Abutalıb Səmədov: “Vasitəçi olan tərəf Ermənistana ciddi təzyiq göstərmək imkanına malik olmalıdır” Abutalıb Səmədov: “Vasitəçi olan tərəf Ermənistana ciddi təzyiq göstərmək imkanına malik olmalıdır”

“Rusiya Ermənistana bizə lazım olan təzyiqi göstərə bilər”- Partiya sədri

Abutalıb Səmədov: “Vasitəçi olan tərəf Ermənistana ciddi təzyiq göstərmək imkanına malik olmalıdır”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Abutalıb bəy, öncə Azərbaycan Naminə Alyans Partiyasının hazırkı fəaliyyətindən danışaq.

- Azərbaycan Naminə Alyans Partiyasının hazırkı fəaliyyəti daha çox KİV-də təbliğat işini qurmaq və partiyanın nüfuzunu, onun ətrafında toplaşan insanların sayını artırmağa yönəlib.

- Hazırda siyasi partiyalar arasında dialoqu, əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Siyasi partiyalar arasında dialoqun olduğunu hiss etmirəm. Müəyyən cəhdlər ola bilər. Ancaq dialoqdan, əməkdaşlıqdan danışmaq qeyri-mümkündür. Hər partiya öz fəaliyyətini daha çox təkbaşına qurmağa üstünlük verir. Hər hansı blokları yaratmaq cəhdləri də hiss olunmur.

- Bu günlərdə Ermənistanda keçirilən aksiyaların məqsədi nədir?

- Paşinyan öz adından deməyə cəsarət etməsə də, Qərbin mövqeyi kimi bəyan etdi ki, biz Qarabağın müstəqilliyindən imtina etməliyik və Azərbaycanın ərazi bütövlüyünü qəbul etməliyik. Ermənistandakı aksiya bu bəyanata etiraz olaraq başladı. Aksiyaların məqsədi budur ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Qarabağ müstəqil olmalıdır, əsas məqsəd budur. Əslində Paşinyanın o bəyanatı və Qərbin mövqeyi bizi daha çox hiddətləndirməlidir. Çünki Azərbaycan hakimiyyəti birmənalı şəkildə deyib ki, Qarabağa heç bir status verilməyəcək.

Qərb mövqeyini ortaya qoyur ki, Qarabağın müstəqil olması qeyri-mümkündür. Ancaq Qarabağın Azərbaycanın tərkibində ən yüksək status almasını tələb kimi ortaya qoymaq olar.

Bu bizi qətiyyən qane etmir. Buna qətiyyən imkan vermərik. Ancaq qəribədir ki, mənim müəyyən çıxışlarımı nəzərə olmasaq, Azərbaycanda buna etirazlar olmadı. Hətta qələbə kimi qəbul olundu ki, ermənilər geri çəkilirlər. Əslinə qalsa geri çəkilməkdən söhbət getmir.

Qarabağ ermənilərinin müstəqilliyi mümükünsüzdür. Bunu ermənilərdən başqa hər kəs anlayır. Ancaq Qarabağ üçün Qərbin ən yüksək status tələb etməsi bizi kifayət qədər narahat etməlidir. Hər kəs ortaya mövqe qoymalıdır. Lakin elə ki, tələb Qərbdən gəlir, çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyəti susmağa üstünlük verirlər.

- Rusiya Azərbaycanla-Ermənistan arasında davamlı sülhün olmasında maraqlıdırmı?

- Rusiyanın məqsədi bölgəni nəzarətdə saxlamaqdır. Bunu dekabrın sonunda NATO və ABŞ-a müraciətdə qoyduğu tələblərdə açıq şəkildə göstərdi. Söylədi ki, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna mənim təsir zonamdır. Bu əraziyə heç kim müdaxilə etməməlidir. Təbii ki, bu bizi ciddi şəkildə narahat edir. Ancaq reallıq bundan ibarətdir ki, hələki Qərb Rusiyanın öz təsir zonası saydığı ərazilərə fəal müdaxilə etməkdən çəkinir. Ancaq Rusiya onu da başa düşür ki, regionda sülh təmin olunmalıdır. Bunu ya Rusiya etməlidir və yaxud bir qədər sonra Avropa İttifaqı. Aİ-nın son zamanlar kifayət qədər fəallaşıb. Bu reallıqlarla hesablaşan Rusiya istəyir ki, sülh sazişi onun vasitəçiliyi ilə imzalansın. Təşəbbüsü Aİ-na vermək istəmir. Bu baxımdan mən güman edirəm ki, Rusiya sülh danışıqlarını sürətləndirmək və sülh sazişini imzalamaq üçün əlindən gələni edəcək. Burada bizim bir üstünlüyümüz var ki, Qərbdən fərqli olaraq, Rusiya bu danışıqları Türkiyənin iştirakı ilə aparır.Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda görünməyən tərəf Türkiyədir. Bunu əksər müşahidəçilər və dövlət rəsmiləri etiraf edirlər.

- Sülh danışıqlarından gözləntiniz nədir?

- Sülh danışıqlarının çox ağır keçəcəyini düşünürəm. Çünki mövqeylər həddindən artıq fərqlidir.Kiçik bir güzəştin Ermənistanda hansı etirazla qarşılandığı göz qabağındadır. Ancaq Ermənistanın ciddi güzəştlər etməsinə ehtiyac var. Əks halda sülh sazişinin imzalanması mümkün deyil. Azərbaycan öz mövqeyindən çəkilə bilməz. Ona görə də fikrimcə, sülh danışıqları uzun sürəcək. Burada mütləq vasitəçi olan tərəf Ermənistana ciddi təzyiq göstərmək imkanına malik olmalıdır. Sülh sazişində nəzərdə tutulanlar Ermənistana məcburən qəbul etdirilməlidir. İndi ortada iki vasitəçi var. Avropa İttifaqı və Rusiya. Aİ-nın Ermənistan təzyiq göstərmək imkanı varmı? İqtisadi təzyiq imkanı var, ancaq bu təzyiq Ermənistanı ciddi güzəştlərə məcbur edə bilməz.

İkinci vasitəçi Rusiyadır ki, onun Ermənistana hər cür təzyiq göstərmək imkanı var. Çünki Qarabağda rus sülhməramlıları, Ermənistanda Rusiyanın hərbi bazası var. Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyadan asılıdır. Mən vasitəçinin Rusiya olmasında maraqlıyam. Rusiya Ermənistana bizə lazım olan təzyiqi göstərə bilər. Digər mühüm məqam Rusiyanın yanında Türkiyənin olmasıdır. Bizim üçün ən əlverişli variant budur. Paşinyanda xalqına bunu izah edə bilər. Necə ki, 10 noyabr bəyanatını izah edə bildi. Rusiyanın mövqeyi ermənilər üçün həlledici əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti ötən il iyunun 22-də bəyan etmişdi ki, Azərbaycanla Rusiya arasında Qarabağ münaqişəsinə münasibətdə fikir ayrılığı yoxdur. Bu çox ciddi amildir.

- Partiya sədri olaraq Azərbaycanın bu proseslərə mövqeyini, məsələnin həlli yollunda atılan addımları necə qiymətləndirirsiniz?

- Azərbaycan danışıqlar prosesində mövqeyini açıq şəkildə ortaya qoyub. 5 baza prinsipini təklif edib. Onun üçü beynəlxalq hüquqa, ikisi Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatlara əsaslanır. Azərbaycanın mövqeyi kifayət qədər güclüdür, Azərbaycan haqlıdır. Azərbaycanın yanında güclü müttəfiqi var. Rusiyada həm müharibə dövründə, həm də sonrakı dövrdə Azərbaycan-Türkiyə ittifaqını seçdiyini açıq şəkildə göstərdi. Güman edirəm ki, Azərbaycanın qoyduğu tələblər əasasında sülh sazişinin imzalanması bir il ərzində mümkün ola bilər.

- 9 May faşizm üzərində Qələbə Günü kimi qeyd olundu. Bu tarixin qeyd edilməsinə qarşı çıxanlar da var. Sizin buna münasibətiniz necədir?

- 9 may Qələbə Günü faşizm üzərində qazanılan böyük qələbənin qeyd olunduğu gündür. Bu qələbə naminə Azərbaycan minlərlə övladını qurban verib. Vətəndaşlarımız arxa cəbhədə bu qələbə naminə gecə-gündüz çalışıb, əllərindən gələni ediblər. Faşizm üzərində qələbədə Azərbaycanın müstəsna rolu var. Bu təkcə Rusiyanın qələbəsi deyil. Ona görə hesab edirəm ki, bu günü biz də öz qələbəmiz kimi qeyd etməliyik. İkinci dünya müharibəsində həlak olan dəyərli həmvətənlərimizin , arxa cəbhədə fədakarcasına çalışan insanlarımızın xatirəsi naminə qeyd etməliyik.

Bütün dünyaya da bəyan etməliyik ki, faşizmin kökünün kəsilməsində həll edici rol oynayanlardan biri də azərbaycanlılardır. Biz qətiyyən bu gündən imtina edib, bunu rusların bayramı kimi qələmə verənlərə haqq qazandırmamalıyıq.

Ancaq mən düşünürəm ki, 9 may qeyri-iş günü olmamalıdır. Azərbaycanda qeyri-iş günlərinin sayı kritik həddə çatıb. Dünyada orta statistik bayram günlərinin sayı 12-14 gündür. Azərbaycanda isə 21 gün. Hər istirahət günü iqtisadiyyata zərbədir. Ümumidaxili məhsulun azalmasına gətirib çıxaran, ölkənin iqtisadi gücünün azalmasına bir səbəbdir. Bayram günləri, qeyri- iş günləri azaldırılmalıdır. Bayram günlərində xüsusən bir həftəni əhatə edən bayramlarda insanların istirahəti də düşünülməlidir.Bu gün Azərbaycanda istirahət yanlız imkanlı adamlar üçün nəzərdə tutulub. Turizm obyektlərində yanlız imkanlı adamlar istirahət edə bilirlər.Yerdə qalan əsl zəhmətkeşlər bayram günləri evdə oturmaqdan başqa yol tapa bilmirlər. Ucuz, hər kəsin imkanına uyğun obyektlərin sayı artırılmalıdır.

- Rusiya Prezidenti V. Putin hərbi paraddakı çıxışında bildirib ki, Rusiya ordusu Donbassda xalqın və vətənin təhlükəsizliyi üçün döyüşür. Rusiya-Ukrayna müharibəsinin sonunu necə görürsünüz?

- Rusiya Ukraynada işğalçılıq müharibəsi aparır. Rusiya həm də Azərbaycan üçün çox ciddi təhlükədir. Rusiyanın Ukraynada zəifləməsi Azərbaycanın maraqlarına cavab verir.

Hazırda bu müharibənin sonu görünmür. Ukrayna Qərbdən gələn kömək hesabına Rusiyanı işğal olunmuş ərazilərdən vurub çıxara biləcəkmi? Çox istəyərdik ki, Ukrayna bunu edə bilsin. Ancaq bu mənə real görünmür. Düşünürəm ki, hadisələr Ermənistan Azərbaycan müharibəsində 90-cı illərdə baş verən hadisələrə doğru gedir. Ermənilər Azərbaycanın Rusiyanın fəal iştirakı ilə 20% torpaqlarını işğal etdi. İndi Rusiya Ukrayna ərazisini işğal edir. Bundan sonra irəli gedə bilməsədə , o işğal olunmuş əraziləri əlində saxlamağa çalışacaq. Güman edirəm ki, yaxın illərdə bu torpaqları azad etmək mümkün olmayacaq. Hələ bu müharibədə çox qanlar töküləcək. Arzu edirəm ki, Rusiya o qədər zəifləsin ki, işğal etdiyi ərazilərdən çıxmaq məcburiyyətində qalsın. Ancaq təəssüf ki, bunun yaxın illərdə baş verəcəyinə inanmıram.

Şəbnəm Zahir