“Azərbaycanın amalı partiyanın davamlı nailiyyətlərinin əsas təməlidir” - Səadət Müslümova

Partiya sədri: “Ermənistan anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər”

“Azərbaycan Mübarizləri” Partiyasının sədri Səadət Müslümova AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.

- Səadət xanım, “Azərbaycan Mübarizləri” Partiyası hazırda hansı istiqamətdə fəaliyyət göstərir? Hədəfləri nələrdir?

- “Azərbaycan Mübarizləri” Partiyası iqtidar yönümlü partiyadır, hər zaman düzgün siyasi hədəflər, xalqın maraqlarını əks etdirən fəaliyyət göstərir. Azərbaycanın amalı partiyanın davamlı nailiyyətlərinin əsas təməlidir.

- Azərbaycanla Ermənistan arasında birgə sərhəd komissiyasının, sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Sizcə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına necə baxır?

- Ermənistanda anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar.
Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Ermənistan hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir.

- Prezident İlham Əliyevin cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı baş tutdu. Konfransın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Ölkə başçısı konfransda bir çox ciddi məqamlara toxundu. Qeyd etdi ki, 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu. Beynəlxalq dəstəyə gəldikdə, təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Görülən bütün işləri öz hesabımıza görürük. Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik ki, bizə prosesi sürətləndirməyə kömək etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır.

Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq. Əlbəttə ki, bu, ədalətsizlikdir. Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim yaşadığımız dünyadır. Bununla belə, kiminsə bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq.

- Partiya sədri kimi Azərbaycanın atdığı addımları necə qiymətləndirirsiniz?

- Bu gün düşmən tapdağından azad edilmiş tarixi torpaqlarımızda bərpa-quruculuq işlərinin geniş vüsət alması da Azərbaycan dövlətinin möhkəm təmələ əsaslanan siyasətinin nəticəsidir. “44 günlük Vətən müharibəsi” bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Tarixi Zəfərimizin yaratdığı xoş əhval-ruhiyyə şəraitində, Qarabağımızın cənnətməkana çevrildiyi, mədəniyyət paytaxtımız olan gözəl Şuşanın müxtəlif rəngarəng tədbirlərə evsahibliyi, uğur salnaməmizdə yeni səhifələr açacaq dövlətlərarası sənədlərin imzalanmasına şahidlik etdiyi, işğaldan azad olunmuş ərazilərimizə xarici aviauçuşların təşkil olunduğu, ölkədaxili avtobus reyslərinin açıldığı və sair nailiyyətlərin sevincini yaşadan Müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin laiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin təməlidir.

Şəbnəm Zahir