Sevinc Muğanna: "Çox istəyərdim ki, İsa Muğannanın əsərləri ingilis dilinə tərcümə edilib xaricdə yayımlansın" Sevinc Muğanna: "Çox istəyərdim ki, İsa Muğannanın əsərləri ingilis dilinə tərcümə edilib xaricdə yayımlansın"

"Qibləgahımın da, onun cəfalı Firuzəsinin də ruhu şaddır" - MÜSAHİBƏ

Sevinc Muğanna: "Çox istəyərdim ki, İsa Muğannanın əsərləri ingilis dilinə tərcümə edilib xaricdə yayımlansın"

İyunun 12-də müasir Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Hüseynovun (Muğanna) doğum günü idi. Onun anadan olmasının 95-ci ildönümü tamam oldu. Bu münasibətlə yazıçının qızı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynli (Muğanna) ilə əlaqə saxladıq.

AzNews.az müsahibəni təqdim edir:

- Sevinc xanım, əvvəla İsa Muğanna ilə bağlı təəssüratlarınızı bölüşməyinizi istəyərdik. Bir ata kimi xatirələrinizdə necə qalıb?

- İsa Muğanna mənim üçün kimdir? Mən bunu həmişə demişəm və deyirəm ki, ata hər bir övlad üçün doğmadır, əzizdir, onun arxasıdır, dayağıdır. Bir sözlə hər şeyidir. Ancaq mən həmişə bütün bunlardan əlavə olaraq atamı qibləgahım adlandırmışam. Atam qibləgahımdır, yalnız işıqdan ibarət olan sehrli aləmimdir. Mən düşünürdüm ki, atam ölümsüzdür, əbədidir. Ona heçnə ola bilməz. Elə bil ki, biz onunla ruh əkizi idik. Bütün fikirlərimiz, həyata baxışımız, insanlar haqqında düşüncələrimiz, sanki bir-birimizlə eyni idi. Natəvan Dəmirçioğlunun atamın 90 illik yubileyində dediyi bir sözü heç yadımdan çıxmaz: “Pirim, peyğəmbərim”. Mən atama elə yanaşırdım. Yəni o mənim sitayiş yerim, pənah yerim idi. İndinin özündə də tək mən yox, övladlarım da ona elə ümid yeri kimi baxırlar. Biz onun həyatda olmadığını hiss etmirik. Cismani olaraq olmadığını hiss edirik, ancaq ruhən o bizim içimizdədir, yanımızdadır, bizimlə bərabər yaşayır, sevinir, kədərlənir.

- Ədəbiyyatımızda İsa Muğanna yaradıcılığı necə bir yer tutur?

- 60-cı illər nəslinin bütün ağırlığını, çəkisini öz çiyinlərində daşıyan, xalqın yaddaşında, xatirəsində, ürəyində dünya miqyaslı yazıçıdır. Bunu tək mən demirəm, bu mənim sözüm deyil . Bu bizim çox məşhur ədəbiyyatşünas alimlərimizin, yazıçılarımızın, şairlərimizin, ədəbiyyat aləminin sakinlərinin sözüdür ki, mən onu təkrar edirəm. İsa Muğanna əsrdə bir dəfə yaşayan sənətkarlarımızdandır.

- Bu gün İsa Muğannaya layiqincə qiymət verildiyini, fəaliyyətinin kifayət qədər dəyərləndirildiyini düşünürsünüzmü?

- Atama göstərilən sevgi, hörməti deyərdim ki, çox görürəm, duyuram. Təbii ki, hamı sevə bilməz, sevməyənlər də var. Amma əksəriyyət 80-90% xalqın arasında onu sevildiyini hiss edir, duyur, görürəm. Bu mənim ən böyük təsəllimdir. Böyük arzum idi ki, İsa Muğanna dünya miqyasına çıxarılsın, tanıdılsın. Sovet dönəmində əsərləri rus dilinə tərcümə olunub. Ancaq çox istəyərdim ki, ingilis dilinə tərcümə edilib xaricdə yayımlansın. Türk dünyasında müəyyən qədər tanınır, amma Avropa ölkələrinə çıxması ən böyük arzumdur.

- Danılmaz faktdır ki, İsa Muğanna yaradıcılığı əvəzsizdir. Ailənizdə necə, özünü ədəbiyyata həsr edən İsa Muğanna davamçısı varmı?

- İsa Muğanna davamçısı var. Bu, qızımdır. Qızım Səma Muğanna Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. 16 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv seçildi. Verdikləri dəstəyə, dəyərə görə çox hörmətli Anar müəllimə, Rəşad müəllimə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm ki, güvənib, inanıb onu hamımızın məbəd saydığı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul etdilər.

- Son olaraq ana kimi yox, bir oxucu olaraq qızınızın fəaliyyəti ilə bağlı fikirləriniz maraqlıdır.

- Bir ana olaraq deyil, bir oxucu olaraq deyə bilərəm ki, Səma göstərilən bu etimadı doğruldur. Onun cəmi 17 yaşı var, ancaq yaşının az olmasına baxmayaraq atamın fəlsəfi fikirləri, düşüncələri, kosmik aləmə bağlılığı, yaradıcılığında olan mistika qarışıq reallıq Səmanın yaradıcılığında da özünü göstərir. Səmanın oxucuları mənim bu sözlərimi təsdiq edə bilər. Buna görə də əminliklə deyirəm ki, qibləgahımın ruhu şaddır, sevinc içindədir. Onun cəfalı Firuzəsi də həmçinin. Bilirəm ki, indi göylərdən bizə baxıb gülümsəyirlər.

Rəşid Qarayev,

AzNews.az