"Məsələ media ictimaiyyəti ilə müzakirə olunmalıdır"- Müşfiq Ələsgərli ilə MÜSAHİBƏ

Dünən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunması barədə müzakirələr aparılıb. Təkliflər media ilə bağlıdır. Bu yöndə AzNews.az-ın suallarını Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Cənab Ələsgərli, ötən il Azərbaycanda "Media haqqında qanun" qəbul edilmişdi. İnzibati Xətalar Məcəlləsinə edilməsi təklif olunan bu dəyişikliklər həmin qanunla inzibati xətalar məcəlləsinin uyğunlaşdırılmasıdırmı?

- Bəli, dəyişikliklər üçün nəzərdə tutulan təkliflər, məsələlər əslində "Media haqqında qanun"da və jurnalistlərin peşə fəaliyyəti kodeksində öz əksini tapmışdı. Xüsusilə də burda şəxslərin təqsirlizliyinin qorunması, jurnalist fəaliyyətinə mane olmamaq və s. kimi hallar indiyə qədər də həm bizim qanunvericiliyimizdə, həm də peşə fəaliyyəti kodeksində öz əksini tapmışdı. Amma bunların pozulacağı hallarda tətbiq ediləcək cərimələr, sanksiyalar ya yox idi, ya da simvolik xarakter daşıyırdı. Bu məqamda çıxış edərək deyə bilərik ki, cərimələrin ya olmaması ya da simvolik xarakterdə olması bu cür halların baş verməsini situmullaşdırırdı.

- Təkliflərdə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verməməyə, habelə informasiya qaynağının qorunması ilə bağlı müddəalar da öz əksini tapıb. Bu müddəalar jurnalist peşəkarlığının artmasına necə təsir göstərəcək?

- Jurnalist fəaliyyətinə mane olma halları ilə dəfələrlə qarşılaşmışıq. Elə 2022-ci ildə də bu yöndə insidentlər, hadisələr baş verib. Bu halların olmaması, ən azından minimuma endirilməsi vacibdir. Bu baxımdan hesab edilir ki, təklif edilən əlavə və düzəlişlər bu cür hallara qarşı mübarizəni intensivləşdirəcək.

- Cinayət Məcəllənin 163-cü maddəsində "jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə" əməli sanksiyaya məruz qalır. Ancaq Azərbaycan praktikasında jurnalistə təkcə bu şəkildə təzyiq göstərilmir. Məcəllədə dəyişiklik edilirsə, bu halları tam əhatə etmək olmazmı?

- Bunlar əslində biraz fərqli məsələlərdir. Jurnalistin informasiya almaq fəaliyyətinə maneə yaratmaq, yaxud cavablandırmamaq bir neçə formada təzahür edə bilər. Tutaq ki, jurnalist sorğu verirsə, cavab vermirsənsə, yaxud qarşısını kəsib informasiya almağa qoymursansa bu inzibati xətadır. Bununla birgə jurnalistin fəaliyyətinə kobud şəkildə müdaxilə etmək, informasiya almasına kobud formada maneə yaratmaq halları var. Əlavə olaraq hansısa xəsarət yetirmək, təhqir etmək, aşağılamaq və s. bunlar artıq adi inzibati xəta deyil, Cinayət Məcəlləsi ilə tənzimlənən məsələlərdir. Bunların biz qismi, yəni, yüngül formada olanlar Mülki və İnzibati Məcəllə, ağır olanlar isə Cinayət Məcəlləsi ilə tənzimlənir.

- Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında təklif olunan dəyişikliklərin növbəti müzakirəsi zamanı media nümayəndələrinin də iştirakı gözlənilirmi?

- Bu olduqca arzu edilən haldır. "Media haqqında qanun" hazırlanarkən geniş ictimai müzakirələr aparıldı və bu müzakirələr ümumi işə çox fayda verdi. Media ictimaiyyəti qanunda nələrin nəzərdə tutulduğunu onun hansı mexanizmlə işləyəcəyini bildilər. Eyni zamanda özlərinin təkliflərini verərək bu qanunun daha da demokratikləşməsinə təsir göstərdilər. Hesab edirik ki, bu çox güclü praktika idi və artıq Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi onun formalarını bilir. Bu baxımdan çox arzu edilərdi ki, bu təkliflərin müzakirəsində media ictimaiyyətinin, xüsusilə jurnalist təşkilatlarının, Mətbuat Şurası və digər qurumlarının iştirakı təmin olunsun. Bu həm media ictimaiyyəti, həm qanunun uğurlu olması, həm də ümumilikdə Azərbaycan cəmiyyəti üçün çox faydalı olar. Tövsiyyə edərdik ki, Milli Məclis o praktikaya yenidən müraciət etsin.

- Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə görə 3500 manatadək cərimə tətbiq edilməsi nəzərdə tutulur. Bu cümlənin məbləği yüksək deyilmi? Bunu azaltmaq mümkündürmü?

- Nəzərdə tutulan məbləğ hüquqi şəxslər üçün, redaksiyalar üçün cərimələr müvafiq olsa da, fiziki şəxslər, yəni jurnalistlər və digərləri üçün imkansız məbləğ kimi görünə bilər. Əslində biz parlamentdə ictimai müzakirənin keçirilməsini və media ictimaiyyətinin fikrinin alınmasını ona görə məqbul sayırıq ki, qanunvericilikdə deyildiyi kimi, tərtib edilən cərimə qarşı tərəfin vəziyyətinə adekvat olmalıdır. Yəni onun imkanlarını aşmamalıdır. Bu baxımdan çox arzu edilən olardı ki, parlament məcəlləyə edilməsi təklif olunan dəyişiklərin müzakirəsi və cərimələrin məbləğinin təyin edilməsi məsələsində media ictimaiyyəti ilə ümumi müzakirə keçirib sonra onu qanunvericiliyin tələbi formasına salsınlar. Yəni bu da əslində hazırda danışılan, müzakirə olunan və müzakirəsi vacib olan hallardan biridir. Hesab edirik ki, ümumi rəyi nəzərə aldıqdan sonra bu məbləğ uyğunlaşdırılmalıdır.

Rəşid Qarayev,

AzNews.az

QEYD: Müsahibə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.