Firudin Kərimov: “Sadə ermənilər bizə düşmən münasibəti ruhunda tərbiyə olunub və bizimlə birgə sakit yaşayacaqlarını ağıllarına belə gətirmirlər” Firudin Kərimov: “Sadə ermənilər bizə düşmən münasibəti ruhunda tərbiyə olunub və bizimlə birgə sakit yaşayacaqlarını ağıllarına belə gətirmirlər”

Partiya sədri: “İnsanlarda partiyalara inam azalıb”

Firudin Kərimov: “Sadə ermənilər bizə düşmən münasibəti ruhunda tərbiyə olunub və bizimlə birgə sakit yaşayacaqlarını ağıllarına belə gətirmirlər”

Qorqud Partiyasının sədri Firudin Kərimov AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Firudin bəy, Qorqud Partiyası hazırda hansı istiqamətdə fəaliyyət göstərir: Partiyanın nə qədər üzvü var?

- Əksər partiyalar kimi Qorqud partiyasının da fəaliyyəti bu gün zəifdir. İnsanlarda partiyalara inam azalıb. Həm də maddi vəziyyət insanlara partiya fəaliyyətində fəal iştirak etməyə mane olur. Partiya üzvlərinin sayının hesabı aparılmamışdır.

- Partiyalar arasında münasibətlər nə yerdədir?

- Ümumiyyətlə partiyalar arası əməkdaşlığa yaxşı baxırıq və ümumi mənafe naminə lazım gəldikdə eyni cəbhədən çıxış edirik. Lakin bizim partiyanın özünün, digər partiyaların ideologiyalarından fərqli ideologiyası olduğu üçün, adətən hadisələrə ayrılıqda münasibət bildiririk.

- Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Şuşada keçirilən qurultayın əhəmiyyəti nə idi: Ermənistan hansı nəticəni çıxarmalıdır?

- Şuşa şəhərində keçirilmiş Dünya azərbaycanlılarının Zəfər Qurultayını çox əhəmiyyətli hesab edirəm. Bu qurultay dünyadakı bütün azərbaycanlıları bir daha sıx birləşdirdi, bizim vahid yumruq olduğumuzu göstərdi. Təəsüf ki, Ermənistan hələ öz məkrli planlarından əl çəkməmişdir və bu baxımdan onların hələ ki real şəraitlə razılaşacağını gözləmirəm. Çünki qonşularımızın da bəziləri bu sülhə razı deyillər.

- ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması ilə bağlı açıqlama yayıb. Eyni zaman da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya səfəri zamanı bir qrup erməni təxribata əl atıb. Bu cür addımlara münasibətiniz necədir?

- ABŞ prezidenti Co Bayden bu il də "soyqırım" kəlməsini işlətdi və bununla da Türkiyənin geopolitik ərazidə artan nüfuzunu qəbul etmək istəmədiyini göstərdi. Qorqud partiyası bu haqda öz etiraz münasibətini partiyamızın səhifəsində bildirdi. Bildiyimiz kimi, ABŞ Prezidenti Co Bayden 24 aprel 1915-ci il ermənilərlə bağlı münaqişə haqda danışarkən bu il də “soyqırım” sözünü işlətdi. Əvvəlki ABŞ prezidentləri bu ifadəni işlətmədiyi halda Co Bayden artıq ikinci ildir ki, bu hadisələrə qeyri-obyektiv yanaşaraq qardaş Türkiyəyə qarşı qərəzli mövqeyini bildirir. ABŞ kimi nəhəng dövlət son vaxtlar belə xırda münaqişələri qabartmaqla, sürətlə inkişafda olan Türkiyəni nüfuzdan salmağa çalışır. Təbii ki, bunun heç bir mənası yoxdur və bütün dünya bunun əsl siyasi mahiyyətini anlayır. Özünü demokratiyanın, haqq-ədalətin carçısı kimi aparan ABŞ-ın bu qərarı qəti qəbuledilməz və qərəzlidir. Qorqud partiyası olaraq biz Co Baydenin Türkiyəyə qarşı apardığı bu siyasəti qəti pisləyirik və ABŞ prezidentini obyektiv olmağa çağırırıq. Uruqvay səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna bir qrup erməninin təxribat şüarları qəbuledilməz haldır və bu bizim düşmənlərimizin səviyyələrini göstərir.

- Azərbaycanın sülh təklifinə Ermənistanda da adekvat yanaşmaların şahidi oluruq. Sizcə, Ermənistan erməni cəmiyyəti Azərbaycanla sülhə hazırdırmı?

- Bu gün ermənilər artıq Azərbaycanın qüdrətinə bələddirlər. Gələcəkdə keçiriləcək regional layihələrdən kənarda qalmaq istəməzlər. Buna görə müsbət yanaşmalar var. Lakin bunu istəməyən qonşuların təsiri bu yaxınlaşmaya mane olur. Düşünürəm ki, Ermənistan siyasi qüvvələri bizimlə sülhə hazır deyil. Daha doğrusu sadə ermənilər bizə düşmən münasibəti ruhunda tərbiyə olunub və bizimlə birgə sakit yaşayacaqlarını ağıllarına belə gətirmirlər. Bu səbəbdən siyasi qüvvələr də onlarla razılaşmalı olurlar.

- Qorqud Partiyası Azərbaycanın atdığı addımları, proseslərə yanaşmasını necə qiymətləndirir?

- Azərbaycanın bu istiqamətdə atdığı addımları şəraitə uyğun müsbət hesab edirəm.

Şəbnəm Zahir