bir-birimizi yaxı mənada dəyişdirmişik. Ailə insanı dəyişdirir. Başqa biri ilə evlənsə, ailə münasibətləri mənimlə olduğu kimi deyil, tamam başqa cür olardı, mən buna əminəm”.

Fərid deyir ki, qısqanıldığından ləzzət alan bəylərdən deyil: "Qısqananda, cinlənirəm. Bəzən elə birilərinə qısqanır ki, onda ümumiyyətlə, dəli oluram (gülür)”.

Yazırlar ki, qız çirkindir, oğlan yaraşıqlı

Bloggerlərin, məşhur, üzdə olan adamların paylaşımlarından dolayı ailələrinin daha xoşbəxt olduğu kimi bir təəssürat yaranır. Nagehan bildirir ki, fərqlilik, sadəcə tanınmaqla bağlıdır: "Proqrama çıxdım deyə tanındım. Fəridi nə qədər çox sevdiyimi görən azərbaycanlılar məni özlərinə yaxın bildilər və belə-belə, izləyicim artdı. Lakin özümə blogger demirəm. Məni heç tanımadan sevən insan çoxdur, buna görə hər birinə təşəkkür edirəm. Fərqliliyi yoxdur, tanınmaqlığı var. Amma əmin olun ki, tanınmaq da o qədər də yaxşı şey deyil. Bütün dərdləri gətirən tanınmaqlıqıdr. Sevənlər qədər olmasa da, sevməyənlər, könül bulandıran rəy yazanlar da olur. Yazırlar ki, bu niyə türk qızı aldı? Azərbaycanlı qızlar bundan min dəfə yaxşıdır və s. Yaxud yazırlar ki, qız çirkindir, oğlan yaraşıqlı. Amma mən tanınan çox az insanlardanam ki, makiyajsız gəzirəm”.

Davaları da olur. Bu cür hallarda Fərid su olmağa çalışdığını deyir: "Ailədə ümumiyyətlə, dava olmursa, deməli, orda nəsə problem var. Nagehanın qab-qacağı göyə fırlatmağı da, mənim qışqırmağım da baş verir. Yalandan deyə bilmərik ki, hər şey möhtəşəmdir, heç dalaşmırıq və s. Adətən, mən su olmağa çalışıram. Çünki Nagehan tez əsəbiləşir, tez də əsəbi soyuyur. Mən səbirliyəm, sakit dururam. Ümumiyyətlə, hər xırda şeydən ötrü özümü stressə salan deyiləm. Bilirəm ki, bir azdan düzələcək. O əsəbi olanda nəsə deyirsə, mən də davamını gətirəndə söhbət böyüyür. Amma reaksiya verməyəndə, onun da əsəbi soyuyur. Qabları qıranda deyirəm ki, bizi xərcə saldın, gərək yeni qab alaq (gülür)”.

Bir-birlərində bəyənmədikləri xüsusiyyətlər də var. Nagehan Fəridin çox arxayın olmağını sevmir: "Çox rahat adamdır. Bəzən elə iş olur ki, deyirəm ki, indi et. Deyir ki, bir azdan edəcəyəm. O "bir azdan”ı da bir-iki saat çəkir”.

Fəridin də qarşı tərəfdə bəyənmədiyi xüsusiyyət var: "Nagehan çox tez partlayır, anında reaksiya verir”.

Yalançı ailə qursaydım, niyə...

5 aylıq bir qızları var. Nagehan deyir ki, dayəsi olsa da, uşağa özləri çox vaxt ayırmağa çalışırlar: "Dayə var deyə, uşağı evdə qoyub getmirik. Getdiyim çox yerə uşağımı aparıram, dayə evdə olanda belə, uşaqla özüm maraqlanıram. İstəmirəm ki uşağım başqa bir insana bağlansın. Evdə dayə olsa da, dayəsi yoxmuş kimi özüm vaxt ayırıram”.

Təməli evlilik proqramında olan bir münasibətlə bağlı "müvəqqəti ailədir” deyib qeyri-ciddi yanaşanlar da olur. Onlar bununla bağlı da fikirlərini bildirdilər. Nagehan deyir ki, müvəqqəti ailə qursaydı, heç vaxt uşaq dünyaya gətirməzdi: "Yalançı ailə qursaydım, niyə uşaq dünyaya gətirirdim ki? Hələ 26 yaşım var. Uşağa baxmaq isə çətindir, üzərinə məsuliyyət götürürsən. Bu adamdan boşanmaq fikrim varsa, sonra həyatımı yaşamalıyam. Müvəqqəti bir ailə qursaydım, həyatda uşaq dünyaya gətirməzdim. "Ailəniz yalandır” kimi fikirlərə qulaq asmadığım çox oldu. Kimsə elə deyəndə, deyirəm ki, hə, yalançı ailədir, rahatladın? Fikir vermirəm”.

Fərid deyir ki, hətta uşaq olandan sonra da belə fikirlər səsləndirirlər: "İnsanları qınamaq olmur, bəlkə də özləri üçün müəyyən əsasları var. Amma biz normal ailə qurmuşuq, övladımız var. O fikirləri niyə hələ də yazırlar, başa düşmürəm”.

Nagehan deyir ki, ailənin möhkəm olması qadından asılıdır: "Kişi hər dəqiqə çölə çıxmaq istəyəndə, qadın "eşqim, get” deyərsə, həyat yoldaşına bir şeyləri öyrətməyə çalışmazsa, orda ailə olmaq çətin məsələdir. Kişi çox şeyi bilməyə bilər, qadın onu öyrətməlidir. Ailə məsuliyyəti ilə bağlı kişilər qadınlar kimi düşünməyə bilər, qadın bunu kişiyə öyrətməlidir. Boşuna deməyiblər ki, yuvanı dişi quş qurar”.

Fərid də düşünür ki, qadından çox şey asılıdır: "Nagehanla razıyam. Ailəni qoruyub saxlamaqda qadının rolu böyükdür. Hər şeyi dediyi üçün mənə söz qalmadı (gülür)”.

Sonda cütlüyümüz "xoşbəxtik” dedilər.

Aygün Asimqızı

Kaspi.az

image description