Vüqar İskəndərov: “YAP digər partiyaların da güclü olmasında maraqlıdır” Vüqar İskəndərov: “YAP digər partiyaların da güclü olmasında maraqlıdır”

YAP-ın yeni deputatına Hüseynbala Mirələmov barədə sual vermədik, amma görün, o nələr danışdı?!.

Vüqar İskəndərov: “YAP digər partiyaların da güclü olmasında maraqlıdır”

AzNews.az analitik- informasiya xəbər portalının suallarını deputat, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Vüqar İskəndərov cavablandırır

- Cənab İskəndərov, məlumdur ki, Yeni Azərbaycan Partiyasının son qurultayında hakim partiyanın Siyasi Şurası ləğv edildi, İdarə Heyəti genişləndirildi. Müxalif “Real” Partiyasının sədri İlqar Məmmədov YAP-ın yeni idarəçilik sisteminin onlardan götürüldüyünü iddia etdi. Doğrudanmı, partiyanın yeni idarəçilik modelində müxalifət partiyasının təcrübəsindən istifadə olunub?

- Bilirsiniz ki, YAP təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda ən böyük siyasi partiyadır. Partiyamızın sıralarında 700 mindən çox insan birləşir. Siyasi Şuranın ləğv olunması, İdarə Heyətinin formalaşdırılması, mənim də üzv seçildiyim Təftiş Komissiyasına yeni simaların gəlməsi partiyanın çevik fəaliyyəti üçün nəzərdə tutulub. Qəti şəkildə deyə bilərəm ki, yeni idarəçilik modeli heç bir partiyadan götürülməyib. YAP-ın buna qəti ehtiyacı yoxdur. Hakim partiya olaraq dünyanın bir çox partiyaları ilə əməkdaşlıq edirik. Dünya sürətlə dəyişir, yeni tendensiyalar, o cümlədən siyasi partiyaların idarəçiliyində fərqli modellər tətbiq olunur. Əlbəttə, YAP-ın düşünən beyinləri bütün bu yenilikləri diqqətlə izləyir. Eyni zamanda, təşkilatın tabanından gələn təkliflər nəzərə alınır. Partiya vaxtilə Ulu Öndər Heydər Əliyevin ətrafında formalaşmışdı. Milli liderimiz partiya üçün təməl prinsiplər aydın göstərib. Bu təməl prinsiplər pozulmamaqla, Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyası kimi inkişaf edir. Partiyanın qarşısında ciddi hədəflər mövcuddur. Bu hədəflərə gedən yolda sədrimiz, İlham Əliyev tərəfindən yeni model təklif olunub və partiyanın qurultayında qəbul edilib.

- YAP-ın son qurultayında icra katibliyi ləğv olundu. Tahir Budaqov Sədrin müavini və Mərkəzi Aparatının rəhbəri təyin olundu. Sizin də üzv olduğunuz Nəzarət-Təftiş Komissiyası yenidən formalaşdı. Qurultaydan 1 aydan çox zaman keçib. Bu bir ayda partiyanın Mərkəzi Aparatının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Cəmiyyətdə nüfuzu olan insanların partiyada rəhbər vəzifələrdə olması partiyaya ictimai marağı daha da artırır. Belə şəxslərin YAP-da aparıcı vəzifə tutması çox önəmli məsələdir. Partiyamızın Mərkəzi Aparatının rəhbəri- Sədr müavini Tahir Budaqov cəmiyyətdə yetərincə müsbət reputasiyaya malik, təcrübəli, çağdaş siyasi xadimdir. Hazırda Mərkəzi Aparatda formalaşma prosesi gedir. Bu prosesin nəticələrini zaman keçdikcə hamı görəcək, biləcək, eşidəcək. Əmin ola bilərsiniz ki, ölkənin ictimai həyatında nüfuzu olan insanlar, Prezidentin dediyi kimi, savadlı, müasir, vətənpərvər insanlar YAP-ın Mərkəzi Aparatında vəzifələrə təyin ediləcəklər. Yəni, əsas prinsip bundan ibarət olacaq. Belə insanlar partiyamızda kifayət qədərdir. Həmin insanların intellektindən, zəhmətindən cəmiyyətimizin inkişafı üçün istifadə olunacaq.

- Siyasi kluarlardan sızan xəbərlərə görə, bu günlərdə YAP-ın Mərkəzi Aparatı yenidən formalaşdırılacaq, Mərkəzi Aparat rəhbərinin müavinləri təyin olunacaq. Bu nə dərəcə doğru xəbərdir?

- Bu barədə indidən danışmaq, dediyiniz məlumatı təsdiq və ya təkzib etmək, tezdir. Ona görə də bu barədə danışmaq istəməzdim. Partiyanın nizamnaməsinə, Mərkəzi Aparatın əsasnaməsinə uyğun şəkildə Sədr tərəfindən müvafiq qərarlar veriləcək.

- YAP-ın rəsmi namizədi olaraq Milli Məclisə deputat seçilmisiniz. Qeyri-YAP-çı deputatlarla münasibətiniz necədir parlamentdə? Kəskin fikir ayrılıqları olurmu?

-Deyim ki, parlamentdə bu mövzuda çox yaxşı abu- hava var. Bilirsiniz ki, deputat çoxluğu YAP-dadır. Pariyamızdan olan deputatlarla çox yüksək səviyyədə münasibətlərimiz var. Eyni zamanda müxalifəti təmsil edən, yaxud bitərəf deputatlarla da münasibətlərimiz yaxşıdır. Çünki, biz fərqli siyasi əqidə daşıyıcıları olsaq da, parlament müstəvisində həmkarıq. Çalışırıq ki, həmkarlıq münasibətlərimiz bizi birləşdirsin, nəinki fikir ayrılıqları qarşıdurmaya səbəb olsun.

- YAP-ın bir siyasi təşkilat olaraq yaxşı əlaqələrə malik olduğu Türkiyənin hakim partiyası- AK Partiya zaman-zaman vitrin dəyişikliyinə gedir, bununla yeni nəsil siyasətçilərinin formalaşmasının önünü açır. Son zamanlar hakim partiyanın üzvü olan bir sıra müsbət reputasiyalı yeni simalar nəzərə çarpır. Necə düşünürsünüz, yeni funksioner nəsli YAP üçün nələr edə bilər?

- Əslində, uzun müddətdir hakimiyyətdə olan bir partiya kimi, YAP elektoratını dayanıqlı və çevik saxlamaqla çox yaxşı bir təcrübə ortaya qoyub. Bu asan məsələ deyil. Bunun davamlılığı üçün Yeni Azərbaycan Partiyası aktiv fəaliyyət göstərməlidir. Daha müasir düşünən, yeni baxışlı insanaların İdarə Heyəti, Təftiş Komissiyasında irəli çəkilməsi, rəhbər vəzifələrə gəlmələri bu baxımdan normal haldır. Bu proses dayanmayacaq. YAP ölkənin ən inkişaf etmiş partiyası kimi yenilikdən nəinki kənarda qalmalı, hətta önündə getməlidir. Bu bizim üçün çox vacib olan prioritetlərdən biridir.

- Bakı şəhərinin sabiq baş prokuroru və keçmiş deputat, bir zamanlar müxalifət düşərgəsində ən yaxşı hüquqşünaslardan sayılan Çingiz Qənizadə istisna olmaqla, son qurultaya qədər hakim partiya ictimai-siyasi mühitdə püxtələşmiş fiqurları öz sıralarına cəlb etməyə həvəs göstərmirdi. Halbuki siyasi transferlər hər zaman pariyaların, xüsusən də hakim partiyaların güclənməsinə xidmət edir və elə Ulu Öndər Heydər Əliyev də YAP-dan kənarda formalaşmış siyasətçilərə adətən “yaşıl işıq” yandırırdı...

- Ümummilli liderimiz bu partiyanı təsis edərkən ətrafında həmin dövrün nüfuzlu ziyalıları, siyasi fəalları toplanmışdı. Milli liderlə birgə partiyanın qurulmasında o insanların da əməkləri var. Yeni Azərbaycan Partiyasının sıraları genişləndikcə, ilk vaxtlar partiyadan kənarda olan şəxsləri də öz səfinə aldı. Burada qeyri-adi bir şey yoxdur, çünki insanın zaman keçdikcə düşüncələri dəyişə bilər. Bu məqamda yaş, təcrübə, hadisələr də təsirlidir. Odur ki, YAP üzvləri digər partiyalardan gələn şəxslərə heç zaman ögey münasibət bəsləməyib. Bizimlə eyni partiyada olmaq istəyələr üçün partiyamızın qapısı həmişə açıq olub, indi də açıqdır. Son qurultayda Sədrimiz tərəfindən bu barədə də danışıldı.

- YAP Azərbaycan siyasi sistemində dominant partiyadır. Ölkədə keçirilən seçkilərdə YAP-ın rəqibləri bir qayda olaraq ağır məğlubiyyətə uğrayır. Sizə elə gəlmirmi ki, bu dominant mövqe qeyri-sistemli müxalifətin və cəmiyyətin təbii sosial strukturuna yad olan cərəyanların önünü açır, sosial şəbəkələrdə isə populistlərin meydana çıxmasına zəmin yaradır?

- Açığı deyim, elə düşünmürəm. Ölkəmizdə demokratik siyasi sistem var. Azərbaycanın siyasi rəhbərliyi onun marağındadır ki, ölkəmizdə digər siyasi partiyalar güclü olsun. Bu mənada YAP layiqli və güclü rəqib axtarışındadır. Opponentlərimizin güclü olması cəmiyyətimizin ali maraqları baxımından səmərəlidir. Nə qədər güclü müxalifət olarsa, iqtidarda olan partiya öz üzərində daha çox çalışacaq. Odur ki, YAP digər partiyaların da güclü olmasında maraqlıdır.

- Yeri gəlmişkən, bu günlərdə YAP-ın böyük bir trol şəbəkəsinə malik olması barədə İngiltərənin “The Guardian” nəşrində məqalə dərc olunub. Maraqlıdır, 700 min üzvü olan bir partiya nədən trollara ehtiyac duysun ki?

- Bu, təmamilə yalnış yanaşma, dezinformasiyadır. Yeni Azərbaycan Partiyasının belə şeylərə ehtiyacı yoxdur. Heç bir vaxt belə fəaliyyət haqqında düşünməyib. Əksinə, biz özümüz digər partiyaların yanında olan trol qrupları ilə mübarizə aparırıq. Yəqin, məlumatınız oldu ki, artıq “The Guardian” nəşri də bu iddiasını təkzib etdi.

- Azərbaycanda 50-dən çox siyasi partiya var, yəni, qeydiyyatdan keçib. Ancaq onların böyük əksəriyyəti heç “bir sədr- bir qovluq”dan da ibarət deyil. Ehtimallar irəli sürülür ki, “Siyasi partiyalar haqqında” qanun dəyişəcək, yenidən qeydiyyat aparılacaq. Parlamentdə bu barədə hansı mövqelər mövcuddur?

- “Siyasi partiyalar haqqında” qanunla bağlı, bildiyim qədər, parlamentdə müzakirə olmayıb. Sadəcə, öz şəxsi fikrimi deyə bilərəm ki, istəməzdim Azərbaycanda bir “möhür”, iki- üç nəfər qohumdan ibarət partiyalar olsun. Qoy, elə partiyalar varsa, birləşsinlər, böyüsünlər. Hər halda, 10 milyonluq ölkədə 50- dən yuxarı sayda partiyanın olması real mübarizə mühiti yaratmır. Bununla belə, Azərbaycan Prezidentinin Administrasiyasında yaradılan yeni şöbə- Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yetərincə səmərəli fəaliyyət göstərərək siyasi təşkilatlarla hakimiyyət arasında dialoq platforması qurub. Bu platformanın qurulmasında şöbənin müdiri Ədalət Vəliyevin zəhməti xüsusi qeyd olunmalıdır. 44 günlük Vətən savaşında əksər partiyaların ortaq və milli mövqedən çıxış etməsini bu dialoqun əhəmiyyətli nəticələrindən saymaq mümkündür.

- Necə düşünürsünüz, Azərbaycan gerçəkliyində nə qədər partiya olsa yaxşıdır? Belə fikirlər var ki, Azərbaycanda təbii sosial diferensasiya uzaqbaşı 5 və ya 6 partiyanı tərəfdarla təmin edə bilər.

- İdeoloji spektr genişdir. Sadəcə, bu ideoloji cərəyanlar yaxınlığına görə bir siyasi təşkilatda da təmsil oluna bilərlər, yaxud ayrıca partiya kimi çıxış edə bilərlər. Azərbaycan bir hüquq dövləti olaraq ideoloji baxışlara məhdudiyyət qoya bilməz. Bu baxışların necə təşkilatlanması isə başqa məsələdir. Əgər real yanaşsaq, Azərbaycanda təxminən 10-15 siyasi partiyanın səhnədə olması mümkündür.

Şəlalə BABAYEVA,

AzNews.az