"Osmanlı hökuməti erməni dövlətinin yaradılmasının əleyhinə idi" "Osmanlı hökuməti erməni dövlətinin yaradılmasının əleyhinə idi"

İrəvan ermənilərə necə verildi? - Tarixçi anladır

"Osmanlı hökuməti erməni dövlətinin yaradılmasının əleyhinə idi"

Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovla müsahibə

Vasif müəllim, Batum konfransında Azərbaycan tarixinin ən taleyüklü qərarlarından biri qəbul edilmişdi. Məlumdur ki, türklər Batum konfransında Zaqafqaziya Seyminin üzvü olan tərəflərə qarşı ərazi tələbləri ilə çıxış edirdilər. Bu sərt tələblərə nə səbəb olmuşdu?

– Bolşeviklər I Dünya müharibəsindən çıxdıqdan sonra Dördlər İttifaqı ilə Sovet Rusiyası arasında Brest-Litovsk sülh müqaviləsi imzalandı. Həmin müqavilənin Qafqaza aid olan 4-cü maddəsinə görə, Rusiya ordusu işğal altında saxladığı Şərqi Anadolu ərazilərini və 1877-1878-ci il Rusiya-Osmanlı müharibəsi nəticəsində Osmanlı dövlətinin ödəyə bilmədiyi təzminatın əvəzi olaraq Rusiyaya verməyə məcbur olduğu Qars, Ərdəhan və Batum vilayətlərini boşaltmalı idi. Qeyd olunan müharibədə qalib gələn Rusiya Osmanlı üzərinə 1 milyard 400 milyon rubl təzminat qoymuşdu, Qars, Ərdəhan və Batum Rusiyaya verildikdən sonra bu təzminatın məbləğindən 1 milyard rubl çıxılmışdı. Bolşeviklər “təzminatsız və ilhaqsız sülh” şüarı irəli sürdüklərindən, türklər də bundan istifadə edərək Brest-Litovsk sülh konfransında Qars, Ərdəhan və Batumun geri qaytarılması məsələsini qaldırdılar. 1918-ci il mart ayının 3-də imzalanan Brest-Litovsk sülhündən sonra Cənubi Qafqazda siyasi və hərbi proseslər başqa səmtdə inkişaf etməyə başladı. 1918-ci il fevralın 23-də yaranan Zaqafqaziya Seymi bolşevik hakimiyyətini və Sovet Rusiyasının imzaladığı Brest sülhünü tanımadığını bəyan etdi və bu müqavilənin Qafqaza aid maddələrini yerinə yetirməkdən imtina etdi. Rus ordularının işğalı altında olan Şərqi Anadolu ərazilərini və Qars, Ərdəhan və Batum vilayətlərini boşaltmağı Bretdə Sovet Rusiyasına qəbul etdirən Osmanlı hökuməti bunları Zaqafqaziya Seyminə də qəbul etdirmək məcburiyyətində qaldı. Dolayısı ilə, Osmanlı hökumətinin Zaqafqaziya Seymindən Qars, Ərdəhan və Batumu boşaltmağı tələb etməsi ona qarşı irəli sürdüyü yeni ərazi iddiası olmayıb, Brest sülhünün qərarlarını yerinə yetirmək tələbi idi.

– Həmin ərazilərdə plebissit keçirildimi?

– Bəli keçirildi, amma bir qədər sonra. Çünki bu əraziləri tərk edən rus orduları öz silahlarını erməni və gürcülərə vermiş və onların yerini erməni və gürcü qoşunları tutmuşdular. Plebissitin keçirilməsi üçün ilk əvvəl bu ərazilər boşaldılmalı idi ki, türk hakimiyyət orqanları bu səsverməni keçirə bilsinlər. Buna görə də plebissitin keçirilməsi bir qədər sonra, bu ərazilər erməni və gürcülərdən azad ediləndən sonra həyata keçirildi. Plebissitin nəticələri də göstərdi ki, adı çəkilən vilayətlərdə yaşayan əhali Osmanlı hakimiyyəti altında yaşamaq istəyir. Həmin ərazilərdə yaşayanların böyük əksəriyyəti türk-müsəlmanlar idi və təbii olaraq onlar Osmanlı dövlətində yaşamaq istəyirdilər.

– Seym sözü bəs necə, haradan meydana gəldi?

– 1918-ci ilin yanvarında bolşeviklər tərəfindən Müəssislər Məclisinin qovulmasından sonra Zaqafqaziya Komissarlığı Cənubi Qafqazdan bu məclisə seçilmiş nümayəndələri fevral ayında bir yerə topladı və hakimiyyəti onlara təslim etdi. Bu nümayəndələr də qərara gəldilər ki, Rusiyadakı siyasi vəziyyət aydınlaşana qədər hələlik Zaqafqaziya parlamentini yaratsınlar. Bu qərar üzrə 1918-ci il fevralın 23-də yaradılan Zaqafqaziya parlamenti Polşa Seymi əsasında formalaşdığı üçün bu qurum Zaqafqaziya Seymi adlandırıldı.

– Bəs nə üçün Zaqafqaziya Seymi Rusiyanın öhdəliyini yerinə yetirmək istəmirdi?

-Zaqafqaziya Seymi də komissarlıq kimi özünü Rusiyanın bir hissəsi hesab edirdi, lakin komissarlıqdan fərqli olaraq bolşevik hakimiyyətini tanımırdı və onunla əlaqələrini kəsmişdi. Seym özünü o Rusiyanın hissəsi hesab edirdi ki, həmin demokratik Rusiya Müsəssislər Məclisi tərəfindən elan edilməli idi. Bolşeviklər də Müəssislər Məclisini qovduqlarından və Rusiyada vətəndaş müharibəsi alovlandığından Seymin özünü tərkib hissəsi elan etdiyi həmin Rusiya faktiki olaraq mövcud deyildi. Buna görə də Seym bolşeviklərin imzaladığı Brest müqaviləsini tanımadığını bəyan edib, onun qərarlarını yerinə yetirməkdən imtina etdi. Osmanlı hökuməti də məcbur olub Brestdə əldə etdiyi uğurları Zaqafqaziya Seyminə də qəbul etdirmək üçün konfrans keçirmək qərarına gəldi. 1918-ci ilin martın 14-də tərəflər arasında Trabzon konfransı öz işinə başladı. Konfransda Zaqafqaziya nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrinə etiraz etdi. Lakin türklər bu etirazı rədd edib bildirdilər ki, Zaqafqaziyanın Brest sülhündə marağı və mənafeyi olduğu üçün beynəlxalq hüquq normalarına cavab verən prinsiplər əsasında təşkil olunmalı və digər dövlətlər tərəfindən tanınması üçün tədbirlər görməli idi. Ona görə də Zaqafqaziya hökuməti indi tanınsa belə, əvvəlki beynəlxalq hüquqi prinsiplərə etiraz edə bilməz. Halbuki, həmin hökumət yanvarın 23-də Vehib paşaya vurduğu teleqramda özünün Rusiyanın tərkib hissəsi olduğunu bildirmiş və Brest sülhündə iştirak etməkdən imtina etmişdi. Türk nümayəndələrinin fikrincə, əgər doğrudan da Zaqafqaziya hökuməti beynəlxalq hüququn subyekti olmaq istəyirsə, onda tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. Belə olan təqdirdə Türkiyə onunla mehriban qonşuluq münasibətlərinə girməyə hazırdır. İndi Zaqafqaziya komissarlığı bir tərəfdən özünü hələ də Rusiyanın bir hissəsi hesab edir, digər tərəfdən də Sovet Rusiyasının imzaladığı Brest müqaviləsini tanımaqdan imtina edirdi. Buna görə də tərəflər arasında bir aya qədər davam edən danışıqlar uğursuzluqla nəticələndi. Zaqafqaziya Seymi türk tələbləri qarşısına silahla çıxmaq haqqında qərar qəbul etdi. Zaqafqaziya Seymi və hökumətinin fəaliyyətini iki həftəliyə donduruldu, Gegeçkori, Ramişvili və Korçikyandan ibarət Ali Müdafiə Şurası yaradıldı. Azərbaycanlılar Türkiyə ilə müharibənin əleyhinə olduqları üçün onlar bu Şuraya daxil edilmədilər. Aprelin 14-də Trabzondakı heyət geri çağırıldı. Lakin bu tədbirlər türk qoşunlarının irəliləməsinin qarşısını ala bilmədi, səkkiz günlük müharibədən sonra Seym türklərin sülh təklifini qəbul etməyə məcbur oldu. Beləliklə, Osmanlı dövləti Brest-Litovsk sülhü ilə əldə etdiyi ərazilərə silah gücünə yiyələndi, bu da öz növbəsində Batum konfransında Türkiyənin mövqeyinin sərtləşməsinə və yeni ərazi tələbləri ilə çıxış etməsinə gətirib çıxardı.

– Və Zaqafqaziyada müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikası yarandı?

– Osmanlı dövlətinin Zaqafqaziya Seymi qarşısında əsas iki tələbi var idi. Birincisi, əgər bu hökumət Rusiyanın tərkib hissəsidirsə, o zaman Rusiyanın imzaladığı Brest müqaviləsinin şərtlərini yerinə yetirməlidir, yox əgər Osmanlı dövləti ilə müqavilə münasibətlərinə girmək istəyirsə, o zaman Rusiyadan ayrıldığını və müstəqilliyini elan etməlidir. İkincisi, Osmanlı dövləti o zaman Seymi tanıyıb onunla müqavilə münasibətlərinə girəcəkdir ki, o, Brest sülhünün qərarlarını qeyd şərtsiz yerinə yetirsin. Türk ordularının hücumları qarşısında tab gətirə bilməyən Zaqafqaziya Seymi Türkiyənin tələblərini qəbul etməyə məcbur oldu. Aprelin 22-də Türkiyə tərəfi sülh təşəbbüsü ilə çıxış etdi. Elə həmin gün Seymin iclasında Zaqafqaziya müstəqil Demokratik Federativ Respublika elan olundu. Həmçinin burada Türkiyə ilə sülh danışıqlarının davam etdirilməsi və tezliklə sülh müqaviləsinin bağlanması haqqında qərar qəbul edildi. Yeni hökumətin yaradılması sülh tərəfdarı olan Akaki Çxenkeliyə tapşırıldı. Aprelin 23-də Çxenkeli Vehib paşaya məlumat verib bildirdi ki, öz müstəqilliyini elan etmiş Zaqafqaziya Respublikası Türkiyənin tələblərini qəbul edir və Brest-Litovsk sülhü əsasında danışıqları davam etdirməyə hazırdır. Çxenkeli, həmçinin xahiş etdi ki, sülh danışıqları Batumda davam etdirilsin. 1918-ci il aprelin 26-da Osmanlı dövləti Zaqafqaziya Respublikasının müstəqilliyini tanıdı və sülh danışıqlarının Batumda keçirilməsinə razılıq verdi.

– Batum konfransında Osmanlı dövləti yenə də Trabzon konfransındakı tələblərini ortaya qoydu, yoxsa yeni tələblərlə çıxış etdi?

– Batum konfransı may ayının 11-də açıldı. Konfransın ilk iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə Brest müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini bildirib, Türkiyənin hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Qars-Aleksandropol-Culfa dəmir yolu daxil idi. Bundan əlavə, İngiltərəyə qarşı müharibə davam etdiyi müddətdə Türkiyəyə Zaqafqaziyanın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməli idi.

– Bəs Zaqafqaziya nümayəndə heyətinin bu tələbə münasibəti necə oldu? Hər halda Trabzon danışıqlarının nəticəsiz qalması Zaqafqaziya üçün ağır nəticələnmişdi.

– Trabzon konfransı elə Zaqafqaziya Seyminin məntiqsiz mövqeyi ucbatından uğursuzluqla nəticələnmişdi. İndi də Zaqafqaziya heyəti Brest-Litovsk müqaviləsi əsasında Türkiyə ilə müqavilə imzalamaq üçün Batuma gəlmişdi. Bu tələblərlə bağlı Zaqafqaziya nümayəndə heyəti, həmçinin Seymdəki fraksiyalar qəti bir qərara gələ bilmədilər. Zaqafqaziya Seymi əslində məcburiyyət qarşısında yaranan bir orqan idi. Seymin yaranmasından sonra onun ilk işi Türkiyə ilə sülhə nail olmaq idi. Elə bu ilk addımında Seymdəki fraksiyalar arasında ciddi fikir ayrılıqları və ziddiyyətlərin olduğu ortaya çıxdı. Seym heyətində olan gürcü, azərbaycanlı və ermənilərin hər biri Türkiyə ilə separat danışıqlara mey edirdilər ki, təmsil etdikləri xalqın mənafeyini qorusunlar. Hələ Trabzon konfransı dövründə erməni və gürcülər Türkiyənin tələblərini rədd edib, onunla müharibə aparmağa çalışırdılarsa, Azərbaycan fraksiyası qarşılıqlı güzəştlər əsasında Osmanlı imperiyası ilə razılığa gəlməyi təklif edirdi. Ərazi məsələlərinin müzakirəsi son anda ona gətirib çıxartdı ki, gürcülər Batumu əldə saxlamaqla Qars və Ərdəhanın güzəştə gedilməsinə razı idilərsə, ermənilər Batum və Acariyanın güzəştə gedilməsinə tərəfdar olub, Qarsın Türkiyəyə verilməsinə razı deyildilər. Azərbaycan fraksiyası isə bu fikirdə idi ki, Qars və Ərdəhanın əhalisinin əksəriyyəti türklər olduğu üçün Brest-Litovsk müqaviləsinin bu iki vilayət haqqındakı maddələri yerinə yetirilməlidir. Onların fikrincə, Acariya Zaqafqaziyanın tərkibində ayrıca müsəlman respublikasına çevrilməlidir, əgər bu mümkün olmazsa, onda o, Türkiyəyə birləşdirilməlidir. Batum isə xaricə mühüm çıxış yolu kimi Zaqafqaziyanın tərkibində qalmalıdır. Zaqafqaziya nümayəndə heyətinin tərkibində Trabzonda olan azərbaycanlı nümayəndələrdən Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmməd Həsən Hacınski və Əhməd Cövdət Pepinov aprelin 8-də Batum məsələsi ilə bağlı Osmanlı heyətinə ayrıca bir memorandum təqdim etdilər. Lakin Azərbaycan nümayəndələrinin bu təşəbbüsləri nəticəsiz qaldı. Batum konfransının ilk iclasında Türkiyənin irəli sürdüyü tələblər Zaqafqaziya Seymini süquta apardı. Türk tələblərinə münasibətdə ümumi bir mövqeyə gələ bilməyən Zaqafqaziya heyətində fikir ayrılıqları və ziddiyyətlər daha da dərinləşdi. Bu da öz növbəsində heyətdə təmsil olunan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin ayrı-ayrılıqda Türkiyə və Almaniya ilə danışıqlar aparmasına gətirib çıxartdı. Gürcülər türk tələbləri qarşısında çıxış yolu kimi Almaniyaya sığınmaq qərarına gəldilər. Almaniya gürcüləri himayəyə götürməyə razı olduğunu bildirdi, amma bir şərtlə ki, Gürcüstan Seymdən çıxaraq öz müstəqilliyini elan etməlidir. Gizli aparılan gürcü-alman danışıqları “Poti razılaşması” ilə nəticələndi ki, bu razılaşma ilə Gürcüstan Federasiyadan çıxıb öz müstəqilliyini elan edir və Almaniyanın qəyyumluğunu qəbul edirdi.

– Zaqafqaziya Seyminin parçalanmasına Osmanlı hökumətinin münasibəti necə oldu?

– Osmanlı hökuməti bir tərəfdən Zaqafqaziya Seyminin parçalanmasını istəmir, digər tərəfdən də Batum konfransında irəli sürdüyü ərazi tələblərinin heç birindən geri çəkilmək fikrində deyildi. Əslində Osmanlı hökuməti 1918-ci ilin yazından etibarən çalışırdı ki, Şimali Qafqazı da Zaqafqaziya Seyminə daxil etsin və bununla Seymdə müsəlman çoxluğuna nail olunsun. Osmanlı hökuməti Rusiya ilə Türkiyə arasında bufer rolunu oynayacaq bir Qafqaz dövlətinin mövcudluğunu istəyirdi, lakin bu dövləti gürcü və ermənilərin müsəlmanlar üzərində hakim mövqeyə malik bir dövlət kimi deyil, əksinə müsəlmanların gürcü və ermənilər üzərində üstün mövqeyə malik olduqları bir dövlət kimi görmək istəyirdi. Lakin göstərilən cəhdlər bunu təmin edə bilməmişdi. Bu halda İstanbul hökuməti federasiyanın parçalanmasına loyal yanaşdı və bu dövrdən etibarən Almaniyanın müdafiə etdiyi gürcü və ermənilərə qarşı Azərbaycan və Şimali Qafqazı müdafiə edib təşkilatlandırmaq yolunu tutdu.

– Azərbaycanlılar necə?

– Bəhs edilən dövrdə Azərbaycan nümayəndələri Zaqafqaziya federasiyasının parçalanmasını istəmirdilər. Buna görə də Azərbaycan nümayəndələri gürcülərə ermənilərsiz Azərbaycan-Gürcüstan federasiyasının yaradılmasını təklif etdilər, lakin gürcülər öz milli dövlətlərini yaratmağı yeganə çıxış yolu gördülər. Bu vəziyyətdə Azərbaycan nümayəndələri də adekvat addım atacaqlarını bəyan etdilər. 1918-ci il mayın 26-da gürcülərin Zaqafqaziya Seymindən çıxmaq haaında bəyanatı elan edildikdən sonra Seym dağıldı. Bundan 2 saat sonra gürcü milli şurası Gürcüstanın müstəqilliyini elan etdi.

– Bu vəziyyətdə Azərbaycanın müstəqilliyinin elan edilməsinə və müstəqil Azərbaycan dövlətinin yaradılmasına münasibətdə Osmanlı hökumətinin mövqeyi necə idi?

– Bəhs olunan dövrdə Xəlil bəy Menteşə başda olmaqla Osmanlı hökumətinin siyasi qanadı belə bir vəziyyətdə müstəqil Azərbaycan dövləti yaradılmasının tərəfdarı idilər. Lakin Ənvər paşa başda olmaqla hakimiyyətin hərbi qanadı Gürcüstan xaricində bütün Qafqazın Osmanlı dövlətinə birləşdirilməsi mövqeyindən çıxış edirdilər. Osmanlı hökumətinin “dördüncü adamı” hesab olunan Xəlil bəy Menteşə sədrəzəm Tələt paşanı da öz mövqeyi ilə razı sala bildi. Xəlil bəy hadisələri düzgün, məntiqi qanunauyğunluqla dərk edən bir şəxs idi. O haqlı olaraq qeyd edirdi ki, Brest sülhü ilə Qafqazı Rusiya ərazisi kimi tanıyan Osmanlı dövlətinin bu ərazinin bir qismi olan Azərbaycanı ilhaq etməsi Rusiya ilə yeni müharibə təhlükəsi yarada bilər. Bu siyasət Almaniya tərəfindən də dəstəklənmədiyi üçün Türkiyə Rusiya qarşısında tək qala bilər. Buna imkan verməmək üçün ilk əvvəl Azərbaycanın müstəqilliyinin Almaniya və Rusiya tərəfindən tanınmasına nail olunmalıdır, bundan sonrakı mərhələdə Azərbaycanı Türkiyəyə ilhaq, ittifaq və ya digər bir formada birləşdirmək mümkündür.

– Vasif müəllim, bəs erməni dövlətinin yaradılmasına münasibətdə Osmanlı hökumətinin mövqeyi necə idi?

– Osmanlı hökumətində əsas simalar olan Tələt və Ənvər paşalar mövcud vəziyyətdə erməni dövlətinin yaradılmasının əleyhinə idilər. Lakin istər gürcülər, istərsə də azərbaycanlılar təkid edirdilər ki, nəyin bahasına olursa-olsun erməni dövləti yaradılmalıdır. Bu vəziyyət qarşısında sədrəzəm Tələt paşa mayın 24-də Batum konfransındakı Osmanlı heyət rəhbəri Xəlil bəyə göndərdiyi teleqramında belə bir mövqe ortaya qoydu: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu səbəbdən mümkün olsa, “çibanı kökündən təmizləmək” ən xeyirli iş olacaqdır. Bu mümkün olmadığı təqdirdə Ermənistanın çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir”. Ənvər paşa da mayın 27-də Batum konfransındakı Osmanlı hərbi nümayəndəsi Mehmet Vehib paşaya göndərdiyi teleqramında buna bənzər bir mövqe ortaya qoymuşdu. Lakin Xəlil bəy Menteşə gürcü və azərbaycanlılar kimi erməni dövlətinin yaradılması mövqeyində israr edir və ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsinin vacib olduğunu bildirirdi. O, sədrəzəmə göndərdiyi teleqramında qeyd edirdi ki, siz Ermənistanı Bolqarıstanla müqayisə etməyin. Bolqarıstan Türkiyəyə qarşı düşmənçilik edəndə arxasını Avropaya söykəyir. Ermənistan isə şərqdə Osmanlı və Azərbaycan dövlətləri arasında bir ada kimi sıxışıb qalacaqdır. Onun Bolqarıstan kimi mövqeyə sahib olmasına imkan verilməyəcək.

– Azərbaycanlılar niyə təkid edirdilər ki, erməni dövləti yaradılsın?

– Onlar öz mövqeyini əsaslandıraraq bildirirdilər ki, əgər bölgədə üç – gürcü, müsəlman və erməni kantonları yerinə yalnız iki – gürcü və müsəlman dövlətləri yaradılarsa, o zaman Cənubi Qafqazda və xüsusilə də ultimatumda tələb edilən, Osmanlı dövlətinə birləşdiriləcək ərazilərdə olan böyük erməni kütləsi Azərbaycana axışacaq. Bu da Azərbaycana faktiki olaraq daha böyük qırğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik bir ərazidə ermənilərin milli dövlətlərini yaratmaq və onları ora cəm etmək lazımdır. Bu məsələ ilə bağlı Azərbaycan nümayəndələri 1918-ci il mayın 23-də Batumdan Ənvər paşaya yazılı bir müraciət də göndərdilər. Müraciətnamənin sonuna Azərbaycanın Batum sülh konfransındakı nümayəndələri olan Məhəmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), Aslan bəy Səfikürdski, Əhməd Cövdət Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və Xəlil bəy Xasməmmədov imza atmışdılar. Bu müraciətnamənin göndərilməsindən bir gün əvvəl – mayın 22-də Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu da Tələt paşaya və Ənvər paşaya eyni məzmunlu bir müraciətnamə göndərmişdilər. Lakin Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılmasına tərəfdar olsalar da, bu dövlətin Aleksandropol (Gümrü) mərkəz olmaqla yaradılmasına çalışırdılar. Xəlil bəy Menteşə də erməni dövlətinin Aleksandropol mərkəz olmaqla yaradılması ideyasına dəstək verirdi. Bu zaman Aleksandropol artıq türklər tərəfindən tutulduğu üçün ermənilər İrəvan mərkəz olmaqla erməni dövlətinin yaradılması məsələsini gündəliyə gətirdilər. İndi türklər yeni yaranan erməni dövləti üçün siyasi mərkəz olaraq ya Aleksandropolu ermənilərə verməli və bu şəhərlə bağlı irəli sürdüyü tələbindən geri çəkilməli, ya da İrəvanı müsəlmanlardan alıb onlara verməli idilər. Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək fikrini belə qəbul etməyən türklər ikinci varianta üstünlük verdilər. Bundan sonra, mayın 30-da erməni milli şurası tərəfindən Ermənistanın müstəqilliyi elan edildi.

– Erməni dövləti hansı əraziləri əhatə edirdi?

– Batum konfransının qərarlarına görə, yeni yaradılan Ermənistan Respublikası cəmi 9 min kvadrat kilometr əraziyə malik olmaqla, Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Bura Yeni Bayazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla) əraziləri daxil idi. Bu ərazilərdə cəmi 321.000 nəfər əhali yaşayırdı ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi.

– Vasif müəllim, Zaqafqaziya Seymi dağılan kimi gürcülər öz müstəqilliklərini elan etdilər. Nə üçün Azərbaycan nümayəndələri gürcülər kimi dərhal Azərbaycanın müstəqilliyini elan etmədilər, iki gün sonra elan etdilər?

– Mayın 26-da saat 15-də Zaqafqaziya Seymi dağıldı, gürcülər dərhal iclasa toplaşdılar və saat 17-də Gürcüstanın müstəqilliyini elan etdilər. Hələ mayın 25-də Azərbaycan nümayəndələri gürcülərin istiqlaliyyət elan edəcəkləri təqdirdə adekvat addım atmaqla bağlı qərar qəbul eləsələr də, bu addımı atmadılar. Buna səbəb Gəncədən alınan məlumatlar idi. Bu məlumatlarda qeyd olunurdu ki, artıq Gəncədə öz qərargahını qurmuş Nuru paşa Azərbaycanın qurtuluşunun yeganə yolu kimi onun Türkiyəyə ilhaq edilməsi mövqeyindən çıxış edir. Buna görə də müsəlman fraksiyası Gəncədəki vəziyyəti aydınlaşdırandan sonra yekun qərar qəbul etmək qərarına gəldi. Osmanlı yardımı olmadan elan edilmiş müstəqillik yalnız kağız üzərində qalacaqdı. Gəncədən alınan son məlumatlar isə o qədər də ürəkaçan olmadı, burada bildirilirdi ki, Nuru paşa daha çox ilhaq mövqeyindən çıxış edir. Bununla belə, uzun müzakirələrdən sonra Azərbaycan Milli Şurası Osmanlı dövlətinin və Nuru paşanın mövqeyindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini elan etmək və son damla qanına kimi bu müstəqilliyi qorumaq qərarına gəldi. Beləcə, 1918-ci il mayın 28-də axşam saat 8-də Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi və 6 bənddən ibarət İstiqlal Bəyannaməsini qəbul etdi. Bununla da, XIX əsrin əvvəllərində itirilmiş Azərbaycan dövlətçiliyi 100 illik bir fasilədən sonra bərpa edilmiş oldu. Azərbaycan Milli Şurası ölkənin müstəqilliyini elan etməklə yanaşı, ölkəyə Osmanlı hərbi yardımının təmin edilməsi istiqamətində də əməli addımlar atdı. İyunun 1-də Batum konfransındakı Azərbaycan nümayəndələri hərbi yardım üçün Osmanlı hökumətinə müraciət etdilər. Elə həmin gün bu müraciət müsbət cavablandırıldı. Bununla da, Osmanlı qoşunlarının Azərbaycana yeridilməsi üçün hüquqi zəmin yaradıldı. Türkiyə və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusu Azərbaycan ərazilərini erməni-bolşevik alyansının qüvvələrindən təmizləyə-təmizləyə 1918-ci il sentyabrın 15-də Bakı şəhərini azad etdi və şəhər Azərbaycanın paytaxtına çevrildi.

– Elmi ədəbiyyatda qeyd olunur ki, XI Qızıl Ordu ilə birgə Azərbaycana Xəlil paşa da gəlmişdi. Qızıl Ordunun müqavimətsiz ölkəyə daxil olması səbəblərindən biri kimi də bu fakt qabardılır.

– Xəlil paşa, Ənvər paşanın yaşca özündən kiçik əmisi, Kut-ül Amara qəhrəmanı, həmçinin 1918-ci ilin yayında Qafqaz İslam Ordusunun da tabe olduğu Osmanlı Şərq Orduları qrupunun rəhbəri idi. O, Azərbaycana bağlı bir şəxs idi. Lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsində məğlub olduqdan sonra Türkiyədə başlanan Anadolu hərəkatı Antantaya qarşı mübarizədə Sovet Rusiyası ilə yaxınlaşmaq və ondan yardım almaq yolunu tutmağa məcbur oldu. Əldə edilmiş razılığa görə Türkiyə Azərbaycanda olan türk nüfuzundan istifadə edib, Azərbaycanın sovetləşdirilməsinə yardım etməli və bütün Qafqazın Rusiya tərəfindən işğalını qəbul etməli, bunun qarşılığında isə Moskva hökuməti Anadolu hərəkatına hərbi və maliyyə yardımları verməli idi. Bununla bağlı Xəlil bəy öz xatirələrində qeyd edir ki, bu zaman Kazım Qarabəkir paşadan belə bir şifrə aldım: “Sizin, Ənvər və Nuru paşaların indi əsas vəzifəniz Sovet idarəsini türk hüduduna qədər çatdırmaq olmalıdır. Bu yolda çalışmaq lazımdır, əks təqdirdə hərəkət edilərsə, bu başqalarının durumuna yarayacaqdır”. Təbii ki, Xəlil paşa da Anadolu hərəkatının qərarına uyub sovet idarəsini türk hüduduna çatdırmaq, yəni Azərbaycanı sovetləşdirmək işində öz töhfəsini verdi. Anadoluya getmək adı altında Azərbaycana daxil olan, ilk cərgələrində əsir türk zabit və əsgərlərinin olduğu XI ordu 23 aylıq mövcudiyyətindən sonra Azərbaycan Cümhuriyyətini süquta uğradıb ölkəni işğal etdi. Bu zaman Rusiyanın əsl məqsədinin nə olduğunu çox gözəl anlayan Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin əlində bir alətə çevrilən Xəlil paşa və digər Anadolu nümayəndələrinə müraciət edərək deyirdi: “Etməyin, bizi öz halımıza buraxın. Yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər”. Lakin Xəlil paşa və digər Anadolu nümayəndələri Rəsulzadənin bu müraciətlərinə qətiyyən məhəl qoymadılar.

1905.az