Həvəskar balıq ovunun yasaqlanmasına alimlər nə deyir? -MÜSAHİBƏ

Nazirlər Kabinetinin qərarına əsasən, 1 may-30 iyun tarixlərində ölkədə həvəskar balıq ovuna qadağa qoyulub. Nazirlər Kabineti bu moratoriumu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AMEA-nın təklifi ilə tətbiq edir. Həvəskar ovçular isə göstərilən dövrdə ov balıqların kürü tökmədiyini bildirirlər. Məsələni AMEA-nın Zoologiya institutunun aparıcı elmi işçisi Süleyman Süleymanov şərh edir. Onunla müsahibəni təqdim edirik:

- Cənab Süleymanov, Azərbaycanda ən çox ovlanan balıqlar, məsələn, çəki, şirbit, külmə və başqa balıqlar hansı dövrdə kürü tökürlər?

- Balıqların kürüləmə prosesi müxtəlif vaxtlara təsadüf edir. Adətən yırtıcı balıqlar yanvar ayından, yırtıcı olmayanlar isə mart ayından etibarən kürüləməyə başlayır. Kürüləmə prosesinə suyun temperaturu da təsir edir. Əgər yazın gəlişi gecikirsə, balıqların kürüləmə prosesi də gecikir. Buna əsasən də deyə bilərik ki, mart ayından kürüləmə prosesi başlayır. Həmin dövrdə də balıq ehtiyatına zərər gəlməməsi üçün kürüləmə vaxtında balıq ovunun qadağan olunması məqsədəuyğundur. Bu zaman lisenziyanın olub-olmamasının heç bir önəmi yoxdur. Kürüləmə prosesi zamanı balıq ovu ilə məşğul olmaq həm balıqları, həm də onların daxilindəki kürüləri məhv edir. Bu o deməkdir ki, bu balıqların gələcəkdə sayı azalacaq.

- Verilən qərarla bağlı həvəskar balıq ovu ilə məşğul olanlar öz narazılıqlarını bildirirlər. Onlar qeyd edirlər ki, bu qadağa respublikanın bütün su hövzələrinə yox, balıqların kürüləmə yerinə və dövrünə görə spesfik xüsusiyyətlər nəzərə alınmaqla qoyula bilərdi. Bu barədə nə düşünürsünüz?

- Hər bir həvəskar balıq ovçusuna 5 kq-a qədər ov icazəsi verilir. Təsəvvür edin ki, hər hansı bir kanalda həvəskar şəxslər balıq ovlayır. Bu vaxt da balıqların kürüləmə dövrü hesab olunur. Ovlanan balıqların çoxu kürü tökənlərdir. Buna görə də verilən qərar məqsədəuyğundur. Bütün balıqlar çoxsaylı deyil. Həmin dövr ərzində azsaylı balıqlar da ovlana bilər. Elə balıqlar var ki, "Qırmızı kitab"a düşüb. Bu balıqları ovlamaq onların kökünü kəsmək deməkdir. Bu məqsədlə Xəzərdə kürüləmə prosesində olan balıqların ovu dayandırılıb.

- Həvəskar balıq ovu ilə məşğul olanlar Xəzər dənizi sahilində onlar üçün xüsusi zona ayrılmağını istəyirlər. Onlar təklif edir ki, orada sənaye məqsədi ilə, tor və digər vasitələrlə balıqların ovlanması daimi qadağan edilsin.

- Bununla bağlı həvəskar balıq ovçuları üçün xəbərdarlıq olunur. Onlar daha çox qırmaqlardan istifadə edirlər. Onlara ov üçün nəzərdə tutulmuş atma torlardan istifadəyə icazə verilmir. Bəzi təmiz ərazilərdə onların balıq ovu ilə məşğul olmaqlarına icazə verilir. Bu icazə də Xəzər ətrafında müəyyən məsafəyə qədər olan ərazilərə şamil olunur.

- Həvəskar balıq ovu ilə məşğul olan şəxslərin fəaliyyəti balıqların kütləvi şəkildə azalmasına təsir edirmi?

- Xeyr. Bu kütləvi şəkildə balıqların məhv olmasına təsir edə bilməz. Sadəcə məqsədə nail olmaq üçün həmin prossesdə balıq ovu ilə məşğul olmamaları yaxşı olar. Məsələn, dənizdən kanallar vasitəsilə kürüləməyə gedən balıqların ovlanması məqsədəuyğun deyil. Onlar daha çox Kiçik və Böyük Qızılağac körfəzində kürüləməyə gedirlər.

- Balıqların öz kürülərini əsasən hansı ərazilərdə tökür?

- Keçici və yarımkeçici balıqlar var. Keçici balıqlar Kür vasitəsilə kürüləməyə miqrasiya olunurlar. Yarımkeçici balıqlara misal olaraq çapaq, külməni göstərmək olar. Bir də dəniz balıqları var. Bu gün Xəzər dənizinin səviyyəsi aşağı düşərsə, bu, dənizdə yaşayan balıqlar üçün problem yaratmayacaq. Həmin balıqlar dənizdə yaşayıb dənizdə də kürüləyir. Ən çətin proses yarımkeçici balıqlar üçün hesab olunur. Dəniz səviyyəsi aşağı düşdükdə sahildən uzaqlaşır. Bitki örtükləri susuz yerdə qaldıqları üçün quruma prosesi gedir. Balıqlar da bitki örtüklərinin üzərinə kürüləyirlər. Bu da problem yaradır.

- Bu qərarı bütün növ balıqlara deyil, müəyyən nəsli tükənən balıqlara şamil etmək olar?

- Azsaylı balıqların ovuna icazə verilmir. Zoologiya İnstitutunda yeni bir kitab nəşr olunub. Bu kitab hansı balıqları ovlamamağımıza dair bilgiləri özündə əks etdirir. Bu balıqların ovuna cərimə tətbiq olunur. Hər hansı şəxs "Qırmızı kiitab"a düşmüş balığı ovlasa, 275 manat, əgər qoruqda ovlasa 3 dəfə artıq məbləğdə cərimə olunur.

- Bəs, kürütökmə prossesi balıqların dadına necə təsir edə bilir?

- Əlbəttə ki, təsir edir. Balıqlar kürüləyəndə qidalanma prosesini dayandırırlar. Yaxşı qidalanmadıqlarına görə də balıqlar zəifləyir. Bu da onların dadına təsir göstərir. Kürüləmədən sonra onlar aktiv qidalanma prosesinə keçid edir. Xəzər dənizində qızıl balığın bir neçə populyasiyası var. Ən böyük populyasiya Kürə girənlərdir. Bu balıqlar Kürdə kürüləyəndən sonra məhv olur. Amma Xəzərin Qızıl balığı digər yerlərə - Lənkəran, Xaçmaz tərəflərə keçib kürüləyəndə məhv olmur.

Ayan Rzayeva,

AzNews.az