Elşad Musayev: “Açıq görünür ki, nə Ermənistan hakimiyyəti və cəmiyyəti, nə də vasitəçi olan Rusiya yekun razılaşmaya hazır deyil” Elşad Musayev: “Açıq görünür ki, nə Ermənistan hakimiyyəti və cəmiyyəti, nə də vasitəçi olan Rusiya yekun razılaşmaya hazır deyil”

“Rusiya mövcudluğunun Qarabağda qalmasında maraqlıdır ”- Elşad Musayev

Elşad Musayev: “Açıq görünür ki, nə Ermənistan hakimiyyəti və cəmiyyəti, nə də vasitəçi olan Rusiya yekun razılaşmaya hazır deyil”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Elşad bəy, əvvəlcə sədrlik etdiyiniz partiyanın hazırkı fəaliyyətindən danışıq. Böyük Azərbaycan Partiyası hansı istiqamətdə fəaliyyət göstərir?

- Siyasi partiyaların daha fəal dövrü adətən seçkilər dönəmində olur. Digər vaxtlar cari fəaliyyəti, təşkilatlanmanı, seçkilərə hazırlaşmanı, gündəm dəyərləndirilməsini və reaksiya bildirilməsini, proqram və planların xalqa çatdırılmasını və s. əhatə edir. Bizim indiki cari fəaliyyətimiz də bu yöndədir.

- Siyasi partiyalar arasında əməkdaşlıq edirsinizmi?

- Hələlik heç bir partiya ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur, amma bir sıra partiyalarla məsləhətləşmələrimiz, yeri gələndə vahid mövqedən birgə çıxışlarımız olur. 44 günlük Vətən müharibəsində isə həm əksər partiyalarla, həm də hakimiyyətlə əməkdaşlığımız oldu.

- Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ikinci dəfə üçüncü tərəfin iştirakı olmadan erməni həmkarı Ararat Mirzoyanla telefonda danışdı. Hesab etmək olarmı ki, artıq Azərbaycan və Ermənistan bundan sonra proseslərin həlli istiqamətində vasitəçi olmadan davam edəcək?

- Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında vasitəçilər olmadan danışıqların baş tutması müsbət haldır, bundan sonra ikili görüşmələrin davam etməsi istisna deyil. Amma bu o demək deyil ki, problem bununla həll olunacaq. Açıq görünür ki, nə Ermənistan hakimiyyəti və cəmiyyəti, nə də vasitəçi olan Rusiya yekun razılaşmaya hazır deyil.

- Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Sülh danışıqlarından gözləntiniz nədir?

- Birgə işçi qrupla bağlı ermənilərin iki gün vaxtları qalıb. Hətta işçi qrupu təqdim etsələr belə Azərbaycanın beynəlxalq hüquqa uyğun olan beş prinsipin yerinə yetirilməsinə yuxarıda da qeyd etdiyim kimi Ermənistan hazır deyil.

- Rusiyadan da sülhə dair müsbət mesajlar verilir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə də təyin edilib. Moskva əldə edilmiş anlaşmaların icrasını sürətləndirə bilərmi?

- Rusiya sülhə maraqlıdır, amma problemin həll olunmasına maraqlı deyil. Rusiya əvvəlki kimi problemin dondurulmasına və öz mövcudluğunun Qarabağda qalmasında maraqlıdır .

Düzdür, münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edib, amma bu heç nəyi dəyişmir və imitasiya xarakteri güdür. Moskva nəinki Brüsseli qabaqlamaq, əksinə Brüsseldəki razılaşmalar əngəlləmək xəttindədir. Ermənistan rəhbərliyi də Paşinyanın timsalında Rusiyadan təhlükəsizlik, Avropa İttifaqından isə maliyyə qarantı almaq ümidiylə prosesi uzatmaq arzusundadır.

- Partiya sədri kimi Azərbaycanın bu proseslərə yanaşmasını, atılan addımları necə qiymətləndirirsiniz?

- Azərbaycan beynəlxalq hüquqa uyğun, düzgün addımlar atır. Son nəticədə də danışıqlar yolu ilə problem çözülmədikdə, hərbi yolla problemi həll edəcəyik.

Şəbnəm Zahir